İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezident seçkisinə hazırlaşır - bu tarixdə...

Seçki qonşu ölkədə siyasi gərginliyi daha da alovlandıracaq

Gürcüstan parlamenti prezident seçkisinin keçirilmə tarixini təsdiqləyib. Parlamentin 85 üzvü səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. Qərarın lehinə 80 deputat səs verib, əleyhinə səs qeydə alınmayıb. Seçkilər 14 dekabrda, andiçmə mərasimi isə 29 dekabrda keçiriləcək.

Gürcüstanın yeni prezidenti seçicilər kollegiyası tərəfindən 5 il müddətinə seçiləcək.

Spiker Şalva Papuaşvili parlamentin iclasında bildirib ki, hazırkı prezident Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır.

Qeyd edək ki, bu ildən Gürcüstanda prezident xalq seçkiləri yolu ilə deyil, parlament üzvlərinin də daxil olduğu seçicilər kollegiyası tərəfindən müəyyən ediləcək.

Gürcüstanda son parlament seçkilərindən az müddət keçir və hələ də gərginliklər davam edir. Parlament seçkilərindən istifadə edib ölkəni qarışdırmağa və hakimiyyət dəyişkiliyinə nail olmağa çalışan Qərb dairələri istəklərini reallaşdıra bilmədilər. Ancaq yenə də gürcü xalqının azad iradəsini zorlayaraq, ölkəni qarışdırmaq planlarından geri çəkilmirlər. Qərb nəyin bahasına olur-olsun vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Müxalifət meydanlardan çəkilmir. Belə bir vəziyyətdə keçiriləcək prezident seçkisi yanan alovun üzərinə benzin tökmək effektini verə bilərmi? Bu seçkidə yeni prezidentin  sonuncu parlament seçkilərinin qalibi olmuş “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi şəxs olacağı ehtimalı yüksəkdirmi?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri hakim partiyanın qələbəsi ilə çatsa da bu qələbə müxalifət və Qərb tərəfindən qəbul olunmur: “Müxalifət müxtəlif dövrlərdə çoxsaylı etiraz aksiyaları reallaşdırıb, amma bu aksiyalar hələlik hökumətin mövqeyinə hansısa ciddi təsir etməyib. Hər iki tərəf öz mövqeyində israrlıdır və kompromisə getmək istəyi nümayiş etdirilmir. Hakim partiya artıq konstitusiyadakı boşluqdan istifadə edərək yeni parlamentin ilk iclasını keçirib və prezident seçkisinin vaxtını müəyyən edib. Düşünürəm ki, müxalifətin nə qədər etiraz etməsinə baxmayaraq, yeni parlamentdə Gürcüstanın növbəti prezidenti seçiləcək. Artıq hazırkı prezident Salome Zurabişvili xeyli dərəcədə öz mövqeyini həm də ictimai rəydə zəiflədib. Gürcüstan prezidenti birbaşa siyasi proseslərdə iştirak etməməli olduğu halda faktiki olaraq müxalifətə başçılıq etməklə hakim partiyaya savaş açdı, eyni zamanda seçkinin nəticələrini şübhə altına aldı. Bu da hakim partiya ilə onun arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi və olan-qalan iplər də qopdu. Növbəti prezident hakim partiyaya, xüsusilə də partiyanın qurucusu Bdzina İvanişviliyə yaxın şəxs olacaq. Belə bir şəxsi prezident seçəcəklər. Həmin prezident qarşıdakı müddətdə sələfi Zurabişvilinin səhvini təkrar etməyəcək şəxs olacaq. Prezident seçkisi təbii ki, tərəflər arasında gərginliyi daha da artıracaq. Amma hesab edirəm ki, Gürcüstan hökuməti öz mövqeyində israrlı qalacaqsa və ictimai rəy də indiki kimi olacaqsa, müxalifətin prezident seçkisində də uğur qazanacağı ehtimalı yüksək deyil. Gərginlik artsa da etirazlar getdikcə səngiyəcək. Gürcüstan cəmiyyətinin özü uzunmüddətli siyasi gərginliyə və ölkə daxilində siyasi toqquşmalara çox da meylli deyil. Yeni prezident seçiləndən və öz vəzifəsinin icrasına başladığı dönəmdən az sonra ölkədə etiraz aksiyaları sönməyə başlayacaq”.    

Azad MƏSİYEV

Azad Məsiyev

Politoloq Azad Məsiyev isə bildirdi ki, üç Cənubi Qafqaz respublikasında gedən proseslərin qlobal müstəvidə təhlilini aparmaq daha dəqiq olardı: "Dünyada baş verən hadisələr Cənubi Qafqaza təsirlərini göstərir. Qərblə Rusiya arasında savaş gedir. Bu savaşın bir əsas mərkəzi Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdadır. Qərb koalisiyası bölgəni tamamilə öz təsiri altına almaq istəyir. Bununla Rusiyanın cənub cinahını bağlamaq istəyirlər. Gürcüstandakı 26 oktyabr parlament seçkilərinin nəticələri Qərbin planına çox ciddi zərbə vurmuş oldu. Seçkidən sonrakı bütün cəhdlərə baxmayaraq ABŞ və Qərb koalisiyası Gürcüstanda vəziyyəti öz planlarına uyğun dəyişə bilməyiblər. İndi qarşıda prezident seçkisi gəlir. Lakin nəzərə alsaq ki, seçkini, əvvəllər olduğu kimi, xalq səsverməsi deyil, parlament həyata keçirəcək, bu o deməkdir ki, parlamentdə çoxluqda olan ”Gürcü Arzusu" Partiyası istədiyi namizədi prezident seçə biləcək. Xalq səsverməsi olsaydı da, məncə, hakim partiyanın namizədi çox səs alardı. Sadəcə olaraq, xalqın səsverməsi ilə keçirilən seçkilərdə ölkədə siyasi gərginliklər, küçə etirazları yaratmaq daha asan olur. Parlament seçkiləri kimi uzunmüddətli hazırlıqlar və siyasi aktivliklə keçən seçkilər Gürcüstanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilmədisə, parlamentdə keçirilən prezident seçkisi də Qərbin, müxalifətin istədiyi nəticəni verə bilməyəcək. Seçkinin nəticəsinə müxalifətin müəyyən etirazları təbii ki, olacaq və Qərb dairələri bu etirazlarda yenə katalizator rolunu oynayacaq. Maydan hərəkatını təkrarlamağa çalışacaqlar. Ancaq nəticələr yenə də parlament seçkilərindən sonrakı nəticələrdən o tərəfə keçməyəcək".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR