Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Andjey Navrotski Almaniyadan rəsmi şəkildə reparasiya tələb edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu bəyanatı İkinci dünya müharibəsinin başlanmasının ildönümündə, Qdansk şəhərində polşalı hərbçilərin məzarı önünə gül dəstələri qoyarkən səsləndirib. Məhz Qdanskdan 1939-cu ildə Almaniyanın hücumu ilə dünya müharibəsi start götürmüşdü.
Prezident Navrotski bildirib ki, alman işğalı Polşa xalqına misilsiz fəlakətlər gətirib və bu ədalətsizlik hələ də tam şəkildə aradan qaldırılmayıb:
“Biz yalnız tarixi xatırlamırıq, həm də ədaləti tələb edirik. Polşa milyonlarla insanını itirib, şəhərlərimiz dağıdılıb. Bu itkilərə görə Almaniya məsuliyyət daşımalıdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, reparasiya anlayışı beynəlxalq hüquqda bir dövlətin digərinə vurduğu ziyanın ödənilməsi formasını ifadə edir. İkinci dünya müharibəsindən sonra Almaniya bəzi ölkələrə təzminat ödəsə də, Polşa məsələsi uzun illər mübahisəli olaraq qalır.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ