Onlayn ictimai-siyasi qəzet
Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Hərəkatın “COVID-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında, bu beynəlxalq qurumun üzvlərinin maraq və mənafelərinə, beynəlxalq hüququn yüksək tələblərinə cavab verən məsələlərə dair vacib açıqlamaları oldu. Bu məsələlər içində Fransanın XXI yüzillikdə də davam edən müstəmləkəçiliyinə dair prinsipial mövqe, əslində, bütün tərəqqipərvər bəşəriyyətin səsi, mövqeyi olmalıdır.
Dünya Bakını duymalıdır və Fransanın dənizaşırı müstəmləkəçiliyi bu ölkənin haqq etdiyi başağrısına çevrilməlidir. Fransa və müstəmləkə keçmişindən qopa bilməyənlərin anti-bəşəri siyasəti nəhayət sıfırlanmalıdır. Belə olmadıqda, kiçik bacılar da böyük bacıdan ilham almış və sonra da Dəmir Yumruq yeməli olur...
Planetin yeni siyasi arxitekturaya, yeni beynəlxalq düzənə ehtiyacı vardır. Hərəkatın sədri bu yeni düzənin formalaşmasında Qoşulmama Hərəkatının önəmli beynəlxalq təsisat kimi rol almalı olduğunu bildirdi. İlham Əliyev Şərq-Qərb qarşıdurmasının ciddi fəsadlarına diqqət çəkdi. Gəlin, Qərbin aparıcı dövlətlərindən birinin – Makron Fransasının ünvanına deyilən çox haqlı və təkzibi mümkün olmayan sözlərə diqqət yetirək: “Biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. ...Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Obrazlı desək, özü “şüşə ev”də yaşarkən, başqasının qara daşdan tikilmiş bağ evinə, konkret halda bizim Şuşamıza, Qarabağımıza daş atan Fransa, Azərbaycanı qınama haqqına sahib deyil! Fransa parlamentinin hər iki qolu Azərbaycanın Qarabağ bölgəsindəki bir ovuc erməninin guya tapdanan hüququ üçün, bu azmış kimi, qondarma rejimin “dövlət” statusunda tanınması üçün dəridən-qabıqdan çıxarkən, bir az öz yaxın tarixlərinə, bir çox müstəmləkələrinə baxsa daha səmərəli iş görmüş olardı. Özü də, Azərbaycanın içərilərindəki əzəli-əbədi torpaqlarımızda məskunlaşmış bir ovuc erməninin qayğısına qalmaqçün Paris o qədər yaxın coğrafiya sayılmaz... Rəsmi Parisin müstəmləkələri də “dənizaşırı” torpaqlardadır... Bu ifadələrin, sadə cümlələrin özü belə, Fransanın nəinki (keçmiş) ATƏT-in Minsk qrupunun həmsədri, BMT TŞ daimi üzvü olaraq haqq etdiyi yerdə olmadığını dəqiq ifadə edir. Fransa öz qabığına çəkilməli, öz yerini bilməlidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
14 Noyabr 2024
13 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ