Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan mediası, mətbuatı hər zaman, ələlxüsus da ən həssas məqamlarda dövlətin və dövlətçiliyin yanında qərarlaşıb. Eyni zamanda Azərbaycan jurnalistikası, Azərbaycan jurnalistləri əksəriyyət etibarilə peşəkarlardan ibarətdir və öz işlərini ləyaqətlə görürlər”.
Musavat.com xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Ardınca deputat bunları qeyd edib:
“Amma bir də başqa qütbdə qərarlaşan cinayətkar qruplaşmalar var ki, onlar da medianın, mətbuatın adını mənimsəməyə, daha dəqiq desəm, öz çıxarları üçün həmin addan istifadə etməyə çalışırlar. Adlarını da çəkə bilərəm: “Azadlıq radiosu”, “Azadlıq” qəzeti, “Meydan TV”, “Toplum TV”, “Azad söz” və sair bu kimi platformalar. Bax, belələrinin Azərbaycan mətbuatına qətiyyən aidiyyəti yoxdur və bir daha təkrar edirəm: onlar cinayətkar ünsürlərdən ibarət yığma komandadır, media adı ilə ortalığa buraxılsalar da, öncə media adının özünü gözdən, nüfuzdan salmağa yönəlik projelərdir, xaricdən maliyyələşən, tezisləşən qurumlardır və nəhayət, erməni əlinə oynayan, Fransa dəyirmanına su tökən naxələflərdir”.
Elşən Musayevin sözlərinə görə, İmişli hadisələri də həmin media orqanlarının gerçək simasını ortaya çıxardı:
“Həmin hadisələr zamanı da bu ünsürlərin sərgilədiyi destruktiv fəaliyyət, mövzunun siyasiləşdirilmə və kontekstdən çıxarılma cəhdi bir daha göstərdi və sübut etdi ki, onlar heç vaxt düzəlməyəcəklər, heç zaman adam olmayacaqlar, xarici dairələrdən idarə olunurlar, eyni şəbəkəyə aiddirlər və həmin şəbəkənin adı da, soyadı da, eni də, uzunu da, boyu da, qət etdikləri yolun trayektoriyası da, radiusu da hər birimizə gün kimi aydındır”.
E.Paşasoy,
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ