İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır

Rəsmi Paris Azərbaycandakı səfirini geri çağırmaqla, hər hansı ciddi nəticə qazana bilməz, Makron hakimiyyəti əgər, Fransanın regional maraqları barədə düşünürsə, onda fransız diplomatla deyil, məhz Azərbaycanın hakim dairələri ilə məsləhətləşməlidir... Bundan öncə isə rəsmi Paris ilk növbədə ermənipərəst mövqeyindən imtina etməlidir, Azərbaycana qarşı düşmənçilik siyasətinə ciddi düzəlişlər barədə düşünməlidir, əks halda, Fransa Cənubi Qafqaza kənardan baxan küsəyən ölkə kimi qalacaq...

Fransa Cənubi Qafqazda “suyu bulandırmaq” siyasətini israrla davam etdirir. Üstəlik, rəsmi Paris məhz Azərbaycanı hədəf alıb. Fransa artıq bir neçə ildir ki, Azərbaycana qarşı düşmənçilik mövqeyini açıq müstəviyə çıxarıb. Bu Avropa dövləti Ermənistanın əsas beynəlxalq himayədarı missiyasını öz üzərinə götürüb. Və Cənubi Qafqaz siyasətini də məhz Azərbaycana qarşı yönəlmiş qərəzli planlar üzərində qurmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Paris son vaxtlar Azərbaycanla münasibətlərin tamamilə korlanmasına yönəlik absurd addımlar atmağa başlayıb. Hətta Fransanın Azərbaycandakı səfiri Parisə çağırılıb və bunun məsləhətləşmə məqsədi daşıdığı vurğulanıb. Üstəlik rəsmi Paris onu da bildirib ki, fransız səfirin geri çağırılması Azərbaycanın Fransa ilə münasibətlərin korlanmasına səbəb ola biləcək addımları ilə bağlıdır. Və nə qədər qəribə də olsa, rəsmi Paris Azərbaycanın Fransa ilə münasibətlərini korlaya biləcək addımlarını örnək göstərməyə rhtiyac duymayıb.

Makron-Eliyev--900x484.jpg (60 KB)

Əslində, bu o qədər də təəccüblü deyil. Çünki rəsmi Parisin Azərbaycan tərəfindən Fransa ilə münasibətlərə zərbə vura biləcək daxranışlarına örnək tapması asan məsələ deyil. Hər halda, indiyə qədər münasibətlərin korlanmasına yönəlik addımlar rəsmi Bakı tərəfindən deyil, məhz Fransa tərəfindən atılıb. Hətta rəsmi Paris o qədər qərəzli mövqe tutmaqdadır ki, bu, digər Avropa dövlətləri tərəfindən də diqqətə alınmaqdadır. Hər halda, İtaliya Xarici İşlər Nazirliyinin Fransanı Azərbaycana qarşı davranışlarını, eləcə də, Cənubi Qafqazda sülh prosesinin pozulmasına yönəlik addımlarını sərt şəkildə tənqid etməsi rəsmi Parisə bəzi məqamları anlamaqda yardımçı ola bilər.

Bu baxımdan, rəsmi Paris Azərbaycanı nədəsə günahlandırmaq niyyətinə düşməkdən öncə Fransanın davranışlarına düzəliş etməsi olduqca vacibdir. Çünki Fransa son illərdə Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları artıq atıb. Hətta Fransa parlamentində erməni separatçıların və terrorçuların uydurduğu qondarma “artsax”ın tanınması barədə qətnamə belə, qəbul edilib. Və bu, Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərinə qəsd olunması anlamı daşıyır.

Digər tərəfdən, rəsmi Paris BMT Təhlükəsizlik Şirasında Azərbaycana qarşı qətnamələrin qəbul edilməsi istiqamətində israrlı cəhdlər göstərib. Fransa sonradan həmin qətnamələr sayəsində Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasını planlaşdıərdığını da qətiyyən gizlətmirdi. Eyni zamanda, Avropa Birliyində və Avropa Avropa Parlamentində Azərbaycana qarşı aparılan kampaniyanın, qərəzli qətnamələrin qəbul edilməsinin arxasında Fransanın olduğu da heç kimə sirr deyil. Və Fransanın, onun hakim elitasına daxil olan şəxslərin Laçın yolu ətrafında yaratdıqları “blokada şousu” da hələlik unudulmayıb.

makron-pasha-ekran777.JPG (50 KB)

Bütün bunlar azmış kimi, rəsmi Paris hazırda Ermənistanı ən müasir hərbi texnika ilə silahlandırmaq missiyasını da öz üzərinə götürüb. Hətta Fransa bunu qətiyyən gizlətməyərək, Ermənistana başqa ölkələrə satmadığı silahları vermək niyyətini də açıq şəkildə bəyan edirb. Yəni, rəsmi Paris açıq-aşkar Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır, Ermənistanı Azərbaycanla yeni savaşa hazırlayır. Və bütün bunların qarşılığı olaraq, rəsmi Bakının Fransanın pozucu fəaliyyətinə etitaz etmək hüququ var.

Göründüyü kimi, Azərbaycan-Fransa münasibətlərinə zərbə vuran bütün addımlar indiyə qədər Bakıdan deyil, məhz Parisdən atılıb. Ona görə də, indi Fransanın Azərbaycandan narazı qalmaq üçün heç bir əsası mövcud deyil. Əgər, rəsmi Paris belə əsasları olsaydı, bunu açıq şəkildə bəyan edərdi. Halbuki, rəsmi Paris bunun əvəzinə Fransanın Ermənistana tam dəstəyini növbəti dəfə ifadə etməyə üstünlük verib. Və bu baxımdan, Azərbaycan-Fransa münasibətlərinin belə böyük sürətlə korlanmaqda davam etməsinə görə birmənalı şəkildə ermənipərəst Makron hakimiyyəti günahkardır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Nəhayət, rəsmi Paris birdəfəlik anlamalıdır ki, Fransa Azərbaycana qarşı belə qərəzli vasitələrlə təzyiq göstərmək cəhdləri ilə heç nəyə nail ola bilməz. Rəsmi Parisin ermənipərəst mövqeyi Fransanın Cənubi Qafqazdakı maraqları qarşısında əsas əngəl rolunu oynayır. Çünki Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycan dövlətidir. Fransa özünün ermənipərəst mövqeyini, Azərbaycana qarşı düşmənçilik davranışlarını davam etdirdikcə, rəsmi Bakı bu dövlətin Cənubi Qafqazda hansısa hədəflərə çatmasına imkan vermək niyyətində deyil.

Bütün bunlar onu göstərir ki, rəsmi Paris Azərbaycandakı səfirini geri çağırmaqla, hər hansı ciddi nəticə qazana bilməz. Makron hakimiyyəti əgər, Fransanın regional maraqları barədə düşünürsə, onda fransız səfirlə deyil, məhz Azərbaycanın rəsmi dairələri ilə məsləhətləşməlidir. Bundan öncə isə rəsmi Paris ilk növbədə ermənipərəst mövqeyindən imtina etməlidir, Azərbaycana qarşı düşmənçilik siyasətinə ciddi düzəlişlər etməlidir. Əks halda, Fransa Cənubi Qafqaza kənardan baxan küsəyən ölkə kimi qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR