Onlayn ictimai-siyasi qəzet
1989-90-cı illərdə Qazax rayonunda da tez-tez mitinqlər keçirilirmiş. Bir gün yerli cəbhəçi bəylər Aşıq Ədaləti zorla dartıb aparırlar meydana, deyirlər zəhmət çək sən də çıxış elə, xalqın ziyalı sözünə ehtiyacı vardır. Ədalət müəllim çıxır tribunaya, deyir: “Hörmətli mitinq işçiləri!”. Xalq gülüşür, cəbhəçilər dilxor olur, deyirlər, ay aşıq, niyə məzələnirsən, mitinq işçisi nə sözdür? Aşıq Ədalət deyir: “Vallah, nə bilim, haçan baxsam görürəm burda, meydandasınız, fikirləşdim yəqin burda işləyirsiniz”. Ondan sonra yerli cəbhəçilər ziyalılara söz verməyi tərgidirlər.
Sözümün canı odur ki, 17 noyabr bizim Milli Dirçəliş Günümüzdür, bu münasibətlə bütün dirçələnləri təbrik edirəm. Allaha şükür, təqvim üzrə çoxlu belə sevincli günlərimiz vardır. Gah dirçəlirik, gah qurtuluruq. Gah həmrəy oluruq, gah qurban gedirik. Müstəqillik bayramı da var, müstəqilliyin bərpası günü bayramı da. Ramazanı, Novruzu, Yeni ili, Pasxanı, Holi, Divali, Purnima, Roş-şa-Xana, Xanuka, Hellouin, Oktoberfest, Müqəddəs Valentin, 8 mart, həzrəti Fatimənin mövludu, müqəddəs David günü, Məryəmin göyə yüksəlişi və sairə - hamısı bizdə əzizdir, doğmadır, bayramdır. Heç Amerikada-zadda bu qədər bayram yoxdur.
Dirçəliş günündə dirçələn əsas sahələrimizdən biri olan idmanı, özəlliklə onun futbol bölümünü yada salmağa dəyər. Bugünlərdə milli futbolçularımız UEFA liqasında Estoniya ilə heç-heçə edərək ilk xalını qazanmışdır. Buna qədər ancaq uduzurdular. 5:0, 7:0 kimi “quru” hesablarla. Hətta mən təklif etmişdim ki, oyuna getməsək daha az hesabla uduzarıq. (Texniki məğlubiyyət 3:0 sayılır). Yaxşı yadıma düşdü, diqqətli oxucularımızdan Ruslan Səfərli oxşar metodun bizim futbolda vaxtilə tətbiq edildiyini yazmışdır. Deyir bir zamanlar AFFA oyuna yanğınsöndürən cəlb etməyən komandaları cərimə edirmiş, komandalarımızdan biri isə həmişə cərimə verirmiş. Sən demə yanğınsöndürmə idarəsi ilə müqavilə bağlayıb stadiona maşın dəvət etməyin xərci, maşın olmayanda ödənilən cərimə məbləğindən çox imiş.
Ancaq əsas komanda cəhənnəmə, yeniyetmə və gənclərdən ibarət, 17 və 21 yaşlı futbolçularımız daha böyük xarüqələr yaradır. Onlar demək olar heç-heçəyə boyun əymir, yalnız uduzurlar. Özü də adətən böyük hesabla, rəqibə 1 top belə vurmadan. Bu isə futbolumuzun gələcəyinin, estafetin etibarlı əllərdə olmasının əlamətidir.
Məndə olan məlumata görə son günlər COP-29 konfransını bəhanə edərək respublikamıza axışan dünya futbol ictimaiyyəti də məhz bu təcrübəni yerindəcə öyrənmək məqsədi güdmüşdür. Ronaldinyo, Fateh Terim, “Barselona” klubunun prezidenti və sairə yoldaşlar bizdə futbolun dirçəlişinə heyranlıqlarını ifadə etmişlər. “Neftçi”nin “Zirə” ilə oyununa baxandan sonra Ronaldinyo butsısını yenidən mıxdan asmışdır, deyib ta mənim oynamağıma ehtiyac qalmır. Fateh Terim isə U-17 milli komandamızın baş məşqçisi İlham Yadullayevdən oyun sirlərini öyrənməyə çalışır. Necə etməlisən ki, hər oyun “üç-sıfır”, “dörd-sıfır” kimi hesablarla uduzasan, lakin yola qətiyyətlə davam edəsən! Əsas ruhdan düşməmək deyilmi? Santuş müəllim də, sözgəlişi, bunu təzəlikcə xüsusi qeyd etdi, 4 məğlubiyyət, 1 heç-heçə edən komandasından narazı qalmağa heç bir əsası olmadığını söylədi. Mənə də uduzmağa görə o qədər pul versələr razı qalardım.
Əslində, yaxşı ideyadır, indən belə fikirləşirəm redaksiyaya boş vərəqlər, fayllar göndərim, qonorarı isə artıqlamasilə tələb edim. Məncə rəhbərlik bu fəaliyyətimdən narazı qalmağa əsas tapmaz. Qarşıda o qədər illər var... Yazarıq, inşallah.
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ