İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəl öz general mundirimi sənə verim”– Xruşşov DTK sədrini nəyə görə təhqir edib?

 

Nikita Xruşşovu çıxmaq şərti ilə sovet liderləri siyasi fəaliyyətlərində, şəxsi həyatlarında, rəsmi və qeyri rəsmi tədbirlərdə mədəni danışıq və davranış nümayiş etdiriblər. Hətta amansızlığı ilə fərqlənən İosif Stalin də ən gərgin anlarda belə kimisə təhqir etməyi özünə rəva bilməyib. Düzdür, Stalin sərt tənqid edib, müşavirələrdə kiməsə zalı tərk etməyi əmr edib, amma şəxsiyyətə toxunacaq ifadələrdən, söyüşlərdən istifadə etməyib.

Xoş xasiyyətli Leonid Brejnev də ən mürəkkəb məsələləri, xüsusilə də kadr dəyişiklikləri zamanı yaranan problemləri sülhlə həll edib. Həmçinin Yuri Andropov mədəni bir siyasi fiqur kimi tanınıb. Konstantin Çernenkonun 13 aylıq hakimiyyəti dövründə ümumiyyətlə yüksək tonda səsi çıxmayıb.

Mədəniyyət və davranış məsələsində Nikita Xruşşov hakimiyyətinin ilk illərindən tarixə maraqlı hadisələr yazıb. O öz çılğınlığını, səs-küyünü təkcə SSRİ-də deyil, xarici ölkələrdə rəsmi səfərlərdə olanda da nümayiş etdirib.

E462E94F-C0ED-4FD4-AB60-5BEF627D1A6C_w1200_r1.jpg (90 KB)

11 il hakimiyyətdə olan Nikita Xruşşov 1958-ci ildən rəhbərliyinin son ilinə, 1964-cü ilə qədər altı il ərzində dövlət təhlükəsizliyi orqanlarında çalışan və tutduqları vəzifələrinə görə general rütbəsi almalı olan zabitlərə ali rütbələr verməyib. Hətta 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunan Vladimir Semiçastnı komitəyə mülki şəxs kimi rəhbərlik edib.

DTK-da vəzifə ranqına görə general rütbəsi almalı olan şəxslər dəfələrlə Semiçastnıya müraciət ediblər. Komitə sədri də öz növbəsində Xruşşovla hər görüşündə bununla bağlı məsələ qaldırıb. Semiçastnı daha çox tabeliyində olan zabitlərin narazılığına görə narahat olub. Hər halda rütbə gəzdirən şəxslər üçün növbəti rütbəni almaq xidmətin keyfiyyətinə də təsir edib.

Ancaq nədənsə vaxtilə general rütbəsinə layiq olmayan, amma general mundirini böyük həvəslə geyinən Nikita Xruşşov Semiçastnının rütbə ilə bağlı müraciətindən müxtəlif bəhanələrlə yayınıb.

орра.jpg (97 KB)

Növbəti görüşlərin birində DTK sədri rütbə ilə bağlı komitədə narazılığın yaranması ilə bağlı Xruşşova məlumat verib:

  • Nikita Sergeyeviç, komitənin elə əməkdaşları var ki, onlar illərdir ki, general rütbəsini gözləyirlər. Həmin əməkdaşlar bu rütbəni mükafat qaydasında istəmirlər. Onlar tutduqları vəzifəyə görə bu rütbəni daşımalıdırlar. Nəzərinizə çatdırım ki, bu məsələ bütövlükdə dövlət təhlükəsizliyi orqanları əməkdaşlarında narazılığa səbəb olur.

Semiçastnının bu cür izahı, xüsusilə də “narazı” ifadəsi Xruşşovu qıcıqlandırıb. O, Semiçastnıya Kremlin xüsusi yeməkxanasına getməyi göstəriş verib. Adətən, nahar fasiləsi zamanı Kremlin xüsusi yeməkxanasına yığışan yüksək çinli məmurlar nahar fasiləsi zamanı Xruşşovun da iştirakı ilə qeyri-rəsmi bir mühitdə bir sıra məsələləri də müzakirə ediblər.

Semiçastnı Xruşşovun əmrini icra edərək Kreml yeməkxanasına yollanıb və elə düşünüb ki, sözügedən məsələ öz həllini məhz orada tapacaq. Amma DTK sədri fikirlərində yanılıb.

Çox keçməmiş Xruşşov Kreml məmurlarının toplaşdığı yeməkxanaya təşrif buyurub. Əvvəlcə adəti üzrə ayrı-ayrı sahələrə rəhbərlik edən məmurları qısa sorğu-suala tutub. Sonra səsinin tonunu bir az qaldıraraq əlini Semiçastnıya uzadaraq ətrafdakılardan soruşub:

  • Siz bu cavan oğlanı tanıyırsınız?

Yerdən hamı Semiçastının kim olduğunu təsdiqləyib. Xruşşov “alovlu” nitqinə başlayıb:

  • Bax, bu cavan oğlan bir ildir ki, dövlətimiz üçün mühüm sahə olan dövlət təhlükəsizliyi orqanlarına rəhbərlik edir. Onu Bakıdan Moskvaya mən çəkib gətirmişəm. Azərbaycanın ikinci katibi idi. Etimad göstərdim, yüksək vəzifəyə təyin etdim. İndi bu oğlan hər gün gəlib qapımı döyüb məndən general rütbəsi istəyir. Heç cür anlaya bilmirəm ki, bir ildən də az müddətdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən şəxsdə belə rütbə hərisliyi necə yaranır. Sən əgər general rütbəsinin belə vurğunusansa, gəl mən öz general mundirimi sənə verim, geyin. Amma sən mənim şalvarımın içində itib batacaqsan.

Semiçastnı toplaşanlara qaldırdığı məsələnin özü ilə bağlı olmadığını anladıb, Xruşşovun təhqir dolu ifadələrinə isə cavab verməyib.

622dc5d244e9f.jpeg (197 KB)

Beləliklə, Xruşşov hakimiyyətinin sonuna qədər DTK əməkdaşlarını general rütbəsinə həsrət qoyub.

Vladimir Semiçastnı sonralar özünün “Narahat ürək” xatirələr kitabında həmin hadisəni belə xatırlayıb:

“Mən Nikita Xruşşovun kobud adam olduğunu bilirdim, amma belə səviyyəyə düşməsinə inanmırdım. O, məni Kremlin ən yüksək vəzifəli şəxslərinin qarşısında təhqir etdi, alçaltdı, “rütbə hərisi” adlandırdı. Mən dövlət başçısının bu cür münasibətinə yalnız təəssüf edirdim. Onsuz da hamı Xruşşovu yaxşı tanıyırdı, onun mədəniyyətinə yaxşı bələd idilər və sözsüz ki, Xruşşov bu təhqiri ilə təkcə məni yox, dövlət təhlükəsizliyi orqanlarının bütün əməkdaşlarını alçaltmış olurdu, elə həm də özünü...”

İlham Cəmiloğlu, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR