Onlayn ictimai-siyasi qəzet
Gürcüstan hakimiyyətini ABŞ-dakı “dərin dövlət” niyə bu qədər maraqlandırır, hansının ki, mövcudluğu nəinki Ştatlarda, hətta bütün dünyada yalnız fərz olunur, yəni bu, sadəcə, maraqlı politoloji fərziyyədir və praktikada heç kim dəqiq bilmir: o, həqiqətən də mövcuddurmu?..
Əlbəttə, “dərin dövlət” anlayışı böyük siyasətə konspiroloji element gətirir, hətta dəyişməz, əbədi milli maraqlara inam təlqin edir, amma kim ciddi şəkildə iddia edə bilər ki, hakimiyyətin dəyişməsilə hər şey tamam dəyişir – axı heç bir vaxt belə olmur və ya nadir hallarda olur!
Ən azı dayanıqlı ölkələrdə daxili siyasi konfiqurasiyalardakı dəyişikliklər daxili və xarici siyasi arxitekturalarda çox kiçik, bəzən hiss olunmaz dəyişikliklərə gətirib çıxarır.
İlk baxışda indi ABŞ bu qaydadan istisna olmağa iddialı görünür. Amma olcaqmı?
Axı yeni hakimiyyətlərin heç də bütün bəyanatları, planları gerçək olmur, həyatın özü, o cümlədən də, siyasət müəyyən ətalətə malikdir, hətta onların müəyyən müqavimətləri də olur – bəli, hər şeyi dərhal və tamam dəyişə bilməzsən! Axı daxili və xarici siyasi prinsiplər, maraqlar və dəyərlər var!..
Biz müdrik ingilislər kimi iddia etmirik ki, dövlətlərin tamamilə dəyişməz və əbədi maraqları var – yox, hətta onlar da dəyişir, amma heç də tamam xaotik və ya təsadüfi şəkildə yox, digər milli maraqlara uyğun olaraq! Vaxtilə İngiltərə dənizlər və okeanlar imperiyası idi, amma indi belə deyil, fəqət, bu, o demək deyil ki, onun milli maraqları tamam qeyb olub, yox, onlar sadəcə, bir az fərqli məzmun alıblar...
Eyni mənzərə Amerika maraqları ilə baş verə bilər. Onlar da dəyişə bilər, amma bəzi mülahizələri dinləyəndə belə təsəvvür yaranır ki, sanki Donald Tramp siyasi, hətta əxlaqi prinsiplər nöqteyi-nəzərindən tamam-kamal relyativistdir, yəni onun üçün mütləq dəyərlər yoxdur – bu adam guya hər yerdə yalnız gəlir və mənfəət axtarır!
Belədirmi? Doğrudanmı yeni ABŞ prezidenti üçün, ümumiyyətlə, heç bir dəyişməz siyasi prinsiplər yoxdur?
Doğrusu, düşünmürük. Əgər Trampın bəyanatlarının mahiyyətinə ciddi varsaq, onların müəyyən məntiqi bazisə malik olduğunu görərik.
Bunlar dövlət millətçiliyilə proteksionizmin sintezidir: “Amerika, Amerika və yenə də Amerika!”..
Məsələn, Tramp hətta Panama kanalından danışanda da bununla oradan çağırılmamış qonaqları – çinliləri qovmaq məqsədi güdür.
Beləcə, ABŞ prezidentinin digər bəyanatlarında da müəyyən məntiq tapmaq olar.
Əlbəttə, D.Tramp bəzi Qərb, eləcə Avropa liderlərindən fərqlənir. Məsələn, bu günlərdə o, açıq şəkildə bəyan etdi ki, ABŞ-da iki cins olacaq – qadın və kişi! Kişilər qadın oyunları oynamayacaqlar və s. və i. Yəni xoşbəxtlikdən o, LGBT-nin (seksual azlıqların!) hüquqlarının müdafiəsindən danışmır, onların paradlarının keçirilməsini tələb etmir!
Bunları həm də ona görə qeyd edirik ki, onlar son illərdə insanları, xüsusən gənc dövlətlərin cəmiyyətlərini Qərb dəyərlərindən iyrəndirən, çəkindirən əsas məqamlardır. Odur ki, Gürcüstanın hakim partiyası arxayın ola bilər: Tramp onlardan LGBT -nin təbliğini qadağan edən qanunun ləğvini tələb etməyəcək.
Gürcüstanın digər problemlərinə gəldikdə, yada salaq ki, o, da Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırdı.
Bəzi müxalif düşüncəli politoloqlar bunu ölkə konstitusiyasının pozulması kimi qiymətləndirdilər, çünki avro-inteqrasiya kursu ölkənin ali qanunda əksini tapıb, amma AŞPA-nın Avropa İttifaqına (Aİ) elə bir aidiyyəti yoxdur.
Bütün hallarda isə, bu, gürcü siyasətində çox neqativ çalardır, çünki Avropa Şurasına üzv olmaq avro-inteqrasiya səmtində birinci pillədir, - elə Aİ üzvü yoxdur ki, o, AŞ-nın üzvü olmasın!
AŞPA Gürcüstandan təkrar parlament seçkilərinin keçirilməsini tələb edir. Doğrusu, dəqiq bilmirik: onların sonuncu parlament seçkilərində kobud səhvlərin olması haqda faktları varmı?
Axı Aİ-nin özündə siyasətçilər var ki, gürcü hakimiyyətini seçkiləri udduqlarına görə cəzalandırmağı düzgün saymırlar və “Gürcü arzusu” ilə dialoqa çağırırlar.
Bir sözlə, vəziyyət çox mürəkkəbdir. Amma bir məsələ aydındır. Tramp indi hər şeydən az Gürcüstan haqqında fikirləşir. O, daha çox başqa məsələlərlə, o cümlədən də Ukrayna ilə məşğuldur. Ona görə ki, hamı intizardadır: görəsən, ABŞ prezidentinin bu ölkə ilə bağlı niyyəti nədir?
Yeni prezident bu kontekstdə nəsə açıqlamalıdır, əks təqdirdə, hamı onu ən yaxşı halda, ucuz populist hesab edəcək...
Bəli, bir daha deyirik: adamlar səbirsizliklə gözləyirlər, çünki siyasətçilər özlərinin vədlərini və bəyanatlarını unuda bilərlər, amma insanlar onları unutmur və ilk fürsətdəcə xatırladırlar.
ABŞ-da indi bu, baş verir, bir fərqlə ki, Tramp da vədlərini unutmayıbdır, o cümlədən də Ukrayna müharibəsilə bağlı – onun komandası hər gün bununla bağlı bəyanatlar verir...
Trampı unutqanlığa yuvarlanmağa qoymayan həm də V.Zelenskidir, çünki yeni ABŞ hakimiyyətinin onun ölkəsilə bağlı gələcək siyasəti hələ onun özünə də aydın deyil.
Amma hələlik hər şey gizli saxlanılır. Tramp məsələ ilə bağlı niyyətini və şərtlərini açıqlamır.
Putin də sülh haqqında əvvəllər daha çox danışırdı. Düşünürük ki, burada psixoloji məqam var. Bayden Rusiyaya münasibətdə daha sərt siyasətin tərəfdarı idi. Tramp haqqında bunu demək olmur, sonuncunu Rusiya-Ukrayna müharibəsində daha çox sürətli sülh maraqlandırır. O, güman, həm də fərqindədir ki, bu sülh üçün güzəştlər də tələb olunacaq.
Putin bunu bilir və düşünür ki, Trampı daha böyük güzəştlərə sövq etmək olar. Bundan başqa, Rusiya Zelenskinin də hakimiyyətini qeyri –legitim hesab edir. Burada da psixoloji məqam var.
Birincisi, Zelenski legitim deyilsə, onda şans var ki, o, daha “əlverişli”, sözəbaxan siyasətçilə, “real-politiklə” dəyişdirilsin.
İkincisi, qeyri-legitim hakimiyyətlə heç kim danışıq aparmaz, bu halda Ukraynanı danışıqlardan kənar etmək üçün imkan yaranacaq. Qeyd edək ki, ruslar artıq işarə edir ki, Kiyevin iştirakı olmadan danışıq aparmağa daha çox meylidirlər. Bu yolla onlar Ukraynanın tələblərini və şərtlərini minimallaşdırmağa cəhd edir, həm də Kiyevin müttəfiqlərinə də təzyiq göstərməyə çalışırlar.
Bu vaxta qədər ruslar deyirdi ki, neytral Ukrayna ilə danışmağa hazırdırlar. Düşünürük, bu şərt ABŞ və müttəfiqləri üçün də məqbul sayıla bilər. Amma ruslar əvvəlki bəyanatlarını unutmayıblar ki?..
Biz buna dərhal təsdiqləyici cavab verə bilmirik, çünki Moskvanın siyasi məntiqinə görə, Tramp Bayden deyil, o, bəzi məsələlərdə elə də “prinsipiallıq” göstərmir, üstəgəl, geosiyasi tələblər dilində də danışmır, daha çox qanlı müharibənin fəsadlarına vurğu edir.
Elə siyasi müşahidəçilərin çoxunu da sonuncu məqam düşündürür. Amma onlar üçün bir sual da maraqlıdır: Bütün bunlar nə ilə bitəcək? Axı Rusiya ilə Qərb arasındakı daha bir toqquşmanın da finalı insanlar üçün maraqlıdır.
Hazırda post-sovet məkanının hissəsində - GUAM-ın bir seqmentində maraqlı, hətta ziddiyyətli proseslər gedir.
Qayıdaq Gürcüstana. Orada hakim partiya düşünür ki, Tramp guya “Gürcü arzusu”nun ölkənin geosiyasi oriyentasiyasını dəyişmək cəhdlərinə anlaşıqla yanaşacaq, axı onlar 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurub, yuxarıda qeyd etdiyimiz kimi, AŞPA ilə də əməkdaşlığı dayandırıblar. Bu günlərdə deyildi ki, parlamentdə cəmi 101 deputat qalıb, 49 müxalifət deputatının fəaliyyətinə xitam verilibdir!
Onlar buna ümidlidirlər ki, Tramp daha çox biznesmendir, nəinki siyasətçi. Amma İvanişvili və komandası hələ bir suala cavab verməyib: Gürcüstanın biznesmen-iqtisadçı Trampı maraqlandırmaq üçün hansısa iqtisadi, qeyri-siyasi layihəsi varmı? Axı Gürcüstan, məsələn, Küveyt və Səudiyyə Ərəbistanı deyil, onun, məsələn, dünya enerji bazarına təsir imkanları yoxdur, onunla energetik sferada əməkdaşlıq perspektivləri də yoxdur!
Üstəgəl, belə ölkələrdən fərqli olaraq Tiflisin Vaşinqtonla yüz milyardlarla dollarlıq hərbi sazişləri də yoxdur. Trampın birinci dönəmində ərəb jurnalisti Camal Qaşıqçı qətlə yetirilmişdi. Tramp onda açıq şəkildə dedi ki, jurnalistə görə Səudiyyə Ərəbistanı ilə bir neçə yüz milyard dollarlıq hərbi müqaviləmizdən imtina edə bilmərik!
Sual olunur: axı Tiflisin başqa nəyi var ki, ona görə ABŞ gürcü müxalifətini dəstəkləməkdən imtina etsin?..
Ukraynada vəziyyət bir az fərqlidir. Ölkə Qərblə inteqrasiya yolunda çox böyük qurbanlar verməli oldu, indi də onlardan asanlıqla imtina edə bilməz. Amma hər çubuğun iki ucu olur.
Ukraynada yaşayan insanlarla söhbətlər göstərir ki, onlar Zelenskinin hakimiyyətindən elə də razı deyillər.
Ona görə də bu ölkədə əsl demokratik seçki keçirilsə aydın deyil: Zelenski bir yana, ümumiyyətlə, qərbyönümlü siyasətçilər bu seçkilərdə qalib gələ bilərmi?..
Bir daha Gürcüstana qayıdaraq deyək ki, hazırda Ukrayna Rusiya ilə vuruşur, Ermənistanla Rusiya arasında münasibətlər gərgin olaraq qalır, hətta faciəli təyyarə hadisəsindən sonra Bakı ilə Moskva arasında ciddi soyuqluq müşahidə olunur, hərçənd ki, bundan xeyli əvvəl, özünün sonuncu inauqurasiya mərasimində Azərbaycan prezidenti demişdi ki, bizim inteqrasiya edəcəyimiz məkan türk dünyasıdır, yəni Bakı Rusiya ilə bağlı, bəzi xarici mərkəzlərin təxmininə rəğmən, heç bir geosiyasi plan qurmur, yəni Rusiya Azərbaycançün sadəcə, bir şimal qonşusudur!
Belə bir vaxtda Gürcüstan özünün geosiyasi oriyentasiyasını dəyişməyə qərar verdi. Tələsik qərar deyilmi?..
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ