İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclərlə ideoloji iş ən yüksək səviyyədə aparılmalıdır” - deputat

Ceyhun Məmmədov: “Gənclərimizin üz-üzə olduğu təhdidləri müəyyənləşdirmək və zərərsizləşdirmək üçün ciddi addımlar atılmalıdır”

Azərbaycanda yeni dövr başlanır. Fevralın 7-də keçirilən prezident seçkisində liderliklə qalibiyyət əldə edən İlham Əliyevin andiçməsindən sonra dövlətimiz yeni mərhələyə qədəm qoyur. Bu yeni mərhələ cəmiyyətin hər bir təbəqəsinin üzərinə müəyyən məsuliyyət qoyur. Məsuliyyətin önəmli payı da gənclərə aiddir. Azərbaycan gənclərlə bağlı siyasətə hər zaman xüsusi diqqət yetirilib. 2024-cü il isə gənclik üçün xüsusilə yaddaqalan olacaq. Belə ki, Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024" beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin "İƏT Gənclər Paytaxtı" seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib. 

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Prezidenti Taha Ayhan bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda bildirilib ki, Prezident İlham  Əliyev İƏT ölkələri gənclərinin inkişafına və onların birliyinin möhkəmlənməsinə davamlı şəkildə diqqət göstərib. Bunun bariz nümunələrindən biri 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Təsis Baş Assambleyasının keçirilməsi, həmçinin İƏTGF-nin Avrasiya Regional Mərkəzinin ofisinin Bakıda yerləşməsidir. T.Ayhan bunu  region liderləri üçün bir nümunə kimi dəyərləndirib: 

“İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İƏT-in nəzdində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilat kimi institutlaşmasına və inkişafına təkan verir. İƏTGF olaraq biz Zati-alinizin etimadı, dəstəyi və liderliyindən qürur hissi duyuruq, fədakarlığınızı yüksək qiymətləndiririk.

Biz Şuşanın yekdilliklə İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilməsinin tarixi əhəmiyyətini böyük məmnunluq hissi ilə qeyd edirik. Bu mühüm nailiyyət Zati-aliniz tərəfindən nümayiş etdirilən müdrik və nümunəvi rəhbərliyin daha bir təsdiqidir. Şuşanın Sizin rəhbərliyinizlə işğaldan azad edilməsi cəsarətin, fədakarlığın, həmçinin sülh, birlik və tərəqqi prinsiplərinə davamlı sədaqətin təntənəsinin rəmzidir. Sizin uzaqgörən siyasətiniz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı mürəkkəb məsələlərin həllində çox mühüm rol oynayıb. Qazanılmış nailiyyətlər Zati-alinizin müdrikliyinin və strateji baxışının göstəricisidir. Bütün bunlar regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə böyük töhfə verir.

Qarabağ bölgəsinin, xüsusən də Xankəndi şəhərinin əhalisinə 30 ildən artıq müddətdə ilk dəfə seçkilərdə iştirak etmək üçün fundamental hüquqlarından istifadə imkanını təmin etdiyiniz üçün Zati-alinizə səmimi təşəkkürümüzü bildiririk. Demokratik prinsiplərin dəstəklənməsi və vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının təşviqi ilə bağlı gördüyünüz işlər bütün dünyada gənclər üçün ilham mənbəyidir.

Gənclərimiz üçün daha parlaq və firavan gələcəyə doğru addım atarkən üzv dövlətlərimiz arasında əməkdaşlığı dərinləşdirmək və dostluq əlaqələrini möhkəmləndirmək əzmimizə sadiq qalırıq. Sizin liderliyiniz, gənclərin inkişafına, onların arzularının reallaşmasına dəstəyiniz dayanıqlı inkişaf üçün birgə səylərimizdə bizi daha da ruhlandırır".

Bundan başqa, Lənkəran şəhəri də bu il “Gənclər Paytaxtı” seçilib. Bu münasibətlə tədbirlərə start verilib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Lənkəranın bu il üçün gənclər paytaxtı seçilməsi regionun inkişafı üçün böyük dəstək olacaq. Onun sözlərinə görə, bununla bağlı geniş tədbirlər planı hazırlanıb. “Lənkəran şəhərində və regionda il ərzində gənclər siyasəti ilə bağlı geniş tədbirlər keçiriləcək. Təbii ki, bununla bağlı gənclərin də üzərinə böyük məsuliyyət düşür. Sizdən mühüm layihələr gözləyirik. Lənkəran həm də Türk Dövlətləri "Gənclər Paytaxtı" seçilib. Burada təqdimat mərasimləri də olacaq. Gənclər çox aktiv olmalıdır, növbəti Gənclər Paytaxtı üçün nümunə olacaq işlər görməlisiniz".

Göründüyü kimi, gənclər siyasəti ölkə siyasətinin prioritet istiqamətlərindən biridir. Bəs yeni dövrdə gənclər siyasəti ilə bağlı hansı təkliflər var?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində ideoloji işə diqqətin artırılması məsələsinə toxundu: “Bu gün Azərbaycanda dövlətin gənclərə, gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsinə xüsusi qayğısı, diqqəti var. Bu istiqamətdə mühüm ardıcıl tədbirlər həyata keçirilir. Qarşımızda duran mühüm vəzifələrdən biri də gənclərimizin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsidir. Onu da qeyd etməliyik ki, gənclərimiz təhdidlərlə üz-üzədir. Bu təhdidləri müəyyənləşdirmək və zərərsizləşdirmək üçün ciddi addımlar atılmalıdır. Gənclərimizin bir sıra hallarda zərərli dini cərəyanlar, müxtəlif zərərli ideologiyalara cəlb olunması üçün xüsusilə xarici dövlətlər tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyinin şahidi oluruq. Bu istiqamətdə dövlət üzərinə düşəni edir, gənclər bunu yüksək səviyyədə qiymətləndirirlər. Bizim həyata keçirməli olduğumuz siyasətə gəlincə, bir neçə istiqamətdə iş getməlidir. İdeoloji iş ən yüksək səviyyədə aparılmalıdır. Həm ümumtəhsil məktəblərində, həm ali təhsil müəssisələrində bu məsələyə həssas yanaşma olmalı, xüsusi diqqət ayrılmalıdır. Eyni zamanda kütləvi informasiya vasitələrinin köməyilə real addımlar atılmalıdır. Eyni zamanda gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün müvafiq tədbirlər görülməlidir. Bu məsələdə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən digər dövlət qurumlarının üzərinə ciddi vəzifələr düşür”.

Yazını hazırladı:  Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR