Onlayn ictimai-siyasi qəzet
Rusiyada azərbaycanlı kriminallar arasında yenidən savaş başladığı haqda xəbərlər artmağa başlayıb. Rusiya mediası yazır ki, savaşda “qanuni oğru” Ülfət Tağıyev (“Rufo Gəncinski” ), Namiq Canıyev (öldürülmüş “qanuni oğru” Rövşən Canıyevin qardaşı) və Zaur Əhmədov (Rövşənin qohumu) birgə fəaliyyət göstərirlər. Onlara qarşı duran tərəf isə Namiq Səlifov (öldürülmüş “qanuni oğru” Nadır Səlifovun qardaşı) və ona dəsrək verən “kriminal general” Vaqif Süleymanovdur (“Vaqif Diplomat”).
“Vaqif Diplomat” ləqəbi ilə tanınan kriminal avtoritet Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.
Musavat.com publika.az-a istinadla xəbər verir ki, 2001-ci ildə taclandırılan Vaqif Süleymanov biznes və ticarət sahəsindəki fəaliyyəti ilə də tanınır. Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb. Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə, o, hələ cavan ikən həbsxanaya düşsə də, azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər.
Mənbənin sözlərinə görə, 2024-cü ildən başlayaraq Namiq Səlifov və Vaqif Sülüymanovun silahlıları Moskvada, eləcə də Rusiyanın digər bölgələrində “Rufo”nun adamlarını “sıxmağa” başlayıblar. Məsələn, “Rufo”nun adamı Qazaxıstanda vəhşicəsinə döyülüb. Bütün bu qarşıdurmalar təkcə döyülmələrlə deyil, həm də atışma və sui-qəsd cəhdləri ilə müşayiət olunur. Nəticədə, “Rufo” Rusiyanı tərk etmək məcburiyyətində qalıb və onun hazırda Misirdə olduğu deyilir.
İddia olunur ki, guya Ülfət Tağıyev bu ölkədə özünü təhlükəsiz hiss etmir və İrana köçmək üçün danışıqlar aparır. Bildirilir ki, “Rufo” və Rövşən Canıyevin yaxınları “Lotu Quli”nin qardaşının başına 5 milyon dollar mükafat vəd ediblər. Namiq Səlifovun da analoji məbləğdə mükafatı “Rufo”nun başına qoyduğu deyilir.
“Rufo Gəncinski” 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından sayılırdı. “Gəncinski” 2012-ci ildə Dubayda- “Lənkəranski”nin Moskvada hökmranlıq edən “Ded Xasan” klanı ilə qarşıdurmanın qızğın vaxtında “qanuni oğru” adı alıb. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib.
8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Etibarlı mənbələrdən sızan məlumata görə, “Rufo”nun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və bir müddət Moskvada yaşayıb. Ü. Tağıyevin rusca danışmaqda çətinlik çəkdiyi haqda da yazılır. Gülməli bir əhvalat var ki, gürcü “qanun oğru” Badri Kvejoyeviç “Rufo” ya “aktual məsələləri” müzakirə etmək üçün zəng edib. Rus dilini zəif bildiyi üçün bir neçə dəfə həmsöhbətinə “əzizim” deyə müraciət edib. Kvejoyeviç bundan inciyərək telefonu qapadıb.
“Primecrime” saytı isə yazır ki, Ülfət Tağıyevin yaxın adamı Elçin Saatlinski Azərbaycanda saxlanılıb. O, 2020-ci ildə Nadir Səlifovun (Lotu Quli) qətlində, 2023-cü ildə isə onun qardaşı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavski”) qarşı sui-qəsddə əli olub.
Bildirilir ki, "qanuni oğru" Elçin Saatlinski sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Həmçinin, onun üzərindən 3 kq amfetamin götürülüb.
“Lotu Quli”nin bacısı oğluna sui-qəsd sentyabrın 19-da İstanbulda baş verib. Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olan iki mühafizəçisi ilə hərəkət edərkən ona atəş açılıb. Onun mühafizəçilərindən biri öldürülüb, digəri isə yaralanıb.
Orxan ƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ