Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Gürcüstan parlamentinin binasında ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. Eyni vaxtda Salome Zurabişvili Gürcüstan prezident iqamətgahını tərk edib. Bundan sonra o bəyan edib ki, legitimliyi özü ilə aparacaq. Bu barədə eks-prszident keçirdiyi brifinqə danışıb. "Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə aparıram. Xalq olmayan yerdə legitimlik yoxdur. Mən sizinlə birlikdə olacağam" - deyə, S.Zurabişvili əlavə edib.
Salome Zurabişvili doğru addım atdımı? İqamətgahı tərk etməsəydi nəyisə dəyişə biləcəkdimi? Artıq Gürcüstanda hər şeyin bitdiyini söyləmək olarmı?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Zurabişvilinin bir müddət müqavimət göstərəcəyi və prezident iqamətgahını tərk eləməyəcəyi güman olunurdu: "Ancaq aydın idi ki, uzun müddət müqavimət göstərmək mümkün olmayacaqdı. Çünki nə hərbi qüvvələrdən, nə güc strukturlarından Zurabişvilini aktiv müdafiə eləyən oldu, nə də xalq gözlənilən böyük etirazı nümayiş etdirmədi. Yəni Zurabişvilinin bir az da kütləvi etirazlara ehtiyacı var idi ki, daha qətiyyətli mövqe tutsun. Görünür, xalqdan o dəstəyi hiss eləmədiyi üçün müqavimət göstərmədən iqamətgahı tərk etmək qərarına gəldi və legitimliyi özü ilə apardığını bəyan elədi. Bundan sonra nə baş verəcək? Yaranmış mənzərədən görünür ki, hökuməti yenidən seçkiyə getməyə məcbur etmək mümkün olmayacaq və gürcü xalqı seçkinin nəticələrini tanıyacaq. Bu hadisələr bir daha nümayiş etdirdi ki, hakimiyyəti xalq - söhbət prezidentdən gedir - kifayət qədər müdafiə eləməsə və müdafiə kifayət qədər kütləvi şəkildə ifadə olunmasa onların qətiyyətli mövqe tutması çətin olur. Və son nəticədə “legitimliyi” özləri ilə aparıb kənara çəkilmək məcburiyyətində qalırlar. Bundan sonra Qərbin, ilk növbədə ABŞ-ın tutacağı mövqe də əhəmiyyət daşıyır. Ancaq çox güman ki, elə də ciddi nəticələr baş verməyəcək. Son nəticədə “Gürcü Arzusu” iqtidarı öz arzusuna çatacaq. Bundan gürcü xalqı nəsə qazanacaqmı? Bu sualın cavabı birmənalı deyil. Bunu yaxın zaman göstərəcək”.
Etibar SEYİDAĞA,
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ