İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan müxalifətinin “nənə”si

İndiki  gürcü müxalifəti Azərbaycanın müxalif düşərgəsindən fərqli (fərli) deyil-mandat qazanan   koalision təşkilatlarını bir-birlərini bəyənməyən  liderlər idarə edir, səs çoxluğu qazansaydılar belə, çətin ki,  birgə hökumət qura bilərdilər

Gürcüstan müxalifəti oktyabrın 28-də axşam “demokratiyanın nənəsi”, “inqilabçı qadın” roluna iddialı 72 yaşlı Salome Zurabişvilinin çağırışı ilə meydanlara yığışıb, sonra da gözlənildiyi kimi sakit şəkildə dağılışıblar.

Müxalifətin əsas tələbi ölkədə bu dəfə Mərkəzi Seçki Komissiyasının deyil, “beynəlxalq seçki administrasiyasının”(BMT egidası altında belə  seçkilər adətən, silahlı qarşıdurmalar olan Afrika ölkələrində keçirilir) rəhbərliyi altında yeni seçkilərin keçirilməsi olub. Zurabişvili bəyan edib ki, onunla bu gün telefonla danışıan bəzi ölkə liderləri seçkilərin nəticələrinin tanımadıqlarını deyiblər, amma o, konkret adlar çəkməyib. 

Screenshot_2.png (856 KB)

6-cı ildir ki, ölkə prezidenti olan Zurabişvilinin  səlahiyyətlərində müəyyən məhdudiyyətlər və formallıqlar var,  amma o,  Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.   Ali Baş Komandanın müxalifətçiliyi absurd kimi görünür, amma faktdır. Fransaya köçmüş gürcü mühacirlərinin nəslindən olan bu qadın haqda ötən il “Gürcüstanda bir qadının “qiyamı”” başlıqlı  yazım da var.  Simpatiya doğurmayan tipdir. 2018-də Prezident seçkisi kampaniyasında hakim “Gürcü Arzusu”nun birinci turda ona ciddi dəstəyi yox idi. Lakin  ikinci turdakı dəstəyi həlledici oldu. İndi peşmandırlar, bu dəstəyi impiçmentə çevirmək istəyirlər, amma alınmır. 

 ***

akciya-protesta-v-tbilisi-1.jpg (224 KB)

Seçkilərdə 5 faizlik baryeri keçən “Dəyişikliklər Koalisiyası”, “Milli Hərəkatın Birliyi” və “Güclü Gürcüstan” koalisiyaları və bir partiya “Gürcüstan üçün Qaxariya”  Zurabişvili ilə görüşdən sonra hələ almadıqları mandatlarından imtina ediblər, amma bu parlamentin işini, yəni yeni hökumətin qurulmasını  bloklamaq üçün kifayət deyil. Gürcüstan qanunları ilk dəfə olaraq tam proporsional (partiya, seçki blokları  siyahısı ilə)keçirilən bu seçkilərdə mandatlar göydən düşməyib, ölkənin siyasi həyatında iştirak etmək üçün də parlamentdən güclü meydan yoxdur, yəni Gürcüstanda mandatın(cəmi 150) ağrlığı və cəlbediciliyi çoxdur. Ona görə, bəzi gürcü ekspertləri bu imtina məsələsində hələ mövqe dəyişikliyi olacağını deyirlər.         

***

“Gürcü Arzusu”nun ötən seçkilərdə 82 mandatı vardı, indi isə 89 deputat yeri əldə ediblər. Parlamentin işə başlaması üçün yadımda qaldığı qədər 72 deputat  kifayətdir .Yeni parlament toplanana qədər baş nazir İrakli Kobaxidzenin kabineti öz səlahiyyətlərini  davam edəcək. Konstitusiyaya görə yeni seçilmiş parlamentin ilk iclası seçkilərin nəticələrinin rəsmi elan edilməsindən ən geci 10 gün sonra keçirilir və onu prezident təyin edir. Baş nazir isə bəyan edib ki, yeni seçilmiş parlamentin iclasını Zurabişvili təyin etməsə belə, keçirəcəklər. Yəni noyabrın ortalarında “Gürcü  Arzusu” hökumət başçısını və nazirləri  təsdiq üçün deputatlara təqdim edəcək. Bu baxımdan, müxalifətin  mandatdan imtinasının arxasındakı məna hələ ki, anlaşılan deyil.   

İndi keçək əsas mətləbə.  Gürcüstandakı siyasi düşərgələrdəki durumla dərindən maraqlanda bəlli olur ki, gürcü müxalifəti Azərbaycanın müxalif düşərgəsindən fərqli (fərli) deyil, mandat qazanan   koalisiyalara bir-birlərini bəyənməyən liderlər idarə edir.  Ona görə səs çoxluğu qazansaydılar belə, çətin ki, uğurlu koalision hökumət qurcaqdılar. Qursaydılar da,  tezliklə dağılışacaqdılar, ölkədə siyasi böhran yaranacaqdı. Yeri gəlmişkən, Azərbaycan müxalifətinin iki lideri də Gürcüstanda olub, seçkiləri müşahidə edib, yəqin gürcü həmkarlarının məğlubiyyətinin əsl səbəblərini də indi onlardan yaxşı anlayan yoxdur...  

***

Oktyabrın 28-dəki mitinqə çağırış edənlərdən biri də “Milli Hərəkatın Birliyi”dən sabiq prezident Mixail Saakaşvili idi. Zurabilşvili onun hökumətində xarici işlər naziri olub. Amma üç ilə yaxındır prezident səlahiyyətlərindən istifadə edib, onu həbsdən buraxmaq üçün əfv etmir. Səbəbini soruşduqda da  deyib ki, Saakavşili hakimiyyəti dövründə cinayətlər edib və gürcü xalqı onu bağışlamadığı üçün o da sabiq prezidenti əfv edə bilməz. Saakaşvili isə deyir ki, Zurabişvili Qərbi dəstəklədiyi görüntüsünü yaradır, əslində ikiüzlülüdür, İvanişvilinin kuklasıdır, Gürcüstanla müharibə zamanı hətta Rusiyanı  dəstəkləyib.Bir neçə ay əvvəl bu qarşılıqlı ittihamlarla çıxış edənlər indi xalqı meydanlara səsləyirsə, onların səmimiyyətinə az adam inanır. 

6d5f27f2db3eeac0b66256185aa03b77.jpg (114 KB)

 8 faizədək səs toplayan “Gürcüstan üçün Qaxaria”nın lideri Giorgi Qaxaria ümumiyyətlə, bu düşərgəyə yad adamdır.  Əsas siyasi karyerasını “ Gürcü Arzusu”nun bayrağı altında keçirib. 2016-cı ildə iqtisadiyyat naziri, 2017-ci ildə daxili işlər naziri, 2019-cu ildə isə baş nazir olub. DİN rəhbəri olan vaxt müxalifətə qarşı sərt  əmrləri ilə seçilib. 2021-ci ildən  müxalifətə keçib,  partiyasını qurub və  uğur qazana bilib. Onun da parılamenti boykot edən və ya küçə inqilablarına səsləyən müxalifətin “quyruğunda” sonadək gedəcəyinə inam azdır.     

 

***

tass_75297319_1.jpg (92 KB)

 Müxalifətin məğlubiyyətinə daha ciddi səbəblər də var.  Məsələn, bu seçkilərdə bir neçə dəfə vahid siyahı ilə iştirak etməyə cəhd ediblər, amma şəxsi və siyasi ambisiyaları onları ayrı-ayrı koalisiyalarda seçkilərə getməyə  vadar edib. Müxalifətin birliyi olmayan seçkilərdə bu seçici üçün çəkindirici faktordur, amma əsas deyil. İkincisi, faktlar göstərir ki,  müxalifət seçkilərdə əsas təbliğatı mühafizəkar(həm də dindar) gürcülərin qəbul etmədiyi Avropa Birliyinə üzvlük, onların “dəyərləri” üzərində qurublar ki, bu, artıq ciddi cəkindirici faktordur. Üçüncüsü, müxalifət  “Avropa Birliyi üzvlüyü, yoxsa “Rusiyapərəstlərin əsarəti” kimi o qədər də inandırıcı olmayan təbliğatdan başqa, seçiciyə xüsusi proqram təqdim etməyiblər. “Gürcü Arzusu” isə müxalifətin fikirayrılığından,  dağınıqlığından, Avropa Birliyi, Qərbpərəst siyasət təbliğatından uğurlu əks-təbliğat qurub. “Gürcüstanı Qərbin istəyi ilə Ukraynaya çevirmək istəyirlər”, “Rusiya ilə yenidən qarşıdurma yaratmaq niyyətləri var” , “ölkəyə gürcülər üçün qəbuledilməz olan LGBT paradları gətirməyi planlaşdırırlar ” kimi indiki vaxtda seçici üçün həssas olan məqamları qabardıblar. Başqa səbəblər də var, amma əsas budur ki, gürcü seçicisi stabilliyə, dinc yaşamağa səs verib, “Avropa Birliyi və Qərb dəyərləri”  deyib bağıranları,  yenə müxalifətə göndərib.  

Screenshot_1.png (652 KB)

Gürcü müxalifəti məğlubiyyətlə əlbəttə ki, barışacaq. Bu aksiyalarda qarışıqlıq cəhdləri də olacaq, qan da tökülməsi istisna deyil. Qərb də başa düşür ki,   Gürcüstan yaxın 4 il üçün öz seçimini edib, geriyə yol yalnız qanuni hakimiyyəti zor gücünə devirməkdir.    

Screenshot_3.png (218 KB)

...İndi dünya  5 noyabrdakı o  seçkiləri gözləyir. Hələ orada nələr olacağını isə Allah bilir...  

 Nazim SABİROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR