İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: Erməni nazir Ermənistanı necə şoka saldı

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanmasının qaçılmaz olduğu qənaətinə gəlib, ona görə də, Ermənistan cəmiyyətini tədricən bu varianta hazırlamağa çalışır... Halbuki, rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişi imzalamaqdan öncə, buna açıq-aşkar qarşı çıxan və Cənubi Qafqazda yalnız savaş planları quran Fransanın razılığını necə alacağı da ciddi neqativ suallar doğurur...

Cənubi Qafqazda geopolitik proseslərdə gərginləşmə təhlükəsi ön plana çıxmağa başlayıb. Belə ki, bu regiona heç bir aidiyyatı olmayan beynəlxalq siyasi dairələrin, xüsusilə də, Fransanın Cənubi Qafqazda daha da fəallaşmaq cəhdləri açıq-aşkar müşahidə edilir. Hətta Fransa tərəfindən atılan bəzi addımlar rəsmi Parisin Cənubi Qafqazda yeni savaşın törədilməsi planlarını işə salmağa başladığını da biruzə verməkdədir. Və bu baxımdan, Cənubi Qafqaz regionu üçün olduqca təhlükəli bir mərhələnin başlanmaq üzrə olduğu qətiyyən şübhə doğurnur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Parisin ermənipərəst mövqeyi artıq regional sülh prosesində əsas əngəlləyici faktora çevrilmiş kimi görünür. Çünki Fransa Ermənistanı sürətlə silahlandırmaqda davam edir. Rəsmi Paris beynəlxalq məkanda Azərbaycana qarşı böhtan xarakterli təzyiq kampaniyasının əsas müəllifləri sırasında yer alır. Və indi rəsmi Parisin davranışları müəyyən mənada, Fransanın Azərbaycana qarşı siyasi savaş açması kimi də dəyərləndirilə bilər.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Məsələ ondadır ki, Avropa Birliyinin “müşahidə missiyasi” adı altında Ermənistana kəşfiyyat qruplarının arxasında da Fransanın Cənubi Qafqaza yönəlik məkrli planları dayanır. Rəsmi Paris Qərb kəşfiyyatçıları vasitsilə Ermənistan üzərindən Azərbaycan barədə məlumatlar toplamağa və ümumiyyətlə, Cənubi Qafqazda geopoilitik situasiyaya nəzarət mexanizmləri qurmağa çalışır. Son vaxtlar Ermənistanın Azərbaycanla sərhəd bölgələrində Fransa bayrağı altında fransız kəşfiyyatçılarının peyda olması da, rəsmi Parisin təhlükəli oyunlara başladığını göstərir.

Maraqlıdır ki, rəsmi Paris Fransa agenti olduğu iddia edilən prezident Salome Zurabişvilinin liderliyi ilə Gürcüstanda dövlət çevrilişi planları qurmuşdu. Ermənistan kəşfiyyatı da Gürcüstanda yaşayan ermənilər vasitəsilə Fransanın bu çevriliş planlarına dəstək verirdi. Ancaq hələlik bu planları reallaşdırmaq mümkün olmayıb. Və rəsmi Parisin Ermənistan kimi Gürcüstanı da Fransanın geopolitik müstəmləkəsinə çevirmək niyyəti boşa çıxmaq üzrədir.

Əgər, rəsmi Paris Gürcüstanla bağlı məkrli planlarını reallaşdırmağa nail olsaydı, onda Cənubi Qafqazda başlatdığı təhlükəli oyunlarda müəyyən manevr imkanları qazana bilərdi. Belə ki, bu halda, Fransa Ermənistana müasir silahları Gürcüstan üzərindən daha nəzarətsiz marşrutla göndərmək şansı qazanacaqdı. Eyni zamanda, Azərbaycanın Gürcüstandan keçən enerji və nəqliyyat-kommunikasiya marşrutları da Fransanın nəzarəti altına düşə bilərdi. Və rəsmi Paris iki region ölkəsinə tam nəzarəöt etməklə, Cənubi Qafqazda Fransanın mövqelərini nisbətən möhkəmləndirə biləcəkdi.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Ancaq hələlik bütün bunların heç birisi baş verməyib. Əksinə, indi rəsmi Paris bütün diqqətini məhz Ermənistan üzərində indeksləşdirmək məcburiyyətində qalıb. Ona görə də, Fransa Cənubi Qafqazda sülh prosesini əngəlləmək, hətta Ermənistanı Azərbaycanla savaşa sövq etmək istiqamətində addımlar atmağa çalışır. Əsas məqsəd də ondan ibarətdir ki, silahlı toqquşmaların baş verməsilə Fransa Ermənistan ərazisində hərbi baza yaratmaq üçün bəhanə qazana bilsin. Və bu baxımdan da Fransanın hazırda Cənubi Qafqaz üçün ciddi təhlükə qaynağına çevrilməyə başladığı artıq qətiyyən şübhə doğurmur.

Ancaq Ermənistan məkanında da rəsmi Parisin bütün planlarının uğurla reallaşmaqda olduğunu iddia etmək çətindir. Paşinyan hakimiyyəti Ermənistanın “qapılar”ını Fransanın üzünə taybatay açsa da, rəsmi İrəvanın davranışlarında müəyyən narahatlıq əlamətləri də müşahidə olunmağa başlayıb. Belə ki, Ermənistanın Qərbyönümlü xarici siyasət kursu ilə Cənubi Qafqazda təklənməsi, Azərbaycanın hərbi-siyasi gücü və rəsmi Bakının qətiyyətli, prinsipial  mövqe tutması Paşinyan hakimiyyətini ciddi şəkildə narahat edir. Və bunun əvvəl-axır Ermənistan üçün böyük fəlakətlə nəticələnə biləcəyini nəzərə almaq məcburiyyətində qalıb.

Ona görə də son vaxtlar rəsmi İrəvan yekun sülh sazişinin imzalanması ilə bağlı variantı hər ehtimala qarşı aktiv vəziyyətdə saxlamağa çalışır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları bu baxımdan, radikal-revanşist erməni siyasi dairələrində şok effekti yaradıb. Belə ki, erməni nazir Ermənistanın xarici siyasət prioritetlərini sadalayarkən, Azərbaycanla yekun sülh sazişinin imzalanmasının, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasının və delimitasiya prosesinin davam etdirilməsinin ön planda tutulduğunu vurğulayıb.

f711b80691530f846ecd40a6ab0e02d0.jpg (293 KB)

Digər tərəfdən, qondarma “erməni soyqırımı”nın beynəlxalq məkanda tanıdılmasının Ermənistanın xarici siyasət prioritetlərinə daxil olmadığını da bildirib. Bu isə rəsmi İrəvanın Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlərin normallaşdırılmasına xüsusi önəm verdiyini göstərir. Eyni zamanda, erməni nazir yekun sülh sazişi ilə bağlı razılaşdırılmamış bir-iki məqamın qaldığını da vurğulayıb. Və yaxın vaxtlarda, bu məsələdə həll edildikdən sonra yekun sülh sazişinin imzalamaq üçün tam hazır olacağını bildirib.

Maraqlıdır ki, xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla birbaşa danışıqlarda pozitiv irəliləyişlərdən ehtiyatlı məmnunluq ifadə etməyi də unutmayıb. Böyük ehtimalla erməni nazir bununla Ermənistan cəmiyyətinə yaxın gələcəkdə baş verə biləcək önəmli geopolitik hadisələrlə bağlı müəyyən mesajların verilməsinə ehtiyac duyub. Və bu mesajların regional sülhün o qədər də uzaqda olmadığını ifadə etmək məqsədi daşıdığını da düşünmək olar.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanmasının qaçılmaz olduğu qənaətinə gəlib. Ona görə də, Ermənistan cəmiyyətini tədricən buna hazırlamağa çalışır. Halbuki, erməni nazirin açıqlamalarının Ermənistanı qarışdırdığı bir şəraitdə buna nail ola biləcəyi hələlik müəyyən şübhələr də doğurur. Və üstəlik, rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişi imzalamaqdan öncə, buna açıq-aşkar qarşı çıxan, Cənubi Qafqazda yalnız savaş planları quran Fransanın razılığını necə alacağı da ciddi neqativ suallara yol açır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR