Onlayn ictimai-siyasi qəzet
İstənilən ölkənin siyasətində həmişə irrasional, kortəbii və gözlənilməz hadisələr baş verir. Bu, xüsusilə postsovet məkanında aktualdır. 2018-ci ilin mayında Ermənistanda sorosçular Paşinyanı inqilabla hakimiyyətə gətirdilər. 2020-ci il oktyabrda Qırğızıstanda parlament seçkilərinin nəticələrinə qarşı kütləvi nümayişlər onunla nəticələndi ki, həbsdə 11 illik cəzasının bitməsini gözləyən Sadri Japarov azadlığa buraxıldı, qısa zaman kəsiyində isə prezident kürsüsünə oturdu. 2022-ci ilin yanvarında Qazaxıstan da silahlı inqilab ssenarisi iki il əvvəl istefa versə də, hakimiyyətdə əsas söz sahibi olaraq qalan Nazarbayev erasının sonunu gətirdi...
Gürcüstanda da “spontan xalq üsyanı” hakimiyyətin və siyasi dövrlərin dəyişməsinin əsas üsuludur. 1989-cu il sovet qoşunlarının Tiflisdəki nümayişləri dağıtmasından sonra prezident kürsüsünə gəlmiş Zviad Qamsaxurdiyadan başlayaraq, 2003-cü ildə Şevardnadzenin devrilməsinə səbəb olan “Qızılgül” inqilabına qədər və ondan sonrakı dövrlərdə Gürcüstanda siyasi böhranlar , hakimiyyət dəyişiklikləri yaşanıb. Zənnim yanıltmırsa, dəyişikliyindən yalnız biri 2012-ci ildə parlament seçkilərinin nəticəsində Bidzina İvanaşvlinin hakimiyyətə gəlməsi ciddi etirazlar fonunda baş verməyib…
Tiflisdəki hakim koalisiyanın “rus qanunu” adı almış layihəni parlamentdən keçmək cəhdi də spontan etirazlara səbəb oldu. Gürcüstanın “kölgə lideri” Bidzina İvanişvili yalnız iki gecə müqvimət göstərə bildi və qanun layihəsini geri götürmək məcburiyyətində qaldılar. Baş verənləri İvanişvilinin tərəfdarları ilə Gürcüstan müxalifətinin həbsdəki lideri Saakaşvili arasında qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirənlər daha çoxdur. Yəni yanan butulkalar-“Molotov kokteyli” mağazadan alıb, etiraz aksiyasına gətirmək mümkün deyil, əlbəttə ki, görünən budur ki, müəyyən hazırlıqlar da olub. İvanişvili hakimiyyətinin son günlərdə Qərbin, xüsusən də ABŞ-ın sanksiyalar hədəsi qarşısında geri çəkildiyini düşünmək də olar. Ötən yazımda da qeyd etmişdim ki, Gürcüstanda gündəmə gətirilən “xarici agent” layihəsinin Rusiya ilə əlaqəsi olduğunu düşünmürəm. İvanişvili Gürcüstanın Qərbin diqqətində (hədəfində) olduğunu bilir, anti-Rusiya sanksiyalarına qoşulmayan, Zelenski hakimiyyəti ilə çox məsafəli davranan “Gürcü arzusu”nu cəzalandırmaq istəyən Qərb, zatən bəhanə gəzirdi. O fürsəti isə bu layihə ilə verdilər, heç bir parlaq müxalif liderin rəhbərlik etmədiyi etirazlar öz məqsədinə çatdı...
“Gürcü arzu”su bu etirazlarla Qərbdən bu iki mesajı almış oldu. Əvvəla, Qərb Gürcüstandan vaz keçməyib, sadəcə, Ukrayna müharibəsi fonunda bir az “tormoza basıb”. İkincisi, Qərbin hələ də Gürcüstanda etirazçı kütləyə təsir imkanları var. Ola bilsin, Qərb dairələri belə ciddi etirazlar gözləmirdilər, amma etiraz hüququndan istifadə etmək gürcü xalqı üçün xarakterikdir və bu dəfə də o xarakteri göstərdilər ki, bu da Qərbin işinə yaradı. İndi ard-arda bəyanat verib, hökumətin bu addımını alqışlayırlar. Əslində gürcü xalqı bu etirazlarlarla Qərbə əlavə kart-blanş verdi. Ola bilsin, indi sırada Saaakavşilini həbsdən buraxılması tələbi də küçə aksiyalarında gündəmə gəlsin. Növbədənkənar seçkilər tələbi də istisna deyil. Bəhanə və ya səbəb nə olursa-olsun, Gürcüstanda gərginlik yaratmaq, bəlkə də mümkün olsa, yeni inqilabçı hakimiyyət formalaşdırmaq Qərbə lazımdır. Əslində, Saakavşili də Gürcüstana özbaşına və aylarla həbsdə yatmaq üçün qayıtmamışdı, Qərbin onunla bağlı planlar başqa idi. Təsəvvür edin ki, Rusiya Ukrayna ilə müharibə etdiyi vaxtda, Gürcüstanda hakimiyyətdə Saakavşili və ya onun adamlarından biri oturaydı. Nə olardı, onu bir Allah bilir…
Gürcüstanda aşkar rusiyayönlü qüvvələr təbii ki, yoxdur. Rusiya daha adamlarına partiya və ya təşkilat yaradıb hansısa ölkəyə yerləşdirmir. Siyasət indi fərqlidir, onlar da ayılıb, müasirləşiblər, daha çox kobud müdaxilələr edilmir, incə siyasət işlənir. Gürcüstanın indi hakimiyyətinin siyasəti Rusiya üçün uyğundur. Rusiya üçün uyğundursa, demək Qərbin əleyhinədir...
İvanişvilini dəstəkləyənlər də, elə indiki baş nazir Qaribaşvili də daxil Gürcüstanın Avroatlantik inkişaf yolunun tərəfdarlarıdır. Amma onlar bu inteqrasiyanı fərqli görür. Gürcüstanda zatən ikili hakimiyyət mövcuddur: ABŞ-da olan xanım prezident israrla Avropa Birliyi deyir. Absurd kimi görünür, amma bu da Gürcüstan reallığıdır...
Gürcü müxalifətinin də artıq səsi çıxmağa başlayıb. Belə görünür ki, lidersiz qələbəyə sahib çıxmaq üçün mübarizə gedir. Gürcü mediası müxalifət partiyaların bəyanatları ilə doludur. Layihənin geri götürülməsini ““Gürcü arzusu”nun zəbt etdiyi dövlətin geri qaytarılması prosesinə başladığı şanlı gün” hesab edirlər və xalqı mübarizəni davam etdirməyə səsləyirlər. Onlar deyirlər ki, “Gürcü arzusu” siyasi məğlubiyyətini etiraf edib və Avropa kursunun qorunub saxlanmasına ən güclü təminat yeni hakimiyyət olacaq...
Gürcü xalqı nə istədiyinə və nə edəcəyinə özü qərar verəcək. Amma hərdən adama elə gəlir ki, gürcü xalqının arzusu hardasa bir sirli dağın arxasındadır və ona doğru getdikcə, yolda tez-tez fikirlərini də, liderlərin də dəyişirlər. Belə olmasaydı, indi Saakaşvilinin həbsdə, “Gürcü arzusu”nun hakimiyyətdə nə işi vardı? Axı onları hakimiyyətə gətirən də, Saakavşilini həbsə göndərən də elə gürcü xalqıdır...
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ