Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Gəncə şəhəri, Məhsəti qəsəbə sakinləri yağış sularının evlərinə dolmasından şikayət edirlər.
Musavat.com-a müraciət edən sakinlər problemin bir neçə aydır davam etdiyini bildiriblər (yazı burada). Qəsəbə sakinləri problemin həll edilməsi üçün ötən gün qurumun qarşısına toplaşıblar.
Gəncə Şəhər İcra Hakimiyyətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sahədəki yaşayış evləri şəhərsalma və tikinti normalarına riayət edilmədən inşa edilib:
"1980-ci illərdə Gəncə şəhərinin qərb istiqamətində idarə, müəssisə və təşkilat işçilərinə “Sevinc” bağçılıq sahəsində bağçılıq-bostançılıqla məşğul olmaq üçün torpaq sahələri ayrılıb. Lakin sözügedən ərazidə sakinlər tərəfindən şəhərsalma və tikinti normalarına riayət edilmədən yaşayış evləri tikilib.
Sakinlərin məşkunlaşdığı ərazi şəhərsalma və ərazi planlaşdırılması sənədlərinə uyğun olmayan relyefcə təpə və dərələrdən ibarət sahələrdir. Sözügedən küçə relyefcə hər iki tərəfi bağlı olan dərədə yerləşir ki, bu da yağış yağarkən mövcud vəziyyətin yaranmasına səbəb olur".
İcra hakimiyyətindən verilən məlumata görə, sakinlərin müraciəti əsasında sözügedən əraziyə bir neçə dəfə baxış keçirilib: "Bir müddət əvvəl Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə sözügedən küçədə hamarlama işləri görülüb, bununla yanaşı bir neçə dəfə yağışdan sonra əmələ gələn gölməçələr “Gəncə Sukanal TSC”-nin xüsusi texnikaları vasitəsi ilə təmizlənib.
Görülən tədbirlərə baxmayaraq, ərazidə yağış sularının axıdılması üçün çıxış olmadığından mövcud problem tam olaraq həllini tapmamaqdadır. Hazırda Gəncə şəhərində “Açıq Kommunal İnfrastrukur Proqramı II” layihəsi icra olunmaqdadır. Sözügedən layihə çərçivəsində bu ərazidə də içməli su və çirkab su şəbəkəsinin qurulması nəzərdə tutulub. Layihənin qeyd olunan ərazidə icrasından sonra mövcud problem öz həllini tapacaq. Layihənin icrasınadək isə mövcud problemin aradan qaldırılması istiqamətində müəyyən işlər aparılır".
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ