İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü ordu dövlətin müstəqilliyinin qarantıdır

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Silahlı Qüvvələrimiz müstəqilliyini yeni qazanmış Azərbaycanın  hərbi qüdrətini getdikcə artırmış və 2020 –ci ildə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymuşdur.  1993- cü ildən başlayan ordu quruculuğu  ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün də şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində  hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  və məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

 Heydər Əliyev xalqın təkidi ilə siyasi  hakimiyyətə qayıtdıqdan sonra qarşısına qoyduğu prioritet vəzifələrdən biri ordu quruculuğu oldu. Həmin vaxta qədər ölkəmizdə nizami ordu olmadığından ayrı- ayrı silahlı birləşmələr nüxtəlif vəzifəli şəxslərə və oliqarxlara xidmət edirdi. Elə buna görə də cəbhədə vahid komandanlıq olmadığından torpaqlarımız hissə-hissə Ermənistan ordusu tərəfindən işğal olunurdu. Müstəqilliyini yenicə bərpa etmiş ölkənin əsas vəzifəsi , təbii ki, ordu quruculuğu olmalı idi.

Ulu öndər ölkəyə rəhbərlik etdiyi ilk illərdə, daha dəqiq desək, 1994- cü ildə ictimaiyyətin nümayəndələri ilə görüşündə ordu quruculuğunun çox vacib məsələlərdən olduğunu bildirərək demişdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.”

Ulu öndərin ölkədə apardığı geniş miqyaslı islahatların tərkib hisssələrindən biri də ordu quruculuğu oldu. Bu məqsədlə qeyri-qanuni silahlı birləşmələr ləğv edildi.  Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə keçirdyi görüşlərdə deyirdi ki, biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq… Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir.”

Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni  münasibət yarandı. Ulu öndərin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inam yaratdı. Bununla da orduya qayğı ümummilli dəyər aldı. Silahlı  Qüvvələrimiz tədricən vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.

Heydər Əliyevin 2 noyabr 1993-cü radio və televiziya ilə xalqa  müraciətindən sonra ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Bu müraciət ulu öndərin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və hamı bir nəfər kimi bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi.  Ulu öndər dəfələrlə  hərbi hissələrə getdi, əsgər və zabitlərlə görüşdü, onların problemləri ilə yerində tanış oldu, həm də orduda kadr siyasətində əsaslı dönüş yaratdı.

Bütün bunlar  bu gün öz bəhrəsini verir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz daha da inkişaf etdi və hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur və döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq, baş verən keyfiyyətli dəyişikliklər müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir

Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Nəhayət, 2020-ci il noyabrın 10- da Azərbaycan Ordusu Ermənistan üzərində tarixi Qələbə qazandı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Hərbi quruculuq işi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir. Prezident, Ali Baş Komandan ən yüksək tribunalardan da deyib:“Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır.”

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru

Cingiz-7-foto.jpg (28 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR