Onlayn ictimai-siyasi qəzet
“Son günlər Ermənistan və Fransa arasında hərbi sahədə əməkdaşlıq genişlənməkdədir. Oktyabrın əvvəlində Fransanın xarici işlər naziri İrəvanda səfərdə ikən bildirmişdi ki, bu barədə razılıq əldə olunub və Fransanın Ermənistana silah tədarükü ilə bağlı anlaşma əldə olunub”.
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli Fransanın yenidən bölgəyə silah-sursat göndərməsini şərh edərkən deyib.
Ekspert Ermənistan müdafiə nazirinin Fransaya səfərinə, orada anlaşma memorandumu imzalanmasına diqqət çəkərək bildirib ki, sənəddə hərbi əməkdaşlığın bir sıra komponentləri əks olunub:
“Anlaşma memorandumunda Ermənistan ordusuna təlim keçmək, silah tədarükü və s. müddəalar qeyd olunub. Görünən odur ki, Fransa Ermənistanla siyasi, diplomatik münasibətlərlə yanaşı, həm də hərbi əlaqələri intensivləşdirir. Fransanın belə bir mövqeyi Cənubi Qafqazdakı mövcud reallıqlarda bir məqsədə xidmət edir - bölgədə, regionda mövqeyini möhkəmləndirmək. Fransa Rusiya və Türkiyə kimi ənənəvi rəqiblərinə qarşı regionda möhkəmlənməyə çalışır. Bunu da Ermənistan vasitəsilə edir. Məsələnin təhlükəli tərəfi ondan ibarətdir ki, Fransanın Ermənistanı silahlandırmaq siyasəti revanşist meylləri gücləndirir. Fransanın Ermənistana silah tədarükü Ermənistanı sülh prosesindən uzaqlaşdırır.
Bu baxımdan hesab edirəm ki, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın dərinləşməsi bölgədə sülhə, əmin-amanlığa ciddi təhdid kimi qəbul edilə bilər. Paşinyan və digər erməni rəsmilərinin son ziddiyyətli açıqlamaları, Ermənistan rəsmilərinin Azərbaycana qarşı müxtəlif ittihamları, Ermənistan və Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi siyasəti müəyyən mənada rəsmi İrəvanın ritorikasına və Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməsindən xəbər verir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ