Onlayn ictimai-siyasi qəzet
İsmayıllı rayonunda 1997-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində mübahisə zamanı 40 yaşlı sevgilisi Südabəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Qətl hadisəsi qəsəbələrdən birində baş verib.
Sərxan tam orta məktəbin yeni tikilmiş binasının arxa hissəsində yerləşən, həmin məktəbin istifadəsiz qalmış köhnə binasının birinci mərtəbəsində olarkən qəsəbədə yaşayan və məktəbdə xadimə işləyən tanışı Südabəni görüb.
Sərxan gizli sevgi münasibətləri barədə Südabənin ailə üzvlərinin və qohumlarının öyrənmələri, ondan qəsəbəni tərk etməsini tələb etmələri səbəbindən sevgi münasibətlərini artıq davam etdirə bilməyəcəyini düşünüb. O, ailə üzvlərindən və qohumlarından dolayı yolla qısas almaq məqsədi ilə Südabəni öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün üstündə olan ov bıçağını koftasının sağ əl qolluq hissəsinin altında gizlədərək məktəbin yeni tikili binasının giriş qapısının qarşısına gedib. Qapını açaraq dəhlizdə qapının yanında oturmuş Südabədən həyətinə çıxmasını istəyib. Qadını məktəbin yeni tikilmiş binasının sol tərəfinə aparıb.
Koftasının sol qolluq hissəsindən bıçağı çıxararaq sağ ovcunda gizlədib. Daha sonra arxası ilə gələn Südabə ilə üzbəüz 2 metr məsafədə dayanaraq ondan qorxmamasını və yanına gəlməsini istəyib.
Sərxan Südabəyə yaxınlaşaraq sağ qolundan tutub və ona bıçaq zərbələri vurub. Ümumilikdə 22 bıçaq zərbəsi alan qadın ölüb.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Əsmərin anası olduğunu bildim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2021-ci ildən orta məktəbdə gözətçi işləməyə başlayıb: “Orada məktəbdə xadimə işləyən əvvəllər tanımadığım Südabə ilə tanış oldum. Onun təxminən 2020-ci ilin ortalarından qəsəbədə evlənmək niyyətində olduğum, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqdan çəkindiyim Əsmərin anası olduğunu bildim.
Təxminən 2021-ci ilin iyun ayının sonlarından Südabə ilə aramızda sevgi münasibəti yarandı. Daha Əsmərlə maraqlanmadım. Eyni zamanda Südabəyə də qızı Əsmərdən əvvəllər xoşumun gəldiyini, lakin onun özünü tanıdıqdan sonra Əsmərlə ailə qurmaq fikrindən daşındığımı bildirdim.
Südabənin evli və 4 uşaq anası olması səbəbindən münasbətlərimizi hamıdan gizlətdik.
Mən Südabəni çox sevirdim. Hətta bir dəfə Südabə mənə əri Ruhlandan ayrılaraq mənimlə başqa yerə gedərək yaşaya biləcəyini də dedi. Südabə ilə İsmayıllı şəhərində xatırlamadığım ünvanlarda onun özünün gündəlik kirayəyə götürdüyü evlərdə bir neçə dəfə cinsi münasibətdə olmuşam”.
“Bacı gözü ilə baxdığımı dedim”
Təqsirləndirilən şəxsin sözlərinə gorə, təxminən 2022-ci ildə axşam saatlarında xatırlamadığı telefon nömrəsindən Südabənin oğlu Elşən ona zəng edib və qəsəbəyə gəldiyini, onunla görüşmək istədiyini bildirib:
“Mən orta məktəbdə olduğumu və orada onu gözləyəcəyimi dedim. Təxminən gecə saat 00:30-da Elşən yenə zəng edərək qohumu Zülfü ilə məktəbin yaxınlığında olduğunu bildirdi. Mən məktəb binasının arxa qapısından içəri daxil olmalarını istədim.
Elşənlə Zülfü məktəb binasının arxa qapısından içəri girdilər və orada söhbət etməyə başladıq. Elşən mənə qəsəbədə anası Südabə ilə aramızda sevgi münasibətinin olması barədə şayiələrin gəzidyini dedi, buna aydınlıq gətirməyimi istədi.
Mən ona Südabə ilə sadəcə iş yoldaşı olduğumuzu, ona bacı gözü ilə baxdığımı dedim. Elşən ilə Zülfü mənə inandıqlarını deyərək getdilər”.
“Anası ilə yazışdığımı dedim”
Sərxan qeyd edib ki, növbəti günlərdə əmisi oğlu Elmar, Elmarın dostları Samir və Telmanla Qəbələ rayonuna çay içməyə gediblər: “Qəbələdən qayıtdıqdan sonra Elmarla kafelərin birində oturaraq yeyib-içmək üçün İsmayıllı şəhəri ərazisindən iki ədəd cipsi və tum aldım. Lakin Elmar işi olduğunu bildirərək mənimlə kafeyə getmədi.
Təxminən saat 20 radələrində Zülfünün votsapına mesaj yazaraq 2 butulka çaxırımın olduğunu, İsmayıllı şəhərindən qəsəbəyə gəldikdə xəbər edəcəyimi dedim, ona birgə çaxır içməyi təklif etdim. Zülfü mənimlə razılaşdı. Təxminən 15 dəqiqə sonra Zülfüyə zəng edərək qəsəbədə orta məktəbdə olduğumu bildirdim və çaxır içmək üçün məktəbə gəlməsini istədim. Zülfü məktəbə Elşənlə gələcəyini dedi.
Mən onlarla birlikdə əvvəl birinci mərtəbədə gözətçi üçün ayrılmış otağa getdim. Lakin orada internet şəbəkəsi tutmadığı üçün sinif otağına getməyi təklif etdim. Üçümüz ikinci mərtəbədəki qapısı açıq sinif otağına getdik.
Orada Zülfü ilə çaxır içməyə başladıq, Elşən isə spirtli içki qəbul etmədiyindən bizə qoşulmadı. Təxminən 2 saat ərzində aldığım ya 700 qramlıq, ya da 1 litrlik olan iki ədəd çaxırdan birini tam, ikinci şüşədən isə yarısını içdikdən sonra içkinin təsiri altında votsapda Südabə ilə yazışmağa başladım, kövrələrək gözümdən yaş da gəldi.
Bu zaman Elşən yerindən duraraq tualetə gedərkən arxadan keçdikdə telefonla Südabə ilə yazışdığımı gördü. Əlimdən telefonu aldı, anası ilə danışdığımı görərək “kiminlə yazışırsan?” deyə soruşdu. Mən artıq çarəsiz qaldım və Elşənə anası ilə danışdığımı dedim.
Artıq utandığım üçün telefonunu ondan istəmədim, telefonuma baxmasına razılıq verdim”.
“Telefondakı yazışmanı göstərdi”
Sərxanın sözlərinə görə, bu zaman Elşən onun üz nahiyəsinə yumruq zərbələri vurub: “Zülfü yerindən duraraq onu tutmaq istədi. Elşən sinif stolunun üzərindəki boş çaxır şüşəsini götürüb başıma vurmağa çalışdı. Əlimlə başımı tutduğumdan şüşə əlimə dəydi.
Elşənin hər iki əli bilmədiyim səbəbdən sarğıda olduğundan vurduğu yumruq və şüşə zərbələri elə də güclü olmadı. Mən ünahkar olduğum üçün Elşənə ümumiyyətlə əl qaldırmadım.
Zülfü Elşəni tutaraq sakitləşdirdi. Elşəngilə gedərək məsələyə aydınlıq gətirməyi təklif etdi. Üçümüz də oradan çıxdıq və təxminən saat 23 radələrində piyada Elşəngilə getdik.
Evlərinin həyətinə girən kimi Elşən yüksək səslə anası Südabəni çağırmağa başladı. Biz evin qapısına çatdıqda Südabə qapını açan kimi Elşən sağ əli ilə onun üz nahiyəsinə şillə vurdu. Sonra isə evə girdi. Onun arxası ilə Zülfü və mən evin qonaq otağına daxil olduq.
Elşən evə girəndən sonra Südabənin saçlarından tutaraq digər əlində telefonundakı yazışmanı göstərdi, yüksək səslə bunun nə yazışma olduğunu soruşdu. Südabə isə ağlaya-ağlaya mənimlə arasında heç bir münasibətin olmadığını dedi. Elşən dayılarına da zəng edərək onların evinə gəlməsini istədi”.
“Qəsəbədən birdəfəlik getməyimi istədilər”
Təqsirləndirilən şəxsin sözlərinə görə, səs-küyə Südabənin əri Ruhlan, Elşənin bacısı Əsmər, qardaşı Kərim, eyni həyatyanı sahədə yaşayan Əbülfət gəlib: "Təxminən 5 dəqiqə sonra qonşuluqda yaşayan Səmayə və Əbülfətin arvadı Aytən, daha sonra Südabənin qardaşları Xəlil və Pənah da gəldilər.
Pənah gələn kimi Elşən ilə Zülfüdən qışqırmamağı, qəsəbəyə birabır olacaqlarını dedi. Çünki onlar yüksək səslə oradakı şəxslərə Südabə ilə mənim gizlin eşq yaşadığımızı deyərək arada məni və Südabəni təhqir edirdilər. Yəni “cındır” və “alçaq” kimi sözlər işlədirdilər.
Elşən dayılarını görən kimi qışqıra-qışqıra onlara anasının mənimlə yazışdığını bildirdi. Mənim tərəfə gəldikdə Pənah Elşənə sakitləşməsi üçün bir dəfə şillə vurdu. Daha sonra mənə yaxınlaşaraq üzümə yavaş tərzdə şillə vurdu və məni Südabə ilə danışdığıma görə təhqir etdi. Südabə isə ağlaya-ağlaya digər otağa keçərək qapını bağladı. Xəlillə Pənah evə gəldikdən sonra Elşənlə Zülfünü çölə çıxartdılar. Qonaq otağında mən, Əbülfət, Ruhlan, Pənah və Xəlil qaldıq. Əsmərlə Kərim də Südabənin olduğu otağa keçdilər.
Əbülfət sakit şəkildə mənimlə Südabə arasında sevgi münasibətinin olduğunu, Südabənin telefonundakı yazışmaları da gördüklərini bildirdi. Onlar məndən qəsəbədən birdəfəlik getməyimi, aranın sakitləşməsi üçün bir müddət qəsəbədə olmamağımı istədilər.
Mən özüm də onlara qəsəbədən gedəcəyimi dedim. Onlar qəsəbədən getməyimi hədə-qorxu ilə tələb etmədilər. Orada təxminən 1-2 saat qaldım. Lakin həyacanlı olmağım səbəbindən həmin müddət ərzində hansı söhbətlərin olmasını tam xatırlamıram”.
“Münasibətlərimizi xeyli fikirləşdim”
Sərxan qeyd edib ki, gecə saat 1 və ya 2 radələrində Südabəgilin evini tərk edib: “Məktəbə işimə qayıtdım. Yeni məktəb binasının birinci mərtəbəsindəki gözətçi üçün ayrılmış otaqda açarı hər zaman məndə olan və bağlı saxladığım siyirməni açdım. Qəsəbə ərazisində təxminən 2021-ci ilin əvvəllərində müharibədən qayıtdıqdan sonra dəqiq xatırlamadığım yolun kənarından tapdığım bıçağı hər ehtimala qarşı Südabənin qohumlarının üzərimə hücum kəçəcəyindən ehtiyat edərək özümü müdafiə etmək məqsədi ilə götürdüm.
Bıçağı şalvarımın sol cibinə qoydum, gödəkçəmi də əynimə geyindim. Məktəbin köhnə binasının üçüncü mərtəbəsindəki istifadəsiz sinif otağına getdim. Gecəni səhərədək oturaraq baş verənləri, yəni Südabə ilə aramızda olan münasibətlərdən onun ailə üzvlərinin və qohumlarının xəbər tutması barədə xeyli fikirləşdim. Bundan sonra nə edəcəyimi bilmədim”.
Sərxan deyib ki, bu zaman telefonunun Südabənin evində qaldığını bilib: “Lakin utandığım və mənə hədə-qorxu gəlməsələr belə nəsə edəcəklərindən qorxduğum üçün gedib telefonumu götürmədim.
İşlədiyim məktəbin girəcəyində gözətçi otağının olmasına baxmayaraq Südabənin qohumlarının məni öldürə biləcəklərindən ehtiyat etdiyi üçün gecəni orada qalmadım.Məktəbin köhnə binasının üçüncü mərtəbəsində səhərədək təxminən 1-2 saat yuxu yatdım. Özümlə götürdüyüm bıçağı isə yanıma qoydum”.
“Qisas almaq qərarına gəldim”
Sərxanın sözlərinə görə, növbəti gün təxminən saat 6 radələrində yuxudan oyanıb və əvvəlki gün baş vermiş hadisə barədə düşünməyə başlayıb: “Saat 9 radələrində məktəbin köhnə binasının üçüncü mərtəbəsində qaldığım yararsız sinif otağından çıxaraq Südabənin məktəbə gəlib-gəlmədiyinə baxmaq üçün yandakı sinif otağına keçdim. Oradan məktəbin təzə binasının birinci mərtəbəsindəki pəncərəsindən dəhlizdə Südabənin dayandığını gördüm.
Südabəni çox sevdiyi üçün və daha birlikdə olmayacağımızı başa düşdüyümdən, həmçinin onunla məni ayırdıqları üçün qohumlarından qısas almaq niyyəti ilə onu öldürmək qərarına gəldim.
Gecə qaldığım otağa keçib yerə qoyduğum bıçağı götürdüm və sol əlimin uzunqol koftasının qolunun içəri hissəsinə gizlədərək dərhal köhnə binadan çıxdım.
Südabənin qohumlarının mənə hücum edəcəklərindən ehtiyat edərək xatırlamadığım yerdən təxminən 1 metr uzunluğunda plasmas borunu da əlimə aldım, torpaqlı sahə ilə məktəbin yeni binasının qarşısına getdim.
Məktəb binasının giriş qapısının qarşısından binaya girmədən Südabəni dəhlizdə gördüm. Onu çağıraraq çölə çıxmasının istədim. Giriş qapısının qarşısında məktəbin təsərrüfat müdiri mənim içəri girməyimi istədi. Ona bir azdan gələcəyimi dedim və Südabəni çağıraraq məktəbin sol yan tərəfinə keçdim”.
“Bildirdim ki, heç nə eləməyəcəm”
Sərxan qeyd edib ki, məktəbin yan tərəfinə keçən kimi gizlətdiyi bıçağı sağ əlinə keçirib: “Südabə mənim arxamca yanıma gəldi. Məndən təxminən 3 metr aralıda dayandı və sol əlimdə plasmas borunu gördü. “Məni vuracaqsan?” - soruşdu. Mən onu qorxutmamaq əlimdəki borunu kənara atdım. “Yox, vurmayacam, gəl sənə söz deyirəm” - dedim.
Südabə yenə: “mənə neyniyəcəksən?” - soruşdu. Bildirdim ki, heç nə eləməyəcəm, bura gəl. Südabə inandı və mənə tərəf yaxınlaşdı. Mən də ona yaxınlaşaraq sol əlimi onun boyun nahiyəsinə atdım və qucaqlayıb sağ əlimdəki bıçaqla bədəninin sol nahiyəsinə zərbə vurdum. Zərbənin təsirindən Südabə yerə yıxıldı. Onun bədəninin müxtəlif nahiyələrinə xatırlamadığım sayda zərbələr vurdum”.
“Özümü öldürmək istədim”
Sərxan qeyd edib ki, Südabənin ölməsinə əmin olub və məktəbin girişinə gəlib: “Qapını aralayaraq dəhlizdə olan təsərrüfat müdirinə “vurdum, Südabəni oradan götürün” dedim. Məktəbin köhnə binasına gəldim. Təxminən 5-6 dəqiqə baş verənlər barədə fikirləşdim. Özümü də öldürmək niyyətində olduğumdan köhnə əşyaların olduğu istifadəsiz sinif otağına getdim. Oradan işlənməmiş ülgüc götürüb, həmin yerdən çıxdım. Dəmir setkanın qapısını açaraq tək piyada gəzə-gəzə meşənin içi ilə İsmayıllı rayonunun kəndi istiqamətində getdim.
Məktəbdən təxminən 500 metr aralandıqdan sonra meşədə dayandım. Bir saat torpaq səthi üzərində oturdum, cibimdən ülgücü çıxardaraq sol qolumun bilək nahiyəsinə xatırlamadığım sayda zərblə özümü öldürmək məqsədi ilə xəsarətlər yetirdim.
Daha sonra fikrimi dəyişərək kəndə getdim. Adını bilmədiyim, kənd sakini kimi tanıdığım bir kişidən telefon istədim. Daxili İşlər Nazirliyinin “102 qaynar xətti”nə zəng etdim, təslim olmaq istədiyimi bildirdim. Südabəni öldürdüyüm bıçağı ətrafda olan kolluğa atdım”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 17 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ