İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlirlə işləyən dövlət müəssisələri qismən özəlləşdirilir: dövlət nə qədər qazanacaq - təhlil

“Bu, korrupsiya risklərini azaltmaqla mənfəət normasını artıra, fəaliyyətlərə müasir texnologiyaların cəlbinə, yeni ixrac bazarlarının qazanılmasına gətirib çıxara bilər”

Azərbaycanda bir sıra iri dövlət müəssisələrinin qismən özəlləşdirilməsinə başlanılır. Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamla “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, həmçinin  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, SOCAR-a məxsus “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu qismən özəlləşdiriləcək müəssisələr kimi müəyyən olunub. 

Sərəncama əsasən, bu addımda məqsəd dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsidir. 

İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, həmin müəssisələrin hesabına nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, 9 ay müddətində dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması; qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları; potensial investorların dairəsi; müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları; dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları; həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir. 

Qeyd edək ki, qismən özəlləşdirmə üçün ayrılan dövlət müəssisələrinin demək olar ki, hamısı gəlirlə işləyən, investorlar üçün cəlbedici olan müəssisələrdir. Məsələn, Xəzər Dəniz Gəmiçiliyi QSC - ASCO Xəzər dənizində ən böyük yük donanmasına sahib olan şirkətdir. 2014-cü ildə SOCAR və “Kaspar”ın yük donanmasının birləşdirilməsindən formalaşdırılıb. Tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. 

Nəqliyyat donanması 53 gəmi, o cümlədən 22 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmidən ibarətdir.

İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmidən ibarətdir.

 Müəssisənin fəaliyyəti gəlirlidir, 2022-ci ili 65,4 milyon manatlıq xalis mənffətlə başa vurub. Avropadan Asiyaya yükdaşımaların mühüm marşrutu olan Orta dəhliz - Çin-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Avropa üzrə daşımaların sürətlə artdığını nəzərə alsaq, ASCO-nun özəl investorlar üçün çox cəlbedici olduğunu söyləyə bilərik.

Ölkənin qızıl və gümüş yataqlarının bir hissəsinin istismarını həyata keçirlən “AzerGold” QSC 2022-ci il üzrə maliyyə hesabatını açıqlamasa da, müəssisənin kifayət qədər gəlirli və cəlbedici olduğu məlumdur. 2021-ci ildə QSC 33 milyon dollardan yuxarı xalis mənfəət əldə edib.

“Aztelekom” və “Baktelekom”a gəlincə, bu dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi müəyyən zamanla dəfələrlə gündəmə gətirilib. İndi hökumət onların tamamilə deyil, qismən özəlləşməsinə qərar verib. 

SOCAR-ın tabeliyində olan müəssisələr də perspektivli müəssisələrdir. Belə ki, karbamid zavodunun yaradılması ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb. Hazırda zavodun istehsal etdiyi karbamid ölkə daxilində satılmaqla yanaşı, xaricə də ixrac olunur. 

Metanol zavodu vaxtilə ABB-dən alınan  kredit hesabına yaradılıb, bir neçə il fəaliyyət göstərib. Lakin xammal çatışmazlığı üzündən fəaliyyətini dayandırıb. Zavod 2016-cı ilin noyabr ayından SOCAR-ın törəmə şirkəti - “SOCAR Methanol” MMC təhvil alıb, 2018-ci ilin oktyabr ayından isə obyekt SOCAR-ın strukturuna daxil edilib. SOCAR zavodu yenidən qurub, 2021-ci ildə yenidən fəaliyyətini bərpa edib. SOCAR zavodu əldə etdiyi dövrdə ABB Maliyyə Nazirliyinin təminatı ilə şirkətə 1,5 milyard manat kredit ayırıb. Daha sonra həmin kredit dövlət hesabına SOCAR-ın borcları sırasından silinib.

Metanol zavodunun məhsulu 10-dan yuxarı ölkəyə ixrac edilir. 

“Azərkimya”nın Etilen-polietilen zavodu da yenidənqurmadan keçib və sağlamlaşdırılmış müəssisələrdən hesab olunur.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, bu zavodların özəl investorlara verilməsi SOCAR-ın maliyyə yükünün azalmasına gətirib çıxaracaq: “SOCAR xammalı satacaq, qazancını götürəcək. O xammaldan son məhsulu əldə edib satmaq isə artıq özəl investorların işi olacaq”.

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənova görə, gəlirlə işləyən müəssisələrin paylarının qismən özəlləşdirilməsi müsbət qiymətləndirilə bilər: “Nəzərə almaq lazımdır ki, optimal özəlləşdirmə daha sağlam maliyyə-təsərrüfat fəaliyyətinə məxsus olan müəssisələrdə mümkündür. Yəni belə müəssisələri daha yüksək qiymətə özəlləşdirmək olur. Siyahıdakı müəssisələrin bir neçəsinin özəlləşdirilməsi uzun müddətdir ki, təklif olunur. Məsələn, Beynəlxalq Bankı götürək. Onun sağlamlaşdırılması başa çatıb, özəlləşdirilməsi üçün qoyulan müddət də. Hökumət onun özəlləşdirilməsini yubatdı. Halbuki özəlləşmə bankı risklərdən qoruya bilər. İndi onun bir hissəsinin özəlləşdirilməsi maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artıra, korrupsiya risklərini azalda bilər. Eyni fikir ”AzerGold", “Baktelekom”, “Aztelekom”a da aid oluna bilər. Bu müəssisələrin də özəlləşdirilməsi, onlara özəl investisiyanın cəlbi prosesə kənar nəzarətin daxil olması deməkdir. Bu nəzarət korrupsiya risklərini azaltmaqla mənfəət normasını artıra, fəaliyyətlərə müasir texnologiyaların cəlbinə, yeni ixrac bazarlarının qazanılmasına gətirib çıxara bilər".

Ekspert bildirir ki, hazırda dövlətə məxsus olan və zərərlə işləyən çoxsaylı müəssisələr mövcuddur: “Beləəssisələr dövlət büdcəsinə əlavə yük formalaşdırır, ölkədə korrupsiya səviyyəsinin yüksəlməsində rol oynayırlar. Beləəssisələrin də özəlləşdirilməsi sürətləndirilməli, mümkün qədər qısa vaxtda  dövlətsizləşdirməyə nail olunması tövsiyə olunur”. 

Dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi iqtisadi artıma səbəb olacaq -  ŞƏRH

Günay Quliyeva

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin rəhbəri Günay Quliyeva bildirir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd edildiyi kimi, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməli, yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır: “Prioritetlərə uyğun olaraq, Azərbaycan iqtisadiyyatına özəl sərmayə cəlbinin artırılması üçün dövlət aktivlərinin bir hissəsinin özəl sektora müxtəlif mülkiyyət və idarəetmə formalarından istifadə etməklə ötürülməsi böyük əhəmiyyət kəsb edi”r. 

Şöbə müdiri Sərəncamdakı daha mühüm bir məqama diqqət çəkib. O qeyd edib ki, iqtisadiyyatda dövlətin miqyasını optimallaşdırmaq və qeyri-dövlət investisiyalarının cəlbinin artırılması uzunmüddətli iqtisadi artımı dəstəkləyə bilər: “Təbii ki, bunun üçün ilk növbədə investisiyaya açıq müəssisələr, onların maliyyə ehtiyacları və həmin müəssisələrdə dövlət və özəl sektorun payının optimal nisbətini müəyyənləşdirmək zəruridir. Bütün bu məsələlər Sərəncamda öz əksini tapıb və özəl investisiyaya açıq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilib. Digər tərəfdən, dövlət müəssisələrinə yeni və innovativ texnologiyalardan istifadə edən özəl şirkətlərin investisiya qoyması uzun müddətli perspektivdə iqtisadiyyatda daha çox əlavə dəyər yarada bilər. Bütün bunlar sayəsində Azərbaycan qısa müddətdə qlobal dəyər zəncirinə qoşula bilər”.

İİTKM təmsilçisi hesab edir ki, müəyyən strateji sahələr istisna olmaqla, digər sahələrdə dövlətin bilavasitə iştirakının optimallaşdırılması, həmin fəaliyyət növlərinin mərhələli şəkildə özəl sektora ötürülməsi nəticəsində iqtisadi səmərəliliklə yanaşı, dövlət resurslarına qənaət olunmasına və iqtisadiyyatın dövlət sərmayəsindən asılılığının azaldılmasına nail oluna bilər: “Qeyd edim ki, qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiya cəlbinin təşviq edilməsi, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiya olunması ”Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da öz əksini tapıb".

Hesablamalara görə, Azərbaycanda işğaldan azad olunan ərazilərin bərpası, məskunlaşmanın təmin olunması üçün 50-60 milyard dollar arası vəsaitə ehtiyac duyulacaq. Hökumət bu vəsaitin bir hissəsini xarici kreditlər hesabına təmin etməyi hədəfləyir. Prezidentin imzaladığı sərəncamdan aydın olur ki, daha bir hissə vəsaitin gəlirli dövlət müəssisələrinin qismən özəlləşdirilməsindən əldə edilməsi nəzərdə tutulur. Hələlik siyahıdakı müəssisələrin hansı hissəsinin özəl investorlara satılacağı müəyyənləşmədiyi üçün əldə olunacaq vəsaitin həcmi barədə nəsə demək mümkün deyil. Lakin hesab etmək olar ki, hökumət bu prosesdən minimum 10 milyard manat əldə edə bilər. Əlbəttə, müəssisələr obyektiv qiymətləndirilib, özəl investisiya cəlbi sağlam rəqabət mühitində həyata keçirilsə...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR