İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Bakı ilə münasibətləri daha da gərginləşdirir: Araik Parisdə...

Rəsmi Parisin anti-Azərbaycan siyasəti bölgədə vəziyyətin gərginləşdirilməsinə hesablanıb; Xankəndidəki separatçı rejimin başçısı "France 24"  kanalına çıxarıldı; Bakıdan sərt etirazlar

Qarabağdakı erməni separatçılarının rəhbərbəri  Araik Arutyunyanın başçılıq etdiyi üzdəniraq nümayəndə heyəti Fransaya səfər edib.  Arutyunyan Fransanın İle-de-Frans region şurasının sədri  Valeri Pekres ilə görüşüb. Pekres “Qarabağın və  Ermənistanın erməni xalqı”na həmrəylik və dəstəyini ifadə edib. “Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, - Pekress “Tvitter” mikrobloqunda yazıb. Xankəndidəki separatçı rejimin başçısı Fransanın "France 24" televiziya kanalına müsahibə də verib. Bu kanal onu "artsax" prezidenti kimi təqdim edib.

Xatırladıq ki,  separatçı-terrorçu Araiki qəbul edən Valeri Pekres 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində “Respublikaçılar” partiyasının namizədi olub. 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfərinə görə onun adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Qeyd edək ki, Fransa Senatında noyabrın 30-da parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə  yalan və iftira dolu qətnamə qəbul edilib. Azərbaycan XİN qətnamələri bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıdığını bəyan edib. Prezident İlham Əliyev isə noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışında dekabrın 7-də Brüsseldə görüşün keçirilməyəcəyini bəyan edərək, bunun səbəbini belə izah etmişdi: “Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”. Beləliklə, Qarabağ separatçılarının liderinin  dəvətini Paris yəqin ki, yenə “bu hökumətin mövqeyi deyil” kimi bəhanələrlə izah edəcək. Ancaq görünən budur ki, bu ermənipərəst siyasətin arxasında məhz Makron hakimiyyəti durur. Heç şübhə yoxdur ki, rəsmi Parisin anti-Azərbaycan siyasəti bölgədə vəziyyətin gərginləşdirilməsinə və son nəticədə Fransa heyətinin hansısa qiyafədə regiona girişinə nail olmağa hesablanıb. Üstəlik, Bakı üçün həssas mövzularda Paris yenidən qərəzli mövqe tutmaqda davam edir. Amma Bakı mövqeyində qətidir, kim necə istəyirsə, banlasın! Beləcə, separatçı və terrorçu qurumun başçısını bağrına basan Avropa ölkəsi ədalətsiz mövqeyini davam etdirir. Bəs, bu gərginlik haradək davam edəcək?

Milli Meclis: A Meeting with Peruvian MPs on Khojali Genocide

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında separatçıların başçısının Paris səfərindən danışarkən bildirdi ki, İkinci Qarabağ savaşından öncə də Xankəndindəki separatçı ünsürlər Fransaya gedirdilər: “Yəni Arutyunyanın orada peyda olmasında təəccüblü heç nə yoxdur. Mənin nəzərimdə ən təəccüblüsü Avropa Birliyinin digər üzvlərinin, özəlliklə də Almaniya kimi nəhəngin Fransanın o qurumun maraqlarına necə zərbə vuruğunu görməzdən gəlmələridir. Bir sıra ekspertlər Fransanın Ermənistanda fəallaşmasını, Avropa Birliyi adından ora göndərilən missiyanın qalma vaxtının bir ilədək uzatmağa çalışmasını Rusiyanın regiondan vurulub çıxarılmasına hazırlıq və cəhd kimi qiymətləndirsələr də, mən belə düşünmürəm”. S.Alıyev bu məqamla bağlı ilginc fikirlər söylədi: “Makrona Paşinyanın cükküldəşmələri, hətta Avropa Birliyinin adınan Ermənistana göndərilən missiya belə dolayısıyla Rusiyanın maraqlarına xidmət edir. Baxın, nə baş verir: həmən missiyanı göndərməkdə məqsəd nədir? Azərbaycan-Ermənistan sərhədində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etmək. Burada hələlik Rusiyanın marağına cavab verməyən nəsə varmı? Yoxdur. Əksinə, sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə gərəksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya qarşı donquldanırdılar. Avropa Birliyinin missiyasının orada olması müvəqqəti də olsa belə, donqultuların qarşısını almaq baxımından Rusiyaya sərf edir”. Deputat Arutyunyanın Fransada görüşdüyü şəxslərə də diqqət çəkdi: “Hələ gənc olanda  sovet DTK-sının əməkdaşlığa cəlb etdiyi bildirilən Valeri Pekreslə. O xanımla ki, düz bir il bundan öncə Moskva onun Xankəndində peyda olmasına şərait yaratmaqla Fransada keçirilməsi gözlənilən prezident seçkisində qələbə çalmasına çalışırdı. Amma onun etməli olduqlarını Makron da pis yerinə yetirmir. O, Avropa Birliyi ilə Azərbaycanı üz-üzə qoymağa çalışır ki, Kremlə bundan böyük xidmət ola bilməz. Çünki Avropanın enerji təhlükəsizliyinin təminində problemlər yaranır və onun bütün üzvlərinin eyni mövqedən çıxış etmələri böyük müşkülə çevrilir. Mən öncə də demişəm və bir daha vurğulayıram ki, Azərbaycan Avropanın onun parçalanmasını istəyən gücün təsirlərinə daha çox yatımlı ölkələrinin-Serbiya,  Bolqarıstan, Yunanıstan və digərlərinin enerji təhlükəsizliklərində mühüm rol oynamağa çalışmaqla əslində Qərbin Ukraynada baş verənlərə yanaşmada fərqli mövqedə durmalarının qarşısını alır. Bəs Makron Fransası nə edir? Avropanı Azərbaycandan qaz və neft almamağa çağırır. Rusiyaya bundan böyük xidmət ola bilərmi?”

S.Alıyevin fikrincə, ona görə də əgər haylar düşünürlərsə ki, Fransa Rusiyanı Ermənistandan vurub çıxaracaq və oranı öz forpostuna çevirəcək yanılırlar: “Fransanın Ermənistanla ”bacı-bacı oyunu" Rusiyanın cızdığı “qırmızı xətti”  keçəcəyi halda, Moskvadakıların işlətməyi sevdikləri bir komanda var, onu səsləndirəcəklər. Ola da bilər ki, həmən söz Makronun xoşuna gəlsin, ölkəsinin də gələcəkimi? Deyə bilmərəm, amma Fransanın da, onun prezidentinin də bu sözə tam haqq etdiklərinə tam əminəm".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Azərbaycan mürəkkəb şəraitdə hədəflərinə doğru gedir: “Bu yolda çoxlu maneələr var, onlardan biri də Fransadır. Bu ölkə açıq-aşkar ermənipərəst mövqe tutur, onların parlamenti guya ”müstəqildir, öz qərarını verə bilər" kimi ibarələr ətrafında gizlənməsi reallığı əks etdirmir. Parlamentin aşağı palatasının son anti-Azərbaycan qətnaməsi də göstərdi ki, demokratik prinsiplər yox dərəcəsindədir. Bütün deputatların yekdilliklə səs verməsi hər şeyin Makronun sifarişi ilə baş verdiyini göstərir". A.Nağı bildirdi ki, Azərbaycan digər təzyiqlərə də hazır olmalı, amma yolundan geri çəkilməməlidir: “Dünya bu cür mübahisəli şəraitdə inkişaf edir. Biz də bu şəraitdə maraqlarımızı qoruyaraq irəli getməliyik. Fransanın anti-Azərbaycan siyasəti əslində hadisələrin axarını dəyişmək iqtidarında deyil. Amma biz bunu boş buraxmalı deyilik, onları bu əməllərinə görə peşman etməliyik. Buna gücümüz çatar”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov şübhə etmir ki, Fransa artıq bütün siyasi institutları ilə Azərbaycan əleyhinə fəaliyyət göstərir: “Əslində burda bir sıra incə məqamlar var. Gəlin nəzər yetirək. Azərbaycan bu günə qədər Fransa əleyhinə hansısa qərarların verilməsində iştirak etməyib. Baxmayaraq ki, Fransanın özündə çox ciddi sıxıntılar var, biz Fransanın beynəlxalq hüququ necə tapdaladığına dəfələrlə şahid olmuşuq. Bu proses tarixi ardıcıllıqla günü bu gün də davam edir. Fransa çoxvektorlu insan hüquqları pozuntuları ilə bütün bəşəri dəyərləri təhdid edir. Amma biz qlobal platformalarda Fransanın bütün insanlıqdan kənar siyasi qərarlarına qarşı daha mütəşəkkil mübarizə metodları ortaya qoymağı bacarmalıyıq. 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzair cəmi 132 il Fransa tərəfindən işğal edildi. Bu müddət ərzində Əlcəzair xalqı da müstəqillik uğrunda fasilələrlə mübarizə aparırdı. Ən şiddətli müharibə 1954-1962-ci illər arasında baş vermiş böyük müstəqillik müharibəsidir. Bu müddət ərzində fransız işğalçıları 1,5 milyon əlcəzairlini vəhşicəsinə qətlə yetirdilər. Lakin Əlcəzair qırğını Fransanın Afrikada törətdiyi yeganə qətliam deyil. Fransa daxil olduğu demək olar ki, bütün Afrika ölkələrində oxşar qırğınlar həyata keçirdi. Öldürülənlərin sayı müxtəlif ola bilər, amma görürük ki, hamısında eyni vəhşilik ruhu aktivdir. Üstəlik, bu qırğınlar orta əsrlərin qaranlıq zehniyyəti ilə deyil, 20-ci əsrin modernist fəlsəfəsi ilə, yəni müasir dövr, insan haqları, beynəlxalq hüquq kimi anlayışların bütün dünya ictimai rəyi ədəbiyyatına daxil olduğu bir dövrdə həyata keçirilib”. T.İsmayılov hesab edir ki, Azərbaycan və Türkiyə Əlcəzair soyqırımında memar olan Fransanın ermənilərlə bağlı nələrsə danışmaq haqqının olmadığını beynəlxalq platformalarda daha da fəal qabartmalıdır: “Əlcəzair qırğını Fransanın Afrika qitəsində həyata keçirdiyi yeganə qətliam deyil. Fransa müstəmləkə etdiyi digər Afrika ölkələrində də böyük qırğınlar törədib, bütün insani və milli sərvətlərini bu yolda istifadə edib. Bundan başqa, Fransa kütləvi dözümsüzlük ilə Avropada sağ irqçiliyin möhkəmlənməsinə töhfələr verir. Mari Le Pendən təxribatçı Pekresə qədər - hər bir Avropada neonasizmin güclənməsinə xidmıt edirlər”. Ekspert digər maraqlı fakta da diqqət çəkdi: “BMT-nin İnsan Haqları Komitəsi 2012-ci ildə ictimai yerlərdə çadra geyindiyinə görə cərimələnən iki fransız müsəlman qadının müraciətini qiymətləndirib. 18 üzvdən ibarət Komitə Fransanın dini zəmində qadınların örtünmə azadlığını pozduğuna diqqət çəkib. Bildirilib ki, Fransanın qadağanın təhlükəsizlik və cəmiyyətdə birgəyaşayışın dəstəklənməsi baxımından zəruri olması ilə bağlı əsaslandırmaları inandırıcı deyil. Belə bir qadağanın qadınların burka və çarşab geyənlərin ictimai işlərə qatıla bilməməsinə və cəmiyyətdən kənara çəkilməsinə səbəb ola biləcəyi diqqətə çatdırılıb”. Politoloq onu da bildirdi ki, Fransa İnsan Haqları üzrə Milli Məsləhət Komissiyasının (CNCDH) dərc etdiyi hesabatda əhalinin 38 faizinin İslamı Fransanın kimliyinə “təhdid” olaraq gördüyü ortaya çıxıb: “Hesabat fransızların xüsusilə qaraçılara qarşı ciddi qərəzli olduğunu göstərdi. İrqçilik və ksenofobiya ilə mübarizə üçün bir sıra tövsiyələrin yer aldığı hesabatda irqçiliklə mübarizə mövzusunda müəllimlərin, polisin və jandarmanın davamlı olaraq təlimləndirilməsi, hakimlərin məsələnin həssaslığını daha yaxşı anlaması üçün lazımi araşdırmaların aparılması tövsiyə edilib”. T.İsmayılov da hesab edir ki, belə bir ölkənin separatçılara qucaq açması da bizi təəccübləndirməməlidir: “Dəfələrlə Araik də, digər separatçılar da Fransada peyda olublar. Fransa Türkiyəyə qıcıq olduğu üçün Azərbaycan-Türkiyə müttəfiqliyini ümumiyyətlə həzm etmək istəmir. Biz isə Fransada Korsika, Kaldeniya kimi yerlərdə əhalinin müstəqillik arzularını duymağı bacarmalıyıq. Bu sahədə təbliğatlarımızı daha da gücləndirməliyik”.

İstisna deyil ki, Azərbaycanın xarici siyasət idarəsi növbəti dəfə Fransanın Bakıdakı diplomatını izahat üçün dəvət edəcək və etiraz notası yeni səfirin “siftə”sinə çevriləcək. Ermənilərin bir çoxu hesab edir ki, Fransanın vəziyyəti gərginləşdirməsi onların başında çatlayacaq, amma iradə göstərib “bacı”larının üzünə ağ ola bilmirlər...

E.PAŞASOY,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR