İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gedin, bir də geri qayıtmayın!...” – Laçın postunda ermənilərə deyilən “açar söz”

Ermənilər bizə minnətdar olmaq əvəzinə ki, quru sərhədlərimiz bağlı ola-ola da onlara heyrətamiz dözüm göstərir və istisnalar edirik, gediş-gəlişlərinə izn veririk, yenə xəbisliklərindən qalmırlar. Laçın yolunu hiyləgərcəsinə “Ermənistan-artsax yolu” adlandırıb da, sərhəddəki postumuzu qanunsuz (!) sayırlar.

Sanki Azərbaycanın suveren ərazilərinə bu yolun dəxli yoxmuş. Sanki biz onu 1992-ci ilin mayında – Laçın və Şuşa işğal ediləndən ermənilərə əbədilik peşkəş eləmişik, indi də geri almışıq deyə, dəliyə dönüblər. Halbuki biz, sadəcə, əlimizdən zorla alınanı geri qaytarmışıq. Bundan sonra istəyərik yolda post qoyarıq, istəmərik “ilan mələdərik”...

Sədi Şirazi deyib ki, “vərdişi tərgitmək xəstəlik yaradır”. O ki ola narkotik asılılığına bənzər bir vərdiş və o ki ola, erməni kimi sırtıq bir məxluqat. Amma tərgitməli olacaqlar. Məgər onlar Gürcüstana, ermənilər yaşayan Cavaxetiyaya gedəndə gürcü sərhədçilərinin yoxlamasından keçmirlər? Quzu kimi keçirlər. Elə isə Qarabağa niyə kefləri istədikləri şəkildə gedib-gəlməli, üstəlik, özləri ilə silah-sursat, mina daşımalıdırlar? Azərbaycan Afrikanın banan ölkəsi deyil. Əksinə, Gürcüstandan qat-qat güclü, ciddi bir dövlətdir. Gürcülər bunu edirsə, bölgənin aparıcı ölkəsi niyə quldur-muldurlara güzəştə getməlidir?

Qısası, biz ərazilərimizi sortlara bölməyə hazırlaşmırıq. Heç kim boşuna gözləməsin. Ələlxüsus mənfur qonşular bunu nə qədər tez qulaqlarında sırğa eləsələr, bir o qədər çiyinləri üstündəki başları dinc olar. Status söhbəti də üç ildir bitib, gorbagorluq olub...

Yeri gəlmişkən, Azərbaycana qonşu ölkələrin heç birində - nə Gürcüstanda (Cavaxetiya) və Rusiyada (Krasnodar), nə də qardaş Türkiyədə və İranda heç vaxt erməni azlığın muxtariyyət statusu olmayıb. O zaman bizə nə düşüb? Azərbaycanda niyə olmalıdır ki? Nədən eyni statusu Gürcüstan erməniləri üçün tələb eləmirlər? Bizi acizmi görüblər? Yoxa “üstümüzü unlu görüb dəyirmançı” sanırlar?..

Artıq 10 gündür Laçın sərhəd-keçid məntəqəsindən Qarabağa humanitar yüklərin daşınması və mülki əhalinin yoldan istifadəsi üçün bütün şərait yaradılıb. Bakının bu taydakı bir ovuc erməni əhalisindən tək tələbi məlum: Azərbaycan vətəndaşlığını qəbul etmək və ardınca arzuladıqları normal, təhlükəsiz yaşama qovuşmaq. Bundan artıq nə eləməliyik?

O da bəllidir ki, Qarabağdakı erməni əhalinin bir qismi Ermənistan pasportu, bir qismi də oyuncaq rejimin payladığı “pasport” daşıyır. Onların Ermənistana gedişinə hələlik icazə verilsə də, aydındır ki, bu, uzun sürməyəcək. Qarabağda qalıb yaşamaq, oradan sərbəst şəkildə çıxıb-qayıtmaq üçün əlbəttə ki, günün birində beynəlxalq qanunvericiliyə uyğun şəkildə Azərbaycan pasportu almalıdırlar. Şübhə yox ki, Laçın postunda ermənilərə tez-tez deyiləcək “açar söz”, xəbərdarlıq elə bu olacaq.

Əks təqdirdə, “bilet” təktərəfli olacaq: yəni gedişə icazə veriləcək, qayıdışa yox! İcazə verilsə də yalnız xarici qonaq kimi, qayda-qanun, viza əsasında, müəyyən müddətə ərazimizdə qala biləcəklər! (Ermənistan və Azərbaycan normal əlaqələr qurandan sonra vizasız rejimi məqbul sayılsa, təbii ki, vizaya lüzum olmayacaq)...

Bu arada Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən pasportu yoxlanılan ermənilərdən biri - Qeqam Arutyunyan ad-soyadlı erməni təəssüratını bölüşüb. O, aprelin 30-da Ermənistana keçdiyini deyib. Bildirir ki, Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri onunla normal davranıb, həm də gələcəklə bağlı konkret sözlər deyib.

Sitat: “Keçid məntəqəsində Azərbaycan sərhədçiləri şəkilimizi çəkdilər, pasport və maşınımla bağlı sənədləri yoxladılar. Onlar rus və Azərbaycan dilində danışırdılar. Maşınımdakı yükə birbaşa təmas olmadı, skan aparatı vasitəsilə yoxladılar. Məndən nə üçün Azərbaycan ərazisində olduğumu, hara getdiyimi soruşdular. Onlar əvvəlcə sərhədi keçməyimlə bağlı pasportuma möhür vurmaq haqda düşündülər, lakin sonra bunu etmədilər və bildirdilər ki, gedin və bir daha geri qayıtmayın”.

Açığı, sonuncu cümlə inandırıcı görünmür. Bunu Arutunyana ya dedizdiriblər, ya da özü uydurub. Daha ağlabatan birinci versiyadır. Bununla ola bilsin, oyuncaq rejim Qarabağdakı erməniləri Azərbaycana qarşı daha radikal ovqata kökləmək, sərhəd postu ilə bağlı xof yaratmaq niyyəti güdür. “Etnik təmizləmə” nağılı üçün yeni əsas yaratmaq cəhdi də öz yerində.

Arutunyanın yalanını çıxarmaq çətin deyil. Hər halda, postdakı kameralar hər şeyi qeydə alır. Amma nə hacət. Kor-kor, gör-gör: ermənilərin ayrı giriş-çıxış yolu yoxdur. Qalmayıb. Harada hərlənib-sülənsələr də, enində-sonunda buradan - Laçın postundan keçməli olacaqlar. Keçə bilsələr, əlbəttə...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR