Onlayn ictimai-siyasi qəzet
Sovet İttifaqı dağıldıqdan sonra Qarabağ ermənilərinin müstəqil dövlət kimi elan etdiyi “DQR”in ərazisi beynəlxalq ictimaiyyətdə Azərbaycan ərazisi kimi tanınıb. Rəsmi Bakı bu ərazilərin işğal edildiyini bəyan edib. 1993-94-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən dörd qətnamə qəbul edib, amma illər uzunu onların heç biri yerinə yetirilməyib. Bu illər ərzində heç bir dövlət ərazi bütövlüyü prinsipinin əleyhinə gedərək “DQR”i müstəqil dövlət kimi də tanımayıb.
“DQR”də “prezident”, “parlament” seçkiləri keçirilsə də, heç vaxt dünya dövlətləri seçkinin nəticələrini qəbul etməyib. Artıq tarixə çevrilən qondarma “DQR”in müstəqilliyinin tanınmasına dair qanun layihəsi bir neçə dəfə həm Ermənistanda, həm də ABŞ Konqresində və Fransada gündəmə gəlib. Fransa Senatında bir neçə il əvvəl “DQR”in tanınmasına çağıran qanun layihəsi qəbul edilib. 188 deputat layihənin lehinə səs verib, cəmi 3 deputat isə onu tanımaqdan imtina edib.
Qanun layihəsi Fransa hökuməti üçün tövsiyə xarakteri daşısa da, o zaman Bakıda ciddi etiraz doğurub. Bu səbəbdən rəsmi Paris bəyan edib ki, “DQR”i tanımır.
“Dağlıq Qarabağ Respublikası” ötən il sentyabrın 28-də özünü buraxdığını bəyan edib. Qarabağdan qaçaraq, Ermənistana sığınmış separatçıların “mühacirət hökuməti” yaratmaq istəkləri isə baş tutmayıb. Əksər separatçılar belə bir “struktur”un yaradılması təşəbbüsü ilə çıxış etsələr də, İrəvan hökuməti buna imkan verməyib.
Fransa ilə gərginləşən münasibətlər fonunda ötən ilin oktyabrında Korsika xalqına dəstək məqsədilə Milli Məclisdə yeni qrup yaradılıb. Yeni qrupun “Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə” yaradıldığı bildirilib.
İddialara görə, Fransa hökuməti də Azərbaycanın bu addımına cavab olaraq senatda tarixin zibilliyinə atılmış “DQR”lə bağlı yeni qərar vermək niyyətindədir. Mənbə deyib ki, senat İrəvanda hələ ki təşkilatlanmağa imkan verilməyən "mühacir Qarabağ hökuməti"ni tanıya bilər. Amma o da qeyd edilir ki, Paşinyan hökuməti Fransanı bu addımdan çəkindirməyə çalışır. Çünki bu, Paşinyana yeni problem yarada bilər.
Yeri gəlmişkən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qarabağı tərk etmiş ermənilərə 1 milyon dollar məbləğində əlavə dəstək verib. Ancaq Fransa Senatı qondarma respublikanı tanıdığını bəyan etsə belə, nəticə dəyişmir. Bu, separatçıların İrəvanda yığıncaqlar keçirməsini stimullaşdıra bilər. Lakin belə bir qərar Paşinyan kabinetinin maraqlarına xidmət etmir.
Milli Məclisin dəstəklədiyi Korsika məsələsinə gəlincə, Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər ciddi nailiyyət əldə etdilər, qələbə qazandılar. Bundan sonra Korsika məsələsi ilə əlaqədar danışıqların yenidən aktiv fazaya keçməsi müşahidə edildi. Millətçi kəsim ilk növbədə Fransa hakimiyyətinin qarşısına konkret bir tələb qoydu: korsika dilinə fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret oldu: “Xeyr!”
Fransanın ən yoxsul bölgəsi olan Korsika əhalisinin tələbləri belədir: müstəqillik verilməsi və ya muxtariyyətin genişləndirilməsi; siyasi məhbuslara amnistiya verilməsi; Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması. “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması; Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi. 2020-ci il noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də sözügedən qətnamə müzakirə edilərək qəbul olunub. Şübhəsiz ki, bu, siyasi təsir gücünə və hüquqi qüvvəyə malik olmayan adi kağız parçasıdır, amma separatizmin dəstəklənməsi faktıdır.
Aqil Abbas
Deputat Aqil Abbas “Yeni Müsavat”a dedi ki, Fransa bütün gücünü bizə qarşı səfərbər edib: “Bu siyasət həm də NATO-nun əli ilə həyata keçirilir. Alyans Ukrayna müharibəsində Rusiyaya uduzub deyə indi acığını çıxmaq üçün diqqəti Cənubi Qafqaza yönəldir. Amma bunun nəticələri Ermənistan üçün ağır olacaq. Onlar bizim silahların gücünü görüb. Ona görə də Fransa başından böyük qələt edir. Nə qədər istəyirlər qondarma respublikanı tanısınlar, nəticəsi olmayacaq. Sadəcə, Azərbaycana təzyiq göstərirlər, parlamentdə də demişəm ki, sanksiya tətbiq etmək fikirləri var”. A.Abbas vurğuladı ki, biz də embarqo tətbiq edə bilərik: “Fransanın burada layihələri var. Habelə, Rusiya Fransanı Afrikadan çıxardı. İndi onların ehtiyacları var. Misal üçün, Fransanın Atom Elektrik Stansiyası uranla işləyir. Onlar da uranı Qazaxıstandan alırlar. Amma logistika üçün iki yol var: biri Rusiyadan keçir, Allaha şükür, bağlıdır. Biri də bizdən gedir. İndi buraxmasaq, nə olacaq? O baxımdan, Fransanın, Almaniyanın uşaq oyunları heç bir təsir edə bilməz”.
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a Fransanın addımlarının sabitliyi pozmağa yönəldiyini açıqladı. Partiya sədri qeyd etdi ki, senatda “DQR”i tanımaq qərarı qəbul olunsa, buna təəccüblənmərik: “Fransa bir o qalıb ki, özünü "ikinci Ermənistan" elan etsin. Makron hökumətinin addımları hər mərhələdə Bakı-İrəvan əlaqələrini korlamağa xidmət edir. Fransa silah verir, sərhədə generalını göndərir, təsisatları bizə qarşı düşmənçilik edir... Halbuki bu ölkənin Azərbaycanla ciddi iqtisadi əlaqələri var. Bu gün “Total” şirkəti Bakıda ciddi paya malikdir. Həmçinin Fransa-Azərbaycan universiteti, Fransa liseyi fəaliyyətdədir. Amma bunları nəzərə almırlar. Ona görə də Makronun üzqarası olan bu siyasətinə “dur” deyən olmalıdır".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ