Onlayn ictimai-siyasi qəzet
Bu gün - martın 11-də ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərində keçirdikləri 9 saatlıq danışıqlarda davamlı sülhü bərpa etmək üçün ilikin razılaşma əldə olunub.
“AzPolitika” xəbər verir ki, bu barədə danışıqların yekun bəyanatında deyilir. Bəyanat Ukrayna Prezidentinin saytında yayımlanıb.
Qeyd olunur ki, Kiyev kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, Amerika yardımının bərpası müqabilində Rusiya ilə 30 günlük atəşkəsə razılaşıb. Zelenski deyib ki, atəşkəs təklifi əvvəllər təklif edildiyi kimi təkcə hava və dənizdə deyil, cəbhə xəttinə də aiddir.
Tərəflər həmçinin nadir torpaq metalları ilə bağlı razılaşmanın mümkün qədər tez əldə olunması barədə razılığa gəliblər.
Nümayəndə heyətləri “Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhün” yaradılması üçün danışıqlar qrupları yaratmaq və dərhal məsləhətləşmələrə başlamaq barədə də razılığa gəliblər.
Ukrayna nümayəndə heyətinə başçılıq edən Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak danışıqlardan sonra yazıb: “Birləşmiş Ştatlar Rusiyaya sülhün əldə edilməsinin açar məsələsinin sülhə qarşılıq verilməsi olduğunu çatdıracaq. Rusiya da eyni addımı atsa, Ukrayna 30 günlük atəşkəslə razılaşır. Kiyev ABŞ-nin təklifini qəbul edir”.
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın çox yaxın gələcəkdə atəşkəslə razılaşacağına ümid etdiyini bildirib.
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals görüşdən sonra bildirib ki, Ukrayna nümayəndə heyəti münaqişəyə son qoymaq üçün konkret addımlar və təkliflər təqdim edib. O, həmçinin əlavə edib ki, yaxın günlərdə Rusiyanın nümayəndəsi ilə danışacaq.
Ağ Evin mətbuat katibi Kerolin Levitt də öz növbəsində Amerika və Ukrayna tərəfləri arasında danışıqların müsbət və konstruktiv keçdiyini bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız Real Partiyasının sədri Natiq Cəfərli və siyasi ekspert Azər Həsrət olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ