İnsanlara hürriyət, millətlərə istiqlal!

Ginnesə düşən Azərbaycan xəzinəsi – balaca kitabların böyük dünyası  

İçərişəhərin dar dalanlarında addımladıqca birdən qarşınıza balaca bir möcüzə, dünyada ilk özəl Miniatür Kitab Muzeyi çıxır. Bu muzey 2002-ci ildən bəri həm Bakının, həm də bütün dünya ədəbiyyat sevərləri üçün ən qeyri-adi məkanlardan biridir.

Muzeyin yaradıcısı Zərifə Salahovadır. Uzaq 1982-ci ildə, Moskvada təsadüfən rast gəldiyi kiçik formatlı İvan Krılovun təmsilləri illər sonra nəhəng bir kolleksiyanın təməl daşına çevrilib. O gündən bu günə qədər toplanan miniatür kitablar indi İçərişəhərin qədim divarları arasında sərgilənir və ziyarətçilərə ədəbiyyatın kiçik ölçülərdə də möhtəşəm ola biləcəyini göstərir. Bir zalın içində düzülmüş onlarla şüşə vitrinlər sanki balaca kitab dünyalarının pəncərələridir. Bura daxil olan hər kəs yüzlərlə kitabın miniatür halına gətirilmiş variantını görə bilir.

Burada Qurani-Kərim, İncil, Tövrat və Buddist hekayələri kimi dini kitablarla yanaşı, 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunmuş Quran da sərgilənir. Bu qədim nüsxə sözün əsl mənasında əsrlərin nəfəsini qoruyur. Muzeydə uşaq ədəbiyyatından “Tülkü Həccə gedir”, “Göyçək Fatma” kimi nağıllar da nümayiş olunur. Həmçinin xarici ölkələrin uşaq ədəbiyyatından olan nümunələr də var. Digər bir guşədə isə Puşkinin həyat və yaradıcılığına həsr olunmuş zəngin kolleksiya tamaşaçıya rus klassikasının nəfəsini duyurmağa imkan verir. Muzeydə Azərbaycan tarixinə və müasirliyinə də xüsusi yer ayrılıb. Burada Heydər və İlham Əliyevlərə həsr olunmuş kitablar, “Azərbaycan zəfəri” adlı nəşrlər, 44 günlük Vətən müharibəsinin izlərini daşıyan miniatürlər ziyarətçiyə milli yaddaşın kiçik səhifələrdə də əbədi yaşadığını göstərir. Siyasi liderlərin Atatürk, Leninin həyatı haqqında kitablar mövcuddur. Həmçinin Berlin, Bakı, İçərişəhər kimi şəhərlərə həsr edilmiş kitablar oxucunu dünya səyahətinə aparır. Kitabların müxtəlifliyi yalnız mövzularla məhdudlaşmır. Muzeydə 90-dan artıq ölkədən gətirilmiş miniatür nəşrlər nümayiş olunur. Hər vitrin rəflərində fərqli bayraqlar dalğalanır və beləliklə, kitablar millətlərin mədəniyyətini kiçik ölçüdə, lakin böyük dəyərlə birləşdirir.

Ən maraqlısı isə mikrokitablardır. Yaponiyada hazırlanmış 2×2 millimetr ölçülü “Doğum daşı”, “Zodiak nişanları” və “Güllərin dili” kitabları insanı heyran qoyur. Onların yanında isə oxunması üçün nəzərdə tutulmuş kiçik lupa yerləşdirilib – sanki kitab və böyüdücü şüşə bir-birindən ayrılmaz dost kimidir. Elə vitrinlərdə Münhendə çap olunmuş 3,5 millimetrlik kitabçalar, Moskvanın “Möcüzələr möcüzəsi” adlı cəmi 200 nüsxədə buraxılan nəşri də gözə dəyir.

Burada hər kitab özündə bir tarix, bir ömür, bir mədəniyyət daşıyır. Daha yaxın dövrdən gələn qiymətli eksponatlardan biri isə məşhur “Beatles” qrupunun mahnı sözlərinin toplandığı, cəmi 5 nüsxəsi mövcud olan kitabdır. Miniatür Kitab Muzeyi balaca kitabların böyük aləmidir. Burada insan bir daha anlayır ki, sözlərin çəkisi onların ölçüsündə deyil, daşıdığı məna və yaddaşındadır. İçərişəhərin qəlbində yerləşən bu məkan həm də Ginesin Rekordlar Kitabına düşərək dünyada tayı-bərabəri olmayan bir muzey kimi tanınıb. Qeyd edək ki, muzeyə giriş pulsuzdur. Muzeyin inkişafına dəstək olmaq istəyənlər üçün isə ianə edilə biləcək kiçik qutu mövcuddur.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR