Onlayn ictimai-siyasi qəzet
Hər il ən azı 12 yapon turist Fransa paytaxtını ziyarət etdikdən sonra psixoloqlara müraciət edir. Zərərçəkənlərin əksəriyyəti yerli sakinlərin aqressiv hərəkətlərindən şikayət edirlər. Xəstələrin üçdə ikisi bir neçə psixoterapiya seansından sonra normal vəziyyətə qayıda bilir. Lakin yerdə qalanlar daha uzunmüddətli müalicə kursuna ehtiyac duyurlar və əksər hallarda onlara kəskin psixoz diaqnozu qoyulur.
Musavat.com bu barədə maraqlı faktları təqdim edir:
Psixoloq Erv Benhamounun fikrincə, yapon turistlərin psixikası Paris kimi şəhərləri ziyarət etməyə hazır deyil. Onlar qonaqpərvərlik görəcəklərini düşünsələr də, bunun tamamilə əksi ilə rastlaşırlar və əsəbləri bu cür gərginliyə dözmür.
Yapon dükanlarında müştəri kraldır, halbuki Parisdə satıcılar onlara xüsusi diqqət yetirmirlər.
İctimai nəqliyyatda insanlar kobud və soyuqdur, küçə oğurluqları isə vəziyyəti daha da pisləşdirir. Zərərçəkənlərdən birinin şikayəti: "Paris bizim üçün arzular şəhəridir. Düşünürdük ki, bütün fransızlar gözəl və zərifdir. Lakin biz onlarla üz-üzə gəldikdə anlayırıq ki, çox yanılmışıq. Biz həm xaraktercə, həm də həyata baxışlarımıza görə tamamilə fərqliyik".
Mövzumuz Parisin başqa bir “gözəlliyi” haqqında olacaq. Paytaxtda olduqca qəribə və ürküdücü muzeylər fəaliyyət göstərir. Məzlum müstəmləkə ölkələri son damla qanlarına qədər hər sahədə Fransa büdcəsini doldurmağa xidmət edirlər.
Sosial şəbəkələrin birində bir məlumat paylaşılıb. İddia olunur ki, Fransa müstəmləkə zülmü və soyqırım yaşatdığı Əlcəzairdə 1830-1962-ci illərdə 10 milyon insanı qətlə yetirib. İddiaya görə fransızlar günahsız əlcəzairlilərin kəllə sümüklərini Parisdəki muzeylərdən birində sərgiləyib. Günümüzdə insan kəllə sümükləri sərgilənmir, amma qeyd olunan dövrdə sərgilənib-sərgilənməməsi barədə ziddiyyətli fikirlər mövcuddur.
Dünyanın müxtəlif ölkələrindən Fransaya gətirilən təxminən 18 min insan kəllə sümüyü laboratoriyalarda analiz edilib. İdentifikasiyası aparılan 500 kəllə sümüyündən 36-sı 19-cu əsrdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımın qurbanlarına aid olmasını təsdiqləyir.
Əlcəzairə səfər edən Emmanuel Makron Parisdə şəxsiyyəti müəyyən edilən həmin kəllə sümüklərini vətənlərinə geri qaytara biləcəklərini qeyd edir. Bununla da soyqırım qurbanlarının kəllə sümüklərinin Parisə aparılması fikri öz təsdiqini tapır. Qalır onların muzeydə sərgilənməsi məsələsi.
“France 24” kanalının muzeydən hazırladığı reportaj da üzəri rəqəmlənmiş əlcəzairli qurbanların kəllə sümüklərinin olduğunu sübut edir.
Amma ilk dəfə Parisdəki insan muzeyində Əlcəzairdəki soyqırım qurbanlarının kəllə sümüklərinin olması faktını 2011-ci ildə əlcəzairli tarixçi Əli Fərid Bilkadi sübut edir. Kəllə sümüklərini öz gözləri ilə görən Bilkadi qeyd edir ki, hazırda bu sümüklər nə Əlcəzairdə, nə də Fransada sərgilənir. Bu sümüklərə yalnız mütəxəssislərin təmasına icazə verilir.
Mətbuata açıqlamalarında muzey əməkdaşları bildiriblər ki, kəllə sümükləri digər eksponatlarla birgə sərgilənmir, xüsusi qutularda mühafizə olunur və digər insan qalıntıları kimi soyqırım qurbanlarına da “sayğı göstərilir”. Bildiriblər ki, onlar nə vaxtsa sərgiləniblərsə də, indi sərgilənmir.
Yenə ortaya maraqlı suallar çıxır. Sərgiləmirdinizsə, niyə bu kəllə sümüklərini aparmısınız?! Ümumiyyətlə, müstəmləkə ölkələrinin qətlə yetirilən vətəndaşlarının kəllə sümüyü Parisdə nə gəzir?
2011-ci ildə əlcəzairli tarixçi bu məsələni qabartmasaydı, bu gün bu haqda söhbət ola bilərdimi?
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ