Onlayn ictimai-siyasi qəzet
“Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərə dair qərəzli, ermənipərəst mövqeyi Azərbaycan ictimaiyyətində və ölkəmizin jurnalist cameəsində narazılıq və narahatlıq doğurmaqdadır. Bu narazılığın müxtəlif media materiallarında, eləcə də ayrı-ayrı vətəndaşlara məxsus sosial şəbəkə profillərində ifadəsini tapması təbiidir”.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında bildirilir.
“Təəssüf ki, dünyanın bəzi media orqanları məsələyə xüsusi rəng qatmaqda, cəmiyyətimizin Fransanın birtərəfli və qərəzli mövqeyindən haqlı etirazlarına qeyri-adekvat məzmun qazandırmaqda və mövcud xüsusda Azərbaycan dövlətini hədəfə almaqda, bütövlükdə respublikamız əleyhinə mənfi beynəlxalq rəy formalaşdırmaqdadırlar. Fransanın dezinformasiya ilə mübarizə qrupunun yaydığı son məlumatın Qərb mediasında tirajlanması da bu cür xoşagəlməz niyyətin göstəricisidir.
Qeyd edək ki, “Reuters” agentliyinin xəbərinə görə, sözügedən qrup 2024-cü ildə Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarının boykot edilməsi istiqamətində fəaliyyət göstərənlər arasında bir azərbaycanlının olduğunu müəyyənləşdirib. Həmin şəxs X sosial şəbəkəsindəki profilində Fransanı qınayaraq bildirib ki, insan hüquqlarının pozulduğu ölkədə Olimpiya oyunlarının keçirilməsi yolverilməzdir. Hazırda dünyada Fransanın qlobal miqyasda apardığı siyasətdən narazılığın artdığı şəraitində bu təşkilatın qərəzli şəkildə yalnız Azərbaycana köklənməsi anlaşılan deyil və son dərəcə bəsit yanaşmanın göstəricisidir.
Əvvəla, hər bir şəxsin sosial şəbəkədə öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. İkincisi, hazırkı qloballaşma dövründə sosial şəbəkələrdə xalq və millət məsələləri deyil, fərd anlayışı, o cümlədən istifadəçilərin öz düşüncə və baxışlarını yayması aktualdır. Əgər həmin baxışlarda qaydalara zidd cəhətlər varsa, bunun araşdırılması və müvafiq tədbir görülməsi sosial şəbəkələrin müstəsna hüququdur. Üçüncüsü, sıravi bir sosial şəbəkə istifadəçisinin bölüşdüyü fikirlərin dövlətlə, indiki halda Azərbaycan dövləti ilə əlaqələndirilməsinə cəhdin özü belə olduqca qeyri-peşəkar və bəsit yanaşmadır. Belə təqdimat təsdiq edir ki, Fransanın sözügedən təşkilatı da ölkəmiz əleyhinə aparılan qərəzli təbliğatın alətidir.
Onu da bildirməliyik ki, Azərbaycana münasibətdə qərəzli və çirkin kampaniya aparan Fransa mediasının davamlı və ardıcıl xarakter daşıyan yarıtmaz xəttinin təkanverici qüvvəsinin məhz Fransa dövləti olması artıq hamıya aydındır. Ölkənin nüfuzlu media orqanları belə təlimatların Yelisey sarayından aldıqlarını gizlətmirlər. Aydın görünür ki, bu addımlarla Fransa dövləti özünün daxili və xarici siyasətdəki uğursuzluğunu, ölkədə hökm sürən ksenofobiya, antisemitizm kimi meylləri, rasizmin getdikcə güclənən təzahürlərini, insan hüquqlarının pozulması hallarının artmasını, habelə neokolonialist siyasətinin yaratdığı fəsadları pərdələməyə çalışır. Cənubi Qafqaz coğrafiyasında erməni avantürizmini körükləyən, onu maliyyələşdirən, silahlandıran Fransa fəaliyyətinə qloballıq libası geyindirdiyini zənn edir, əslində isə neokolonializm siyasətini növbəti regiona transfer etməklə orada yeni münaqişə ocaqları yaradır. Bu xüsusda Azərbaycanın hədəfə alınması, ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı qərəzli məqamların qabardılması Fransa dövləti adına son dərəcə miskin mənzərə formalaşdırır.
Azərbaycan Mətbuat Şurası belə mənfi təmayülləri qətiyyətlə pisləyir, dünya mediasını Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında iştirakdan uzaq durmağa, həssaslıq nümayişinə, ölkəmizlə bağlı dezinformasiya yayımından, dəqiqləşdirilməmiş, təsdiqini tapmamış məsələləri işıqlandırmaqdan çəkinməyə, əsl həqiqətlərə diqqət yetirməyə çağırır”, - bəyanatda qeyd olunur.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ