İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa kəşfiyyatından ŞOK ETİRAF - Bakının gücü...

Paris Azərbaycanın haqlı mövqeyi qarşısında aciz qalıb

Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib.

“Le Monde” qəzetinə müsahibəsində o etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir. “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”.

Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər “fransız diplomatiyasına zərbə vurur”.

25 ildir ki, Fransanın qaradərililərə qarşı irqçiliyinin şahidi oluram - Kemi  Seba

Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu. 

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq birliyin subyektləri sırasında bir dövlət insan hüquqları, demokratiya ilə bağlı bütün digər ölkələrdən daha ucadan danışır. Bu da Fransa dövlətidir. Amma özü qədər də demokratiyanı və insan haqların boğan ikinci dövlət yoxdur: “Heç kəsə sir deyil ki, Fransa müasir dünyamızda yeni müstəmləkəçilik siyasətini həyata keçirir. Özü tarixən müstəmləkəçi dövlət olub. Onun qərbi Afrikada törətdiyi cinayətlər hər kəsə bəllidir. Əlcəzairdə genosid siyasətini həyata keçirib. Bu gün də Fransa eyni siyasəti davam etdirir. Dənizaşırı ölkələrdə Fransanın yeritdiyi siyasət ucbatından bu gün sözün həqiqi mənasında həmin ərazilərin insanları çox böyük fəlakətlərlə üz-üzə qalıb. Xüsusilə Yeni Kaledoniyada törətdiyi cinayət bütün bəşəriyyətə bəllidir. Bütün bu reallıqlar fonunda Bakı Təşəbbüs Qrupu Fransanın bəşəri cinayətləri haqqında haqq səsini ucaldır və haqları boğulan xalqları müdafiə edir.

Elman Nəsirov: "Harada yazılıb ki, deputatın övladı deputat ola bilməz?"

Eyni zamanda bu gün Fransanın Afrika siyasəti də çox ciddi problemlərlə üz-üzə qalıb. Bu dövləti Malidən, Çaddan, Nigerdən, Sineqaldan qovublar və qovmaq prosesi davam edir. Yəni Fransanın Afrika siyasəti də iflasa uğrayıb. Maraqlıdır ki, Fransa Daxili İşlər Nazirliyinin ərazi kəşfiyyat üzrə Milli İdarəsinin rəisi də bu reallığı etiraf etmək məcburiyyətindədir. O, etiraf edir ki, Dənizaşırı bölgələrdə Bakı Təşəbbüs Qrupu xarici actor olaraq məlum prosesləri dəstəkləyir və müstəqillik hərəkatını dəstəkləyir. Bu, Fransa kəşfiyyatının Bakının gücünü etiraf etməsidir. Bu gün Fransa BMT-nin Təhlükəsizlik Şurasındakı 5 daimi üzvündən biri də olsa, Fransa nüvə dövləti də olsa, Fransa Avropanın siyasi mərkəzi də olsa reallıq ondan ibarətdir ki, Azərbaycanın işi haqq işidir. Biz beynəlxalq hüququn keşiyində dayanmışıq. Biz Fransanın müstəmləkəsi altında olan xalqların azadlıq mübarizəsini dəstəkləyirik”.

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisinin dedikləri Fransa kəşfiyyatının Bakının gücünü etiraf etməsidir: “Eyni zamanda Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisinin bu tip açıqlaması rəsmi Parisin acizliyinin göstəricisidir. Yəni Fransa kimi bir ölkənin kəşfiyyatına cavabdeh şəxs bilərəkdən ya da bilməyərəkdən Bakının təşəbbüsləri qarşısında aciz qaldıqlarını etiraf edib”.

Politoloq onu da qeyd etdi ki, bu, rəsmi Parisin ilk acizliyi deyil: “Azərbaycan Fransanın casus şəbəkəsinə bu ölkənin tarixində görünməyən zərbə vuraraq Cənubi Qafqazda, Moldova və Ukraynada kök atmış, Şərqi Avropa və Yaxın Şərqə uzanan böyük casus şəbəkəsini ifşa etməsindən sonra da rəsmi Paris bu cür aciz duruma düşmüşdü. Ölkəmiz haqlı olaraq Fransanın apardığı müstəmləkəçilik siyasətinə qarşı dünyanın dörd bir yanında haqq səsini qaldıran xalqların hüquqları ilə bağlı mövqe bildirərək, beynəlxalq tribunalarda rəsmi Parisin neokolonializm siyasətini tam çılpaqlığı ilə ifşa edir.  Dənizaşırı ərazilərdə kolonalizmə qarşı cərəyanın gücləndiyini etiraf edən Bertrand Çamouland müstəqillik hərəkatlarının Bakı Təşəbbüs Qrupu kimi aktorlar tərəfindən gücləndirildiyini deyir. Halbuki rəsmi Paris Azərbaycanı ittiham etmək əvəzinə, beynəlxalq hüquq normalarına riayət etsə, bütün bu problemlərlə də üzləşməz”.

Yusif Bağırzadə 

Y.Bağırzadənin sözlərinə görə,  Fransa bilməlidir ki, müstəmləkə siyasəti və ya yerli xalqlara qarşı aparılan hüquqa zidd addımlar heç bir halda Fransanın daxili işi hesab oluna bilməz və Azərbaycan da bu səpkili fəaliyyətlə əslində insan hüquq və beynəlxalq hüququn təməl prinsiplərini müdafiə edir: “Göründüyü kimi, artıq 21-ci əsr olmasına baxmayaraq Fransa hələ də əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətindən əl çəkmir. Dünyaya demokratiya dərsi keçməyə cəhd edən Fransa hakimiyyətinin istər müstəmləkə altında saxladığı xalqlara, istərsə də elə sadə fransızlara qarşı həyata keçirdiyi siyasət Makron hakimiyyətinin eybəcərliyini bütün çılpaqlığı ilə ortaya qoyur.  Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı və Haiti kimi Fransanın müstəmləkəsi altında olan dənizaşırı ərazilərin xalqları da haqlı olaraq yüz illərdir davam etdirilən ədalətsizliyə son qoyulmasını, hüquqlarının bərpa edilməsini istəyirlər. Bu onların haqqıdır və özünü insan hüquqlarının müdafiəçisi adlandıran ayrı-ayrı ölkələr, beynəlxalq qurumların da Bakı Təşəbbüs Qrupu kimi onların haqlı tələblərinə dəstək verməsi lazımdır”.

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə bildirdi ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticələri açıq şəkildə görünməkdədir: “Artıq bu fəaliyyətin nəticələrini Fransa hiss etməkdədir. Ona görə də narahatlıqlarını etiraf formasında dilə gətirirlər. Rəsmi Bakının gücü etiraf edilir. Rəsmi Bakı müxtəlif yollarla, o cümlədən Bakı Təşəbbüs Qrupu vasitəsilə kolonialzimə qarşı mübarizəni davam etdirir. Bakı Təşəbbüs Qrupu sıradan bir təşkilat deyil. Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatına üzv olan 20 dövləti, ümumilikdə beynəlxalq hüququn 45 subyektini birləşdirən bir təşkilatın yaratdığı Qrupdur. Onun yaradılması zamanı qarşısına qoyulan məqsədlər hamıya bəlli idi. Bu gün o qrupun fəaliyyəti təkcə Azərbaycanda keçirilən tədbirlərlə məhdudlaşmır. BMT-nin baş ofisində, Cenevrə ofisində, Türkiyədə, dünyanın ayrı-ayrı dövlətlərində Bakı Təşəbbüs Qrupu çox miqyaslı tədbirlər keçirir. Bu tədbirlər zamanı cəlb olunan tərəflər bir başa Fransanın kolonialist siyasətindən əziyyət çəkən və bu gün də neokolonialist siyasətindən əziyyət çəkməkdə olan dənizaşırı dövlətlərin, xalqların nümayəndələri iştirak edirlər. Təbii ki, onların dilindən səslənidirlən real faktlar dünyanın bu məsələyə diqqətini yönəltməyə gətirib çıxarır. Fransanı da narahat edən budur və Fransa bu prosesin qarşısını almaqda acizdir. Aparılan proses Fransanın digər koloniyalarında da ona qarşı hərəkətlənməni meydana gətirir. Fransa Nigerdən, Afrikanın digər ərazilərindən niyə qovulur? Təbii ki, belə addımların sayəsində. Biz bu prosesin daha da genişlənməsini bundan sonra da görəcəyik. Fransa nə qədər əsassız iddialar səsləndirsə də ki, Azərbaycan onun daxili işlərinə qarışır, insan hüquq və azadlıqlarının dövlətlərin daxili işi olmadığını Fransa özü hər addım başı səsləndirir. Müstəmləkəçilik siyasətindən əziyyət çəkən insanların, xalqların hüquqları ilə bağlı problem Fransanın daxili məsələsi deyil”.     

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR