Onlayn ictimai-siyasi qəzet
Xalid Kərimli: “Xidmətin keyfiyyətindən narazıdırlarsa, aidiyyəti qurumlara müraciət etsinlər”
2025-ci ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1999,4 milyon manat vəsait nəzərdə tutulub. “Yeni Müsavat” xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. Sənəddə qeyd olunub ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz, 2023-cü illə müqayisədə isə 277,3 milyon manat və ya 16,1 faiz çoxdur. Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.
Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1410,4 milyon manatı (2024-cü illə müqayisədə 42,4 milyon manat və ya 3,1 faiz çox) və ya 70,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması və müvafiq dövlət proqram və tədbirləri üzrə xərclərə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsinin layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 1410,4 milyon manat vəsaitin 1266,6 milyon manatını və ya 90 faizini dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir ki, bu cari illə müqayisədə 38,2 milyon manat və ya 3,1 faiz çoxdur. Bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.
Belə ki, 2025-ci il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 124,1 manat götürülməklə 2024-cü ilin sonuna gözlənilən 2,7 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.
Bütövlükdə 2020-ci ildən tətbiq olunmuş adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artırılacaq.
Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirlər üçün 143,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,2 milyon manat və ya 3 faiz çoxdur.
2025-ci ilin büdcə layihəsində Səhiyyə Nazirliyinə ümumilikdə 327,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 12,1 milyon manat və ya 3,8 faiz çoxdur.
Büdcə layihəsində icbari tibbi sığorta ilə bağlı məqam diqqət çəkir. Belə ki, adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artırılacaq. Qeyd edək ki, icbari tibbi sığorta haqlarının artacağı ehtimalı narazılıqla qarşılanlıb. Bəziləri qeyd edir ki, çox vaxt icbari tibbi sığortadan normal istifadə edə bilmirlər, saatlarla növbələrdə dayanır, min bir bəhanə gətirilərək süründürməçiliklə üzləşirlər. “Keyfiyyətli səhiyyə xidməti görmürüksə, o zaman niyə maaşımızdan artıq pul ödəməliyik”, - deyə suallar verirlər.
Yada salaq ki, ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Qanunvericiliyə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödənilir.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu məbləğ çox deyil. Çünki ölkənin səhiyyə sektorunda on minlərlə insan çalışır da, onların əmək haqlarını da artırmaq lazım gələcək. Ölkədə minimum əmək haqqı, ümumilikdə bütün sektorlarda əmək haqqı artırılacaqsa, dövlət tibbi icbari sığorta prosesini həyata keçirdiyinə görə bu xərclər də artacaq. Biz həkimlərin maaşını artırmalıyıq, xidmətlərin də dəyəri artır, ölkəyə gətirilən dərmanların da qiyməti artır. Bunun qarşısını ala bilmərik. Tibb xidmətlərinə tələbat aşağı düşmür. Buna görə də hesab edirəm ki, artırılan məbləğ çox deyil, azdır, amma indi ölkənin imkanları çərçivəsində olmalıdır. Tibb xidmətləri, həkimlərimizin əməkhaqları dünya ortalamasından aşağıdır, bizim yaxşı bildiyimiz Türkiyə, İsrail, Rusiyanın tibb ocaqlarından da aşağıdır.
O ki qaldı əhalinin tibbi xidmətlə bağlı narazılığına, Milli Məclis bununla bağlı qərar qəbul edib. Hansısa dövlət xidmətinin keyfiyyəti aşağıdırsa, o demək deyil ki, pul verməməliyik. Dövlət onsuz da icbari tibbi sığortanı əmək haqlarında faizlə hesabladığına görə əmək haqları artanda avtomatik olaraq toplanan icbari sığorta haqları da çoxalacaq. Bütün sektorlarda əmək haqları artırsa, həkimlərin də maaşı artmalıdır. Çünki həkimin də orta aylıq maaşı yüksək deyil. O ki qaldı vətəndaş xidmətdən narazıdır, bu, idarəetmə problemidir. Xidmətin keyfiyyətindən narazıdırlarsa, aidiyyəti qurumlara müraciət edə bilərlər. Bu başqa bir mövzudur. Biz bunu ödəməliyik, maaşımız artdıqca da həmin 2 faiz də artacaq. Demokratik idarəçilikdir. Hakimiyyətin 3 qolu var, qanunvericilik, icraedici və məhkəmə hakimiyyəti. Hüquqlarımızı müdafiə etməliyik. Digər tərəfdən, icbari tibbi sığortanı ödəmək könüllü deyil, bunu ödəməliyik. Bu yalnız bizim ölkədə deyil, harada yaşayırıqsa, orada vergilər ödənilir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ