Onlayn ictimai-siyasi qəzet
Ramazan ayı sona yaxınlaşanda hər il Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı ilə bağlı açıqlaması narazılıq yaradır. Bu da fitrə zəkatının konkret miqdarda və milli valyuta ilə təyin edilməsilə bağlı olur.
Bəs fiqh üsulları fitrə zəkatının miqdarını necə təyin edir? Fitrə zəkatının hikməti nədir?
Musavat.com xəbər verir ki, dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı fikirlərini açıqlayıb:
"Bir deyim çox sadə dillə bunu izah edir: Sizə qalan aldığınız deyil, verdiklərinizdir. "Sevdiyinizdən infaq etmədikcə gerçək ehsan sahibi olmazsınız" ("Ali İmran" surəsi, ayə 92). Bu ayənin hikməti də insana sevdiyindən ehsan etmək, ehtiyac sahiblərinə hədiyyə verməyi öyrədir. Ən gözəl ehsan sahibi də özü üçün qiymətli bildiklərindən ehtiyac sahiblərinə bağışlayandır. Fitrə zəkatını nə qədər səxavətli şəkildə versəniz, bilin ki, qazandığınız da o qədərdir.
Qeyd edim ki, bəzən fitrə zəkatı barədə açıqlama verilərkən zəkatın miqdarı milli valyuta ilə ifadə olunur. Bir çox hallarda Azərbaycanda yaşayan müsəlmanlar üçün zəkatın verilməsinin bu şəkildə ifadəsi çaşqınlıq yaradır.
Bir dini hökm birtərəfli olaraq bir dövlətin milli valyutası ilə təyin edilə bilməz. Hansısa ərzaq məhsulunun dəyərinin nisbətində zəkat olaraq ölçü kimi qəbul edilir. Çünki dini hökm millət və dövlətlər üçün deyil, ümmət üçündür. Yəni sadə dildə məsələ bu şəkildə izah edilə bilər.
Fitrə zəkatı 3 kq arpa, buğda, qarğıdalı, kişmiş və yaxud xurmanın dəyərində verilə bilər. Bu məhsulların birinin qiymətini seçib, kimin hansı məhsulun qiymətinin üç misli həddində zəkat vermək imkanı varsa, o şəkildə verə bilər".
Dinşünas əlavə edib ki, fitrə zəkatının verilməsi ilə bağlı digər məzhəb alimlərinin də fikirləri fərqlidir:
"Buna uyğun olaraq hər kəs öz məzhəbinin fiqh üsuluna uyğun zəkat verə bilər. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Cəfərilik fiqhi bu məhsulların əvəzinə pul verilməsini qəbul etsə də, şafii məzhəbinin fiqhinə görə bu qaydada fitrə zəkatı vermək olmaz. Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib, qalan ərzaq növləri üçün ölçü 3 kiloqramdır.
Fitrə zəkatını verərkən bir məsələyə də xüsusi həssaslıqla yanaşmaq lazımdır. Zəkatı bayram namazından əvvəl vermək gərəkdir ki, bu zəkatı alan şəxslər də könül xoşluğu ilə bayram edə bilsinlər. Allah ehtiyac sahiblərini sevindirsin, zəkat verənlərin zəkatını qəbul etsin!"
Afaq Mirayiq,
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ