Onlayn ictimai-siyasi qəzet
“Adam da Yeni il tətilində, qışda Batumiyə gedər? Batumininki yaydır”. Hələ oktyabr ayında yeni ili keçirmək üçün Batumiyə endirimli bilet almaq qərarı verəndə çoxundan bu cümləni eşitdim. Kimsə qışda Batumiyə getmirmiş. Olsun, qoy Batuminin ilıq qışını da yaşayaq, görək. Heç kim üçün Amerikanı yenidən kəşf etməyəcəm bu yazıda, çoxunuz getmisiz. Getməyənlər də Batumini internetdən, blogerlərin videolarından qarış-qarış gəzə bilərlər. Mənsə 5 günlük Batumi səfərimdə gözümə, diqqətimə, ruhuma nələr təsir etdi, onu sizinlə paylaşacam.
SAAKAŞVİLİNİN TURİZM CƏNNƏTİNƏ ÇEVİRDİYİ ŞƏHƏR
Əslindəsə Batumi demək bir yandan sahil boyu uzanan Qara dəniz çimərlikləri, digər tərəfdə isə yamyaşıl dağ meşələri, onların arasında isə Qafqazın incisi deməkdir. Şərabsevər üçün gözəl şərab, dənizsevər üçün təmiz və sakit dəniz, qumarbaz üçünsə fəaliyyəti leqallaşdırılmış kazino və qumarxanalardır. Seç seçə bildiyini. Mən sakitliyi seçdim. Yeni il ərəfəsində hansısa ölkəyə səfər etmək xaosdan dəvətnamə almağa bənzəyir. Səs-küy, qələbəlik, aeroportlarda basabas, gecikmə, restoranlarda növbələr... Hə, bunların hamısını yaşadıq, restoranlardakı növbə xaricində. Buna sonra qayıdacam...
Gəlmədən öncə hava durumuna baxmışdıq. İki gün yağış göstərirdi. Amma nə yağış – vedrədən tökülürcəsinə. Və dəqiqələr boyu davam edən... İqlim etibarilə belədir Batumi, sürpriz sayılmazdı. Amma küçələrdə sakitlik idi, çox da tərcih edilməmişdi turistlər tərəfindən. Ötən ilki yeni il tətilimdə Tiflisi seçdiyimdən gözüm qorxmuşdu. Düşünün ki, həmin vaxt Tiflis az qala balaca Ermənistanı xatırladırdı. Hər kafedə, hər restoranda, böyük alış-veriş mərkəzlərində qəbilə kimi gəzən axçilər, haylar var idi. Minmişdilər maşınlarına, keçmişdilər quru sərhədi və gözəlim Tiflisdə bayram zövqü yaşayırdılar. Oturduqları restoranda da bizim kimi azərbaycanlıların olduğunu bilən kimi erməni mahnılarını sıra ilə sifariş edib, meydandan çıxmırdılıar. Ən azı yeni il gecəsində Tiflisin mərkəzi restoranlarından birində rəqs meydanı az qala döyüş meydanını xatırladırdı. Borçalıdan gələn bir qrup gənclə erməni ailələr rəqabətə girmişdi rəsmən. Bizimkilər “Dilimizdə bir şüar var, yaşa Azərbaycan! Səni dünya tanıyır birbaşa Azərbaycan!” mahnısına barmaqları ilə bozqurd işarəsi göstərib oynayan kimi, ermənilər də özlərinin mahnılarını sifariş edib, girirdilər meydana. Kim daha çox milli mahnısını sifariş edib oynayacaq, kim meydanda daha çox qalacaq. Gürcü işbazın da nə vecinə? Hər sifariş üçün pulunu alır, mahnını ifa edirdi. Ta ki, rəqabət qızışana qədər... Bizimkilər “Noldu Paşinyan?” mahnısına oynamaq istəyəndə restoran sahibi anladı ki, vəziyyət şuluqdUr. Aldı mikrafonu və dedi ki, “gəlin, əylənək, dava çıxacaq yoxsa. Bayram günü bura polis gəlməsin”.
Amma Batumi elə idimi? Yox. Sakitlik, daha çox Türkiyədən, elə Gürcüstanın ayrı-ayrı şəhərlərindən gələn turistlər, adda-budda ərəblər, bir də biz azərbaycanlılar. Küçələr tərtəmiz, zibil maşınları gün ərzində fasiləsiz çalışır, qədim abidələri, Əli və Nino heykəli, bulvarı, dəniz sahili, əzəmətli otelləri, tarixi məkanları ilə zəngin bir şəhər. Hazırda türmədə çürütdükləri eks prezidentləri Saakaşvilinin turizm cənnətinə çevirdiyi şəhər son bir neçə ildə daha da böyüyüb, gözəlləşib. Türkiyəli, azərbaycanlı iş adamlarının ticarət obyektləri, restoranlar, mağazaların sayı artmaqda davam edir.
GÜRCÜLƏRİN “ABLA, YEMƏK YEYƏCƏNMİ?” SUALI – ŞOK, ŞOK, ŞOK!
Batumidə ən çox diqqəti çəkən isə oranın türk məhəlləsi oldu. Sanki kiçik İstanbula qədəm qoyursan. Məsciddən azan sədaları gəlir. Antalya Fast Food, İstanbul Kebab, Ankara Köfte... Say-say bitmir, nə qədər restoran var. Xidmət də ki, mükəmməl. Adamlar xidmət, turizm sektorunun əlifbasını bildikləri üçün turisti də sürətlə özünə çəkirlər. Bir var gedib bir gürcü restoranında 10 ədəd xəngəl üçün 55 dəqiqə gözləyəsən, bir də var türk restoranına girib, yemək sifariş verəndən 5 dəqiqə sonra nuş etməyə başlayasan. Adamlar masa arxasında yerini rahatlayan kimi çörəyini-suyunu, göy-göyərtini, salatını artıq masaya qoyurlar. Sən bir dilim pomidoru ağzına qoymadan dumanı üstündə yemək də gəlir qabağına. Belə bir müqayisəli şəraitdə 55 dəqiqə bir xəngəli, 40 dəqiqə bir acarulini gözləməyə dəyərmi? Məncə, yox. Amma səbri bol, qurman zövqü isə yüksək olanlar gözləyə bilər. Üstəgəl, gürcü ofisiantdan yeməyin niyə bu qədər gec gəldiyini soruşanda da üzlərində gürcü knyazlarına məxsus o təkəbbür ifadəsi ilə “yemək incə işdir, tələsmək olmaz” tipli fəlsəfə uydururlar. Amma bu məhəllədə ən çox sevdiyim nə oldu? Gürcü satıcıların bülbül kimi türkcə danışmaları. Restoranlarda, suvenir mağazalarında, qəlyan yerlərində gürcü işçilərin “Abla, yemək yeyəcənmi?”, “Neye bakmışdınız, yardımçı olayımmı?” cümlələrini eşitmək o qədər xoş idi ki. Mənim uşaqlıq illərim Gürcüstanda keçib, bir gürcünün rusca danışmasının necə çətin ərsəyə gəldiyini bilirəm. İndi isə illərdən 2025, gürcü satıcı türkcə danışır. Təəccüblənməyim də, nə edim?
Amma yazının girişində qeyd etdiyim restoran məsələsi. Təsəvvür edin, Batumidə dekabrın 31-nə orta səviyyəli restoran-kafelərdə yeni il gecəsi keçirmək mümkün deyildi. Çünki adamlar saat 6-dan restoranı bağlayıb, evlərinə gedirdilər. Bu cavab qarşısında turistlərin şoka girmiş sifətini görəndə isə deyirdilər ki, bəs “bizim bir həyatımız var, bayramda işləmək olmaz”. Əslindəsə ötən il Tiflisdə yanvarın 4-ə qədər alış-veriş mərkəzlərinin bağlı olduğunu görəndən sonra buna təəccüblənməməliydim. Hə, Batumidə bütün məkanlarmı yeni il gecəsi işləmirdi? Xeyr, işləyirdi. Pulun varsa, lüks otellərin restoranlarına baş çəkə bilərdin: birnəfərlik yeni il menyusu bizim pulla 300 manat civarında idi. Bir də türkiyəli iş adamlarına məxsus restoranlar. Full rezervasiya, full xidmət... Seçim bütün hallarda vardı.
BOTANİKA BAĞINDA UKRAYNALILARA GİRİŞ PULSUZDUR...
Yuxarıda da yazmışdım. Batumi deyəndə çoxunun ağlına çimərliklər, diskotekalar, kazinolar gəlir. Amma təbiət, tarixi məkanlar, abidələr, şəlalər diqqətinizi çəkirsə, seçiminiz var. Batumi ətrafında o qədər maraqlı şəlalələr, tarixi körpü və qalalar, ecazkar təbiət mənzərələri var ki... Elə təkcə Batumi Botanika Bağına getmək kifayətdir ki, təbiətə bir daha aşiq olasan. Adamlar bağı bağ kimi saxlayıblar. Daha bizim kimi botanika bağından betonika bağı düzəltməyiblər. Ağacların başında mandarin, portağal, limon...
Dərə də bilərsən, özünlə apara da. İri ərazisi, ekzotik ağacları, sakitliyi insanı özünə heyran edirdi. Hə, bir də qapıda bilet alıb keçəndə soruşurdular ki, hansı ölkədən gəlmisiz? “Azərbaycan” deyəndə cavab verirdilər ki, bəs Ukraynadan gəlmiş olsaydız, bilet pulsuz olacaqdı. Çünki Ukrayna vətəndaşlarına bu ölkədə bir çox güzəştlər var. Təqdirəlayiq aksiyadır. Amma yadıma Gürcüstanı ağ günə çıxarmış eks prezidentləri Saakaşvilini hələ də türmədə saxladıqları faktı düşdü. Necə deyərlər, yarımçıq hamiləlik olmadığı üçün yarımçıq demokratiya, haqq-ədalət də olmur. “Nəsə” dedim, düzəldim yola...
MİTİRALA MİLLİ PARKI – DƏLƏDUZ İŞBAZLAR, ƏRƏB TURİSTLƏR VƏ OKSİGEN PARTLAMASI...
Növbəti dayanacağımız isə Mitirala Milli Parkı oldu. Gürcüstanın qərbində, Çakvi və Kobuleti şəhərlərinin yaxınlığında, Adriatik dənizinin sahilində yerləşir. 2007-ci ildə qurulub. Park dağlar, meşələr və çaylarla xarakterizə olunan təxminən 15,698 hektar landşaftı əhatə edir. Mtirala adı gürcü dilində ağlamaq mənasını verir və bu, bölgənin yüksək yağıntılarına işarə edir və bu, onu bütün ölkənin ən rütubətli ərazilərindən birinə çevirir. Amma parkı təkbaşına bu soyuq havada gəzmək bir qədər çətindir. Çünki yüksəkliyə çıxmaq lazım gəlir, şəlaləri, köhnə gürcü evlərini görmək üçün uzun məsafə qət etmək lazım olur. Belə məqamda parkın girişində xidmət üçün növbəyə düzülmüş Pikuplar var. Amma insafı qurumuşlar 100 dollar qiymət oxuyurlar. Bizi parka gətirən taksinin gürcü sürücüsü araya girir və deyir ki, qonaqlarımdır, turist deyil. Beləcə, qiymətdə astronomik endirim edilir – bizim pulla 50 dollar civarında bu səfər də gerçəkləşir. Amma pikupa minəndə hiss edirsən ki, ciddi riskə girmisən. Çünki özünü “şumaxer” adlandıran pikup sürücücü az qala maşını velosiped kimi sürür, hər an o dağ yolundan kəllə-mayallaq aşacaqsan kimi bir hiss yaranır. Dağın, şəlalənin başına çatanda isə hiss edirsən ki, adamlar burda özlərinə bir cənnət yaradıblar. Hətta orda bir neçə kirayəyə verilən taxta evlər də var. Yayda daha çox gələn olur. Yeri gəlmişkən, Mitiralada ərəb turistlər də diqqəti çəkirdi. Onları da ekzotik turlar daha çox maraqlandırırdı – məndən fərqli olaraq pikupı da özləri sürürdülər dağın başına.
GÜRCÜ SÜRÜCÜDƏN ETİRAZ: “Biz dünyaya eşşək olaraq gəlməmişik!”
Batumidə bir çox beynəlxalq taksi firmaları fəaliyyət göstərirdi: Bolt, Uber və sair. Ona görə də şəhərdə hərəkət etmək asan idi. Qiymətlər də baha deyildi. Əslində avtobus kartı alıb, ya da bank kartından ödəmə etməklə avtobusla da çox yerə getmək olar. Amma dedim axı, bayram günləri olduğundan avtobuslar da yarı gücləri ilə işləyirdi. Bir avtobusu bəzən 45 dəqiqə gözləmək lazım gəlirdi ki, bu da turistlər üçün böyük vaxt itkisidir. Tiflisdə taksi sürücülərinin böyük əksəriyyəti Borçalı azərbaycanlıları olsa da, Batumidə gürcülər üstünlük təşkil edirdi. Əksəriyyəti də yaşlılar və rus dilini mükəmməl bilənlər. Onlardan biri ilə - Givi ilə söhbətimdə də Batumidə diqqətimi çəkən məqamlara toxundum. Məsələn, niyə bu qədər tənbəl olduqlarına. Üzündəki müdrik ifadə ilə dedi ki, “axı biz dünyaya eşşək olaraq gəlməmişik. Yaşamaq lazımdır. Arzularımızın sayını nə qədər azaltsaq, bir o qədər gözəl yaşaya bilərik”. Mitiralaya gedən yolda mənə bir həyat dərsi verdi əslində. Amma mən də onların Saakaşviliyə sahib çıxa bilməmələrini, Gürcüstanın hazırkı hakimiyyətinə əhalinin münasibətini soruşdum. Ədalətli adam idi. Dedi, biz Saakaşvilinin qədrini bilə bilmədik. Odur ki, ondan sonra başımıza pis nə gəlirsə, bunu haqq edirik... Amma “biz bu il Saakaşvilini ordan çıxaracağıq” dedi. Bilmirəm, xalq olaraq buna nail olacaqlarmı, amma yaşayıb görəcəyik... İndiki hakimiyyəti isə qəbul etmədiklərini, İvanaşvilini isə Rusiyanın marioneti hesab etdiklərini söylədi. Rastıma müxalif gürcü çıxmışdı.
Və sonda... Sürücü Givi demişkən, arzularımız az olduqca həyatımız da rahat olacaq. Amma bu arzuların içində səyahət mütləq qaydada olmalıdır. Yeni yerlər, gözəl təbiətlər, yeniliklər kəşf etmək insana hər zaman gözəl əhval-ruhiyyə verir. Yetər ki, öz ölkənə qayıdıb, yersiz müqayisələr apararaq depresiyaya girməyəsən...
Sevinc TELMANQIZI,
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ