Onlayn ictimai-siyasi qəzet
Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfrans yekunlaşıb.
Musavat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev konfransın açılış nitqində Fransa-Azərbaycan münasibətlərində böhran yaranmasının səbəbkarının Fransa olduğunu vurğulayıb.
“Fransa ilə bir çox əməkdaşlığımız olsa da, münasibətlər soyuyub. Bunun əsas səbəbkarı erməni diasporudur”, - o deyib.
Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva isə çıxışında ən böyük erməni diasporlarından birinin Fransada olduğunu vurğulayıb:
“Dünyada Rusiya və ABŞ-dən sonra üçüncü, Avropada isə ən böyük erməni diasporu Fransadadır. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin (keçmiş) diplomatik yollarla həllinə çalışırdı, Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olsa da, vasitəçi olduğu müddətdə aparılan danışıqlar heç bir nəticə vermədi. Azərbaycan isə ədaləti təmin etdi”.
Konfransa Fransadan dəvət olunmuş Kot Azur Universitetinin professoru Kristian Vallar Fransa-Azərbaycan əlaqələrinin tarixinə, Fransanın Qarabağ məsələsindəki mövqeyinə diqqət çəkib:
“Fransa keçmiş münaqişəyə münasibətdə neytral qalmağa çalışırdı. Eks Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi Azərbaycanla əlaqələrə üstünlük verirdilər. Hazırda isə iki ölkə arasında vəziyyət dəyişib. Bunun səbəbi 2018-ci ildə Emmanuel Makronun Ermənistana səfəri etməsi, Azərbaycana isə gəlməməsidir”.
Milli Məclisin deputatı Tural Gəncəliyev isə vurğulayıb ki, Azərbaycanın siyasi, hərbi gücü artdıqca bu, diplomatlar səviyyəsində Fransada bəzi dairələri narahat etməyə başladı:
“Erməni diasporasının elitaya təsirləri artmağa başladı. Makron hakimiyyətə gəldikdən sonra Azərbaycan əleyhinə siyasət yürütməyə başladı. 2003-cü ildən etibarən Fransa-Azərbaycan münasibətlərində ciddi dəyişiklik müşahidə olunur. Makron hakimiyyətə gəldikdən sonra əlaqələr kəskinləşdi. 2020-ci ilə qədər Ermənistana gizli dəstək göstərən Fransa İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə anti-Azərbaycan mövqeyi göstərməyə başladı”.
“Münaqişələr” jurnalının təsisçisi Gil Mixeli enerji təhlükəsizliyi məsələsinə diqqət çəkib:
“Azərbaycanın Qərblə əlaqələrinin möhkəmlənməsi üçün əsas vasitələrdən biri, əlbəttə ki, enerjidir. 1990-cı ildə Azərbaycan və Fransa arasında münasibətlər “Total” şirkətinin iştirakı sayəsində mühüm irəliləyiş əldə etdi. “TotalEnergies” 1996-cı ildən fəaliyyət göstərir. Onu da xatırlatmaq istərdim ki, Fransa ATƏT Minsk qrupunun həmtəsisçisi kimi Ermənistan və Azərbaycan sərhədləri ilə əlaqələr qurmağa müvəffəq oldu”.
Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov isə tarixə ekskurs edib:
“Fransa birtərəfli mövqedən əl çəkməlidir. Ərazilərimiz Ermənistan tərəfindən işğal olunanda Fransa fikir bildirmədi. ATƏT-in Minsk qrupunda həmsədr olanda da öz Ermənistanı dəstəkləyirdi. Hazırda da Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistanı dəstəkləyir”.
Milli Məclisin deputatı Asim Mollazadə hazırkı şəraitdə sülhün vacibliyini vurğulayıb:
“Fransa Avropa ölkələrini Azərbaycana kömək etməməyə çağırır, lakin Ermənistanın sülhə ehtiyacı var. Fransa bunu anlamalıdır. Münaqişənin davam etməsi regionda sabitliyə və inkişaf perspektivlərinə mane olur. Sülh Cənubi Qafqaz üçün vacibdir. ABŞ, Fransa və Belçikadakı erməni diasporu sülhün əldə olunmasına imkan vermir”.
Konfransın yekununda çıxış edən Fərid Şəfiyev qeyd edib ki, konfransa Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı bütün səfirliklərinin nümayəndələri dəvət edilsə də, onlar iştirak etməyiblər:
“Fransa səfirliyinin nümayəndələri də tədbirdə iştirak edib fikir bildirə bilərdilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ