İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın baş nazirinin iddiasına Paşinyandan etiraflı cavab: Bizə aid olmayanı qaytarmalıyıq - ŞƏRH

Fransa hakimiyyəti Azərbaycana münasibətdə özünü hələ də 30 il əvvəlki kimi aparır. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olanda Ermənistanın işğal etdiyi ərazilərdə qalmasını müxtəlif qrant layihələri, bonuslarla dəstəkləyən, müdafiə edən Yelisey sarayı sərhəd, beynəlxalq hüquq, regional təhlükəsizlik və əməkdaşlıq kimi məsələlərə yanaşmada ciddi olmadığını hələ də nümayiş etdirir.

Rəsmi Parisin əsas hədəfi dostluq-qardaşlıq adı altında Ermənistanı özünün dənizarxası altıncı regionu (müstəmləkə dövrünün departamenti) halına salmaqdır. Yeri gəlmişkən, 2014-cü ildə ərazi islahatları nəticəsində ümumi regionalların sayı 22-dən 13-dək azaldılıb. Bu, həm də regionların hüquqlarının və səlahiyyətlərinin azalmasına səbəb olub. Ona görə də bölgələrdə mərkəzi hakimiyyətin ağalığına qarşı etiraz aksiyaları keçirilir. Regional sərhədlərin qeyri-dəqiq müəyyən edilməsi ölkədə problem olaraq qalır. Bölgələrlə bağlı konstitusiya islahatı nəticəsində Paris dövlət büdəcəsinə 5-10 il ərzində 10 milyard avroya qənaət etməyi hədəfləyir. Bu, həm də regionlara dövlət büdcəsindən ayrılan vəsaitin ixtisarı deməkdir, eyni zamanda Fransanın tabeliyində olan bölgələrə yanaşmasının göstəricisidir.

Elə bu kimi səbəblərdən dolayı ölkədə siyasi, sosial və mədəni tələblərlə tez-tez aksiyalar keçirilir.

Bu arada Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki “Cocotiers” meydanında növbəti etiraz aksiyası keçirilib. Etirazçılar Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində iğtişaşlar yaratmaq üçün yürütdüyü siyasətə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Onlar bəyan ediblər ki, yerli əhalinin mövqeyini nəzərə almadan rəsmi Parisin konstitusiyada dəyişikliklər etməsi yolverilməzdir və 1998-ci ildə qəbul edilmiş Numea razılaşmasına ziddir.

Həmin anlaşmaya əsasən, Yeni Kaledoniya ilə Fransa arasında sülhə dair saziş imzalanmalıdır. Paris razılaşmaya zidd olaraq gələcəkdə regionda öz elektoratının sayını artırmaq məqsədi ilə bölgəyə etnik fransızları köçürmək üçün yol açıb. Ona görə də aksiya iştirakçıları “Prezident Makronun konstitusiya islahatlarına” və "Fransız dövlətinin destabilizasiya manverlərinə" “yox” deyiblər.

Fransa dövlət olaraq adanın ilk sahibləri olan kanak etnik qrupunu assimilyasiya edir. Onlar Parisin müstəmləkəçiliyindən azad olmaq uğrunda mübarizəni davam etdirirlər.

Bunlar azmış kimi, Avropada, ondan uzaqda yerləşən regionlarında sərhədləri müəyyən etməyən, keçmiş müstəmləkə ərazilərində yerli sakinlərin hüquqlarını pozan Fransa özünü hələ də Ermənistanın sahibi, böyüyü kimi aparır. Baş nazir Qabriel Attal Azərbaycanı Ermənistan ərazilərini “tutmaqda” ittiham edib.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin hələ müəyyənləşmədiyindən Yelisey sarayı ya xəbərsizdir, ya da ənənəvi olaraq doğrunu, reallığı görməzdən gəlir.

Fransa hakimiyyətinin müdafiə etdiyi Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə açıq şəkildə bəyan etdi ki, iki ölkə arasında sərhədlərin delimitasiyası praktik mərhələyə qədəm qoyur. Cənab Attal, bu, ölkələr arasında sərhəd xətlərinin müəyyən edilmədiyinin təsdiqdir. Onda sual olunur, kim kimin ərazisini işğal edib? Attala elə ən yaxşı cavabı Nikol Paşinyan özü verib, o, Ermənistanın Azərbaycanın 8 kəndini işğal etdiyini etiraf edib. “Bizə aid olmayanı qaytarmalıyıq...”, - deyə Paşinyan vurğulayıb.

O, Qazaxın ermənilər tərəfindən işğal edilən Əskipara kəndində keçirdiyi görüşdə ilkin olaraq Tavuşla sərhəddə yerləşən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılının qaytarılacağına işarə edib.

Paşinyanın həmin görüşdə dediklərini Fransada Azərbaycana qarşı çıxışlar edən prezident Emmanuel Makron, baş nazir Qabriel Attal və digərlərinə xatırlatmaq istərdik - “Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirmək lazımdır”.

Hazırda Ermənistanın işğalı altında olan 8 kənd haqqında qısa məlumat təqdim edirik: Naxçıvanın Sədərək rayonunun Kərki kəndi (1990-cı il yanvarın 15-də işğal olunub), Qazax rayonunun Bağanis Ayrım (24 mart 1990), Xeyrimli ( 8 mart 1992), Aşağı Əskipara (12 mart 1992), Qızılhacılı (11 may 1992), Barxudarlı (24 aprel 1992), Sofulu (27 aprel 1992), Yuxarı Əskipara (8 iyun 1992) kəndləri. Bu yaşayış məntəqələrinin ümumi ərazisi 123,9 kvadratkilometr, yaxud 12 390 hektardır.

Odur ki, Fransa kimi böyük iddialarla yaşayan bir ölkənin hökumət başçısı işğalçını gizlətməklə Ermənistana ziyan verir. Belə çıxır ki, Yelisey sarayı bu ölkənin xəritəsindən də "xəbərsizdir". Rəsmi Paris Ermənistanı müstəmləkə dövrünün departamenti olaraq görür. Əks halda, Ermənistanın Azərbaycanın 12 min 390 hektar torpağını işğal altında saxladığını etiraf etdiyindən də xəbəri olardı.

Sədrəddin İsmayılov
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR