Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanın tutduğu qərəzli mövqe haqda da danışıb. Prezident deyib ki, Azərbaycan 30 il ərzində işğala məruz qalsa da, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə dövlətimizi ittiham edirlər:
“Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir... Biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur”, - Prezident qeyd edib.
Bəs necə edək ki, dünya üzrə bizdən daha çox media resursları olan xüsusilə də Fransanın yalan “skripka”sını susduraq?
Qulu Məhərrəmli: “BBC, CNN kimi böyük yayım şirkətlərinin Azərbaycanda nümayəndəlikləri açılmalıdır”
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a dedi ki, həqiqətən bu gün Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparılır və bu işin başında Fransa dayanır: “Yəni həm cəmiyyət, həm də erməni lobbisi səviyyəsində bu işlər aparılır. Təəssüf ki, Avropanın digər ölkələrində də informasiyanı birinci mənbədən deyil, daha çox başqa qaynaqlardan, xüsusən də erməni mənbələrindən alıb, onun əsasında Azərbaycana qarşı informasiya müharibəsi aparırlar.
Əlbəttə ki, Fransa, ABŞ güclü ölkədir, amma bunların hamısından güclü olan həqiqətdir. Bu həqiqəti də yaymaq üçün isə hesab edirəm ki, Azərbaycan özünün texnoloji kontinenti və metodları birləşdirən mexanizm hazırlamalı, müxtəlif vasitələrdən istifadə etməlidir. O cümlədən diplomatik kanallar, qeyri-hökumət, müstəqil insanlar səviyyəsində, Azərbaycan cəmiyyətinin dünyada tanınan ayrı-ayrı şəxsiyyətləri vasitəsilə bu informasiyanı yaymağın effektli yollarından istifadə edilməlidir.
Birinci növbədə, dünyanın ən aparıcı şirkətləri, o cümlədən BBC, CNN, əl-Cəzirə kimi böyük yayım imkanları, auditoriyası olan media qurumları ilə birbaşa əlaqələri gücləndirməyə ehtiyac var. Yəni mütəmadi, ardıcıl, davamlı şəkildə əlaqələr qurulmalıdır ki, nəticə olsun.
İkinci çox ciddi məsələ isə böyük yayım şirkətlərinin Azərbaycanda nümayəndəliklərinin yaradılmasıdır. Yəni böyük yayım şirkətlərinin Azərbaycan təmsilçiləri olsun ki, onlar məlumatları birbaşa doğru mənbələrdən ala bilsinlər. Dünya mətbuatı öz istəyi ilə Qarabağı tərk edən ermənilərin haqqında çox böyük sevgi ilə danışır, amma soruşan yoxdur ki, 30 il əvvəl öz yurd-yuvasından didərgin düşən, zülm çəkən azərbaycanlılar haqqında niyə yazılmır, deyilmirdi? Beləliklə, dünya ikili standartların üzərindədir və bunun aradan qaldırmaq üçün çox effektli mexanizmlər istifadə olunmalıdır".
Müşfiq Ələsgərli: “Həmin xarici media qurumunu məhkəməyə verib qərəzli kampaniya apardığını isbat etmək olar, amma... ”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli son antiterror tədbirləri zamanı Azərbaycanın adı dünya mediasının gündəmi oldu: “Media məsələlərinin monitorinqini aparan şəxs kimi deyə bilərəm ki, həqiqətən də dünyanın aparıcı KİV-ləri Azərbaycanda baş verənlərə "bir nömrəli məsələ" kimi yanaşdılar. Məsələn, CNN-dən tutmuş “The Guardian”, “Washington Post”, “France 24" və digər dünya ictimai rəyini müəyyən edən media quruluşları Azərbaycan və Qarabağ məsələsinə çox ciddi şəkildə yer ayırdılar. Lakin qeyd edə bilərəm ki, məsələni obyektiv şəkildə işıqlandıran KİV qurumları da kifayət qədər çox oldu. Məsələyə qərəzli yanaşan, onu kontekstdən çıxaran, fərqli mövqe nümayiş etdirən KİV-lər arasında Fransada mənzillənmiş və dünya ictimai rəyində tanınan KİV qurumları xüsusilə "fərqləndirlər".
Bəs bu nədən qaynaqlanır? Burada iki fikir mövcuddur. Birinci fikir ondan ibarətdir ki, onlar ermənipərəst mövqe tuturlar və əksəriyyəti erməni lobbisinin, erməni diaspor təşkilatlarının təsiri altındadırlar. Biz bu faktı istisna etmirik. Çünki həqiqətən də Avropada fəaliyyət göstərən, özünü lobbi qrupu elan edən, əslində isə klassik mənada rüşvətxorluq, korrupsiya ilə məşğul olan şəbəkələr var ki, onlar erməni lobbi qruplarının, o cümlədən xaricdə olan varlı, milyarder erməni diasporlarının təsiri atında bu cür addımlar atırlar. Biz bunu ayrı-ayrı şəkildə sübuta yerimişik.
Məsələnin ikinci tərəfi də var ki, bu da bizim olduğumuz regionda, Cənubi Qafqazda marağı olan fərqli dövlətlərdir ki, onlar indi baş verən hadisələrə fərqli kontekstdən yanaşırlar. Bu sırada Fransa öndə gedir. Fransa mediasının da ikili mövqedən çıxış etməsi, məsələlərə qərəzli yanaşması əslində Fransanın mövqeyi ilə bağlıdır. İlk öncə onu qeyd edim ki, medianın bu cür davranması beynəlxalq prinsiplərə ziddir, yəni xüsusi olaraq beynəlxalq sənədlərdə, o cümlədən Madrid Bəyannaməsində açıq şəkildə qeyd edilir ki, KİV ərazisində yerləşdiyi dövlətin, siyasi çevrələrin deyil, həqiqətin tərəfindən çıxış etməlidir. Lakin təəssüf ki, biz burada Qarabağ, Azərbaycanın keçirdiyi antiterror tədbirləri məsələsinə yanaşmada Fransa mediası ilə hökuməti arasında sinxron hərəkət edildiyinin şahidi oluruq. Yəni Makron və onun komandasının Qarabağ məsələsinə yanaşmada nə qədər qərəzli, ikibaşlıdırsa, Fransa mediası da eyni mövqe sərgiləyir və Azərbaycana qarşı qərəzli informasiya siyasəti aparır.
Bəs bunlara qarşı necə mübarizə aparmaq lazımdır, öz haqqımızı necə sübut etməliyik? Hesab edirəm ki, indiki mərhələdə hər hansı bir xarici media qurumunu məhkəməyə verib, onu cəzalandırmaq və yaxud qərəzli kampaniya apardığını isbat etmək olar, amma bu, məqbul variant deyil. Çünki onlara da elə bu cür bəhanə lazımdır ki, Azərbaycanı KİV-lərə qarşı məhkəmə işi qaldıran və yaxud hansısa addım atan dövlət kimi qələmə versinlər. Bu baxımdan, hesab edirəm ki, burada ən yaxşı variant informasiya bolluğu yaratmaqdır. Əslində Azərbaycan tərəfi bu işi görür. Müşahidə etdik ki, Azərbaycan antiterror tədbirləri aparanda Müdafiə Nazirliyi yanında hərbi informasiya mərkəzi yaradıldı, dövlətimiz orada çox intensiv şəkildə informasiyalar yaydı. Eyni zamanda ölkə Prezidentinin xarici medialara müsahibələri, həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyevin xarici mediada çox intensiv şəkildə çıxışları əslində Azərbaycan həqiqətlərinin çatdırılması üçün idi.
Hesab edirəm ki, həm də biz Azərbaycan ictimaiyyəti, cəmiyyəti olaraq müharibə dövründə necə vahid cəbhədən çıxış edib, qalib gəldiksə, eləcə də informasiya savaşı məsələsində də vahid mövqedən çıxış etməliyik. Bizim də diaspor təşkilatları, lobbi qrupları, xaricdə fəaliyyət göstərən səfirliklərimiz, eyni zamanda jurnalistlərimiz, media təmsilçilərimiz, sosial şəbəkə istifadəçiləri hər biri bir məzmun yaratsalar, bu işə töhfə verə bilərlər".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ