Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulması barədə xəbər vermişdik. Xatırladaq ki, buna səbəb Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri olub.
XİN-in rəsmi Ayxan Hacızadə bildirib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir. Qeyd edilən deputatın Azərbaycan əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəyə girişinə qadağa qoyulub.
A.Hacızadə diqqətə çatdırıb ki, Azərbaycana qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir: “Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq”.
Məlumdur ki, “Vahid Rusiya”ya eks-prezident Dmitri Medvedyev rəhbərlik edir. Onun rəhbərliyi dövründə bu partiyaya ultra-radikal mövqeləri ilə seçilən şəxslərin soxulması da faktdır. Hakim partiyadan bu cür mövqe Azərbaycana münasibətdə ilk dəfə deyil. Dumanın hakim partiyadan olan üzvü Konstantin Zatulin dəfələrlə bu cür fikirlər səsləndirib, açıq ermənipərəst mövqe sərgiləyib. Dövlət Dumasının “Vahid Rusiya”dan olan daha bir üzvü, milliyyətçi mövqeyi ilə seçilən Vitaliy Milonov da bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı xalqımıza qarşı təhqiramiz ifadələr səsləndirmişdi. Həmin vaxt hətta YAP Medvedyevə etiraz məktubu da göndərmişdi. Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinə zamanında etiraz məktubu da ünvanlamışdı. Azərbaycanın hakimiyyət partiyası ilə Rusiyanın hakim partiyası arasında dostluq, əməkdaşlıq münasibətləri haqqında müqavilə mövcuddur. Bu barədə hələ 2007-ci ilin sentyabrında Bakıda YAP ilə “Vahid Rusiya” arasında əməkdaşlığa dair sayca 7-ci müqavilə imzalanıb. YAP-ın bu baxımdan “Vahid Rusiya”ya etiraz etmək haqqı var. Lakin indiyədək olan müraciətlərə cavab verilməməsi əsas verir ki, YAP məktub ünvanlayacağı halda da reaksiya olmayacaq.
Nələr gözlənilir? Hökumət bu məsələdə necə addım atacaq?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı deputat Elman Nəsirov və Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ