İnsanlara hürriyət, millətlərə istiqlal!

"Günümüzün dünyası, kiçik ölkələr və liderlik" - İqbal Səfərov YAZIR...

Dövlət başçısı olmaq tarix boyu çətin olub, lakin müasir dövrün hərbi, geosiyasi və iqtisadi prosesləri bu vəzifəni daha da mürəkkəbləşdirib. Qlobal siyasətdə yeni güc balanslarının formalaşması, iqtisadi böhranlar, regional münaqişələr və texnoloji inqilablar liderlər üçün idarəetməni daha da çətinləşdirir. Kiçik və orta ölçülü ölkələrin rəhbərləri isə həm daxili, həm də beynəlxalq təzyiqlərlə mübarizə aparmaq məcburiyyətindədirlər.

Dövlət başçısı olmaq, xüsusən də kiçik ölkələr üçün, sadəcə bir vəzifə deyil, mürəkkəb strategiyaların və çevik qərarların bir-birinə qarışdığı çətin bir prosesdir. Böyük dövlətlərin geosiyasi maraqları arasında balans qurmaq, daxili sabitliyi qorumaq və eyni zamanda iqtisadi, sosial və siyasi inkişafı təmin etmək asan iş deyil.

Kiçik ölkələr adətən öz qonşuları və beynəlxalq sistemdəki super güclər arasında sıxışıb qalır. Böyük güclərin təsir dairəsində olan bu dövlətlər balanslı xarici siyasət yürütməyə məcburdur. Bu balansı qorumaq üçün bir neçə əsas strategiya var:

1. Çoxvektorlu xarici siyasət

Kiçik ölkələr adətən müxtəlif qlobal güclərlə münasibətlərini tənzimləyərək balans yaratmağa çalışırlar.
Kiçik ölkələr üçün regional təşkilatlar çox vacibdir. Məsələn, Azərbaycan həm Türk Dövlətləri Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür. Bütün bunlarla yanaşı Azərbaycan Türkiyə, Amerika, Rusiya, Çin, Pakistan, İran və Qərb ölkələri ilə əməkdaşlıq edir. Bu balanslı yanaşma ölkəni bir blokun tam təsir dairəsinə düşməkdən qoruyur və öz maraqlarının inkişaf etdirilməsinə böyük stimul verir.

2. İqtisadi Diversifikasiya

Kiçik ölkələr iqtisadi baxımdan bir gücdən tam asılı qaldıqda risklər artır. Buna görə də iqtisadi şaxələndirmə və yeni bazarlara çıxış kritik əhəmiyyət daşıyır.

Liderlik və yaxın tarixdəki nümunələr

Kiçik ölkələr üçün güclü liderlər tarixin gedişatını dəyişə bilər. Misal üçün Azərbaycan modelini götürmək düşünürəm ki, ən uyğun variant ola bilər.

Məsələn:

Heydər Əliyev - Azərbaycanın müstəqillik illərində balanslı xarici siyasəti, müharibənin dayandırılması və daxili sabitliyi qoruma siyasəti ölkəni gücləndirdi.

İlham Əliyev - Azərbaycanın iqtisadiyyatını və müasir ordu quruculuğunu gücləndirməklə yanaşı balanslı və səbrli siyasət apararaq illərdir həlli mümkünsüz görünən Qarabağ problemini həll edərək Qafqazda və dünyada yeni reallıq yaratmağı bacardı. Azərbaycan illərdir işğal altında olan tarixi torpaqlarına qovuşmaqla bərabər ölkə ərazisində hər hansı beynəlxalq güclərə məxsus təsir mexanizmii tamamilə aradan qaldırdı. (Misal üçün aparılmış uğurlu siyasət nəticəsində Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazilərimizi tərk etməsi və s.)

Bu gün bir dövlət rəhbəri olmaq üçün ənənəvi idarəçilik qabiliyyətindən əlavə, sürətli düşünmək, strateji planlaşdırmaq və yeni reallıqlara uyğunlaşmaq bacarığı lazımdır.

Müasir liderlər:

Hərbi strategiyanı bilməlidirlər - Müharibə risklərini dəyərləndirmək və düzgün təhlükəsizlik siyasəti aparmaq.

İqtisadi siyasətdə çevik olmalıdırlar - İnflyasiya və böhranlara qarşı tədbirlər görmək.

Texnologiyanı anlamalıdırlar - Süni intellekt, kiber təhlükəsizlik və rəqəmsal iqtisadiyyat sahələrində biliklərə sahib olmaq.

Daxili sabitliyi təmin etməlidirlər - Cəmiyyətin müxtəlif qruplarını birləşdirərək milli birliyi gücləndirmək.

Müasir dövrdə dövlət başçısı olmaq əvvəlkindən daha çətindir. Hərbi münaqişələr, geosiyasi rəqabət kiçik və orta ölçülü ölkələrin liderlərini daim mürəkkəb seçimlər qarşısında qoyur. İdarəetmənin əsas prinsipləri - strateji balans, çevik qərarvermə və milli maraqların qorunması günümüzdə daha da vacib olub.

Güclü liderlər yalnız böhran dövrlərində özlərini göstərə bilirlər. Belə dövrlərdə düzgün qərarlar qəbul etmək isə həm ölkənin gələcəyini, həm də onun beynəlxalq mövqeyini müəyyənləşdirir.

Nəticə:

Dövlət başçısı olmaq təkcə titul daşımaq deyil, hər gün yeni problemləri həll etmək deməkdir. Kiçik ölkələrin liderləri daim balans siyasətini qorumaq, daxili inkişafı təmin etmək və beynəlxalq təzyiqlərlə mübarizə aparmaq məcburiyyətindədirlər.

Dövlət rəhbəri üçün hər gün bir imtahandır və bu imtahandan keçmək yalnız uzaqgörən siyasət və güclü idarəetmə ilə mümkündür.

WhatsApp Image 2025-03-01 at 21.14.35.jpeg (146 KB)

İqbal Səfərov, Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR