İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fitch" qaz qiymətinə dair proqnozunu artırdı

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi 2025-2026-cı illər üçün təbii qazın qiymətləri ilə bağlı proqnozunu artıraraq, yaxın gələcəkdə neftlə bağlı proqnozunu dəyişməz saxlayıb.

Musavat.com agentliyin hesabatına istinadən xəbər verir ki, qaz qiymətlərinə yenidən baxılması ilin əvvəlindən qiymət dəyişmələrini, eləcə də qaz anbarlarında ehtiyatların əhəmiyyətli dərəcədə tükənməsinə səbəb olan soyuq qışı əks etdirir.

Analitiklər 2028-ci il üçün karbohidrogenlərin dəyəri ilə bağlı proqnoz əlavə ediblər:

"Biz neftin qiyməti ilə bağlı bütün fərziyyələri dəyişməz saxlamışıq. OPEC+ yanvar ayında böyük ehtiyat gücünə (6 milyon bareldən çox) sahib idi və aprel ayından etibarən hasilatın artırılması planına başlamağı planlaşdırdığını açıqlayıb. ABŞ-ın Çin məhsullarına idxal rüsumları qlobal artıma və neft tələbinə təsir göstərə bilər və bu, qiymətlərə artıq təklifə əlavə təzyiq yarada bilər".

"Fitch" ekspertləri hesab edirlər ki, Çinin cavab tədbirləri (ABŞ-dan kömür, LNG və neft idxalına tariflər) qlobal enerji bazarları üçün ciddi nəticələrə səbəb olmayacaq.

Şanxay Neft və Qaz Ticarət Mərkəzinin proqnozuna əsasən, Çinin qaz istehlakı 2025-ci ildə şəhər və sənaye sektorlarından gələn tələbat hesabına 6,5 faiz artaraq təxminən 456 milyard kubmetrə çatacaq. Çinin qaz idxalından asılılığı 2024-cü ildə 40,9 faiz təşkil edib və LNG əhəmiyyətli bir paya sahib olub.

ABŞ-ın LNG ixracı 53,2 faiz artaraq Avropa ilə qaz tədarükü üçün rəqabəti gücləndirib:

"Qaz tranziti sazişinin müddəti başa çatdıqdan sonra 2024-cü ilin sonunda Rusiyadan Ukrayna ərazisindən keçməklə Avropaya boru kəməri ilə tədarükün tam dayandırılması da daxil olmaqla, geosiyasi gərginlik, həmçinin Yaxın Şərqdə həll olunmamış hərbi münaqişələr də spot bazarda qiymətlərə təsir göstərir".

Qeyd edək ki, "Fitch" bu amilləri nəzərə alaraq qazın min standart kubfutunun qiymətini 2025-ci il üzrə 11 dollardan 12 dollara qaldırıb. "Brent" neftinin orta qiyməti olaraq 70 dollarlıq proqnoz sabit saxlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR