İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncəli Saleh Gəncərin nisgilli macərası...

Bu günlərdə xalq şairi Rəsul Rzanın 60+ il öncə Mikayıl Müşfiqə həsr edərək yazdığı və kitab halında dərc olunan “Qızılgül olmayaydı” poemasından yaddaşımda ilişib qalan bir neçə misranı tapmaq üçün şairin əsərlərinin elektron versiyasını incələyirdim.

Həmin misralar poemada önümə çıxmadı, görünür, ya nəyə görəsə ixtisar olunub, ya da mən poemanın tam versiyasını əldə edə bilməmişəm. Əvəzində həmin misralar “Qızılgül olmayaydı” poemasının təhlilinə həsr olunmuş bir məqalədə vardı.

Müəllifi Ənvər Əhməd olan həmin məqalədə bu misralar da iqtibas olunub:

“Doğrudur,
Ona namərd şilləsi təki
Atılan imzalar arasında
Mənim imzam olmadı!..”

Bu misralar ötən əsrin 30-cu illərinin, repressiya dövrünün dəhşətli mühitinə dair bir ştrixdir. Demək, qələm yoldaşları Müşfiqin əleyhinə ifşaedici materail hazırlayıb, imzalayıblar və bu, ona atılan “namərd şilləsi” olub.

“Qızılgül olmayaydı” poemasının dərc olunduğu elektron kitabda gözümə “Didərginlər” adlanan bir uzun şeur və ya qısa poema da dəydi. Əslində isə bunu mənzum reportaj və ya nəzmlə yazılmış hekayə də adlandırmaq olar.

Şairin bu əsəri o vaxtlar azərbaycanlılar üçün nadir sayılan Türkiyə səfərinin təəssüratları əsasında yazılıb. Rəsul Rza İstanbulda olarkən Saleh Gəncər ad-soyadlı bir mühacir həmvətənimiz onları (azərbaycanlı şair-yazıçıları) qonaq aparıb. Saleh Gəncər ədiblərdən izn istəyərək görüşə əslən Azərbaycandan olan digər şəxsləri də dəvət edib.

Beləcə, azərbaycanlılar İstanbulun mərkəzində dörd otaqlı evi olan Saleh Gəncərin evinə toplaşıblar. Saleh bəy əslən Gəncədən olduğunu, 14-15 yaşlı macərapərəst olduğu vaxtlarda, 30-cu illərdə Azərbaycandan Türkiyəyə keçdiyini deyib. İndi onun işi-gücü, var-dövləti, ailəsi, dostlar dairəsi, hər şeyi var, amma vətəndə deyil deyə ürəyi möhnətdən sıxılır, göynəyir. O, Türkiyəyə köçdüyünə görə peşman olduğunu da demir, amma ürəyi Göygölü, Kəpəzi istəyir, füsunkar Bosfor onu əvəz eləmir.

Məclisə yığışan əlliyə yaxın adam azərbaycanlı ədiblərin hey ana dilində danışmalarını istəyirlər, biri deyir ki, qardaş, gözünə qurban olum, danış, hər kəlmənə, sözünə qurban olum.

Başqa biri II dünya müharibəsində sovet ordusunda vuruşarkən almanlara əsir düşdüyünü deyir və etiraf edir ki, əsir düşəndə yaralı olmayıb, sadəcə, yaşamaq istəyirmiş deyə, təslim olub, başqa çıxış yolu yoxmuş. Müharibədən sonra isə o, həbs qorxusundan Azərbaycana yox, Türkiyəyə getməli olub, indi əczaçıdır, güzəranı yaxşıdır, amma ürəyi vətəndədir. Bu adam bilmək istəyir ki, vətənə gəlsə, necə olar. Yazıçılar cəza sarıdan ürəyi arxayın olmayan adama diplomatik (güman ki, həmin görüşdə sonradan DTX-ya müfəssəl raport yazacaq kimsə də olub) cavab verirlər, deyirlər ki, vicdanın ləkəsizdirsə, fikrində, işində nankorluq olmayıbsa, gəl. Ancaq bu, daha çox “gəlmə” deməkdir, çünki Rəsul Rza da, o biri azərbaycanlı şair-yazıçılar da əsir düşənlərə hansı ittihamlar irəli sürüldüyünü və onların necə cəzalandırıldığını yaxşı bilirdilər, yəqin ki, İstanbulda vətən həsrəti ilə olsa da, firavan yaşayan həmvətənlərimizin sovet müstəmləkəsinə gələrək bədbəxt olmasına razı olmazdılar.

Şair “Didərginlər”də təsvir etdiyi görüşdə iştirak edənlərin həyat hekayələrini, təəssüratlarını, nisgil və arzularını yazır və adamın gözü önündə bir mənzərə canlanır. O zamanlar Türkiyə və Azərbaycan bir-birindən necə də uzaqmış. Hava yolu ilə iki saatlıq məsafədə olan qardaş ölkələrə yol uzaq şimaldakı paytaxtdan – Moskvadan keçirmiş.

Nəzm əsərində bu günün söhbəti ilə səsləşən bir detal var. Şair yazır ki, Saleh Gəncər 40 ildir İstanbulun mərkəzində yaşayır, amma hələ də başqaları kimi göyərtiyə “səbzə” demir, “pencər” deyir. Bu, bir azərbaycanlının öz sözünü, dilini 40 il aradan sonra da unutmamasının, unuda bilməməsinin göstəricisidir. Ona görə də türk dilini Azərbaycan türkcəsi üçün təhlükə sananlar xatircəm olsunlar. Elə şey olmayacaq.

Mənzum hekayə kədərli tonda bitir. Növbəti dəfə azərbaycanlı yazıçılar İstanbulda olanda onlara Saleh Gəncərin qara çərçivədəki şəklini verirlər. O, bir dəstə dostuyla vətənə gəzməyə gələcəkmiş – turist kimi. Elə o ərəfədə bir səhər yuxudan oyanmayıb. Ürəyindən gedib. Hamı elə bilirmiş, o sağlam adamdır, amma çox adam bilmirmiş: “Saleh Gəncərin ürəyinin elə bir yarası varmış ki, onun nə təbibi, nə çarası varmış”.

Bax, budur bir azman imperiyanın kiçik müstəmləkəsi olmaq, əli-qolu bağlı halda oturub qalmaq.

Sovet hakimiyyəti illərində minlərlə bu taylı culfalı, biləsuvarlı, astaralı sərhədin o tayındakı Culfada, Astarada, Biləsuvarda yaşayan qohum-qardaşlarını ziyarət edə bilmədi və hamısı dünyadan nisgilli köçdü. Minlərlə vedili, basarkeçərli, göyçəli Qarsda, İqdırda yaşayan qohumlarıyla heç vaxt görüşə bilmədi.

Bu gündən baxanda hər şey necə asan görünür. Saleh Gəncər sağ olsaydı, İstanbulda təyyarəyə minər, 2 saatdan sonra Gəncəyə enər, daha bir yarım saatdan Göygölün tamaşasına durardı...

P.S. Şəkildə gəncəli Saleh Gəncərin kədərli əhvalatını qələmə almış şair Rəsul Rzadır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR