İnsanlara hürriyət, millətlərə istiqlal!

Firuzə İbadova: “Gecə klubu açdıqlarına görə filarmoniya tezliklə od tutub yanacaq”

 

 

“Filarmoniyanın nəzdində gecə klubu açıblar?! Bu xəbəri eşidəndə şoka düşdüm. Ayıb olsun! Böyük bir qəbahət iş görüblər. Belə etməklə sanki müqəddəs bir ocaqda eyş-işrət yeri açıblar”.

Bu sözləri Əməkdar artist, tanınmış müğənni Firuzə İbadova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gecə klubunun fəaliyyət göstərməsi xəbərinə münasibt bildirərkən deyib. Musavat.com-a danışan Əməkdar artist bu cür olayın baş verməsini biabırçılıq adlandırıb:

Bu həm də günahdır. Orada bizim dahi sənətkarlarımızın, o cümlədən maestro Niyazinin, Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın, Rübabə Muradova, Xan əminin ruhu var.  İlahi, bunları düşünəndə insan şoka düşür. Çox şükür ki, dahi sənətkarlarımız həyatda yoxdur, bunu görmürlər.  

Bu çox böyük səhvdir. Onu hansı ağılla, kim edib? Mənim gənclik illərim, yaradıcılığımın ən parlaq səhifələri filarmoniyada keçib. 20 ildən çox, 1972-ci ildən 1995-ci ilə qədər orada işləmişəm. İndi belə bir şeyin olması məni çox incidir. Həmin insanlara ən böyük təhqirləri yağdırıram. Filarmoniyanı bu hala saldıqlarına görə ora od tutub yanacaq. 

Müasirliyə biz bir söz demirik ki. Amma axı bu müqəddəs ocaqdır. Bu Azərbaycan mədəniyyəti üçün böyük təhqirdir. Hələ açıqlama da verirlər ki, “müqavilə ilə işləyəcəklər”. Məgər başqa yer yox idimi? Gərək mütləq filarmoniyanın nəzdində olsun?

Düşünürəm ki, jurnalistlər bu məsələni gündəmdə saxlayacaq və məsələ öz həllini tapacaq”.

Xatırladaq ki, iki gün əvvəl Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gecə klubunun fəaliyyət göstərməsi barədə məlumat yayılıb. Yayılan görüntülər əsasında mədəniyyət ocağında gecə klubu təşkil olunması və gənclərin əyləncə məclisi təşkil etməsi iddia olunub.  Masa üzərinə çıxıb rəqs edən gənclər, su kimi axan spirtli içkilər, fişənglər- bütün bu görüntülərin filarmoniyada baş verməsi təəccüb doğurub.

Mədəniyyət Nazirliyindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. 

“Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.

Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib. 

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”.

Filarmoniyadan mətbuata verilən açıqlamada bildirilib ki, görüntülər filarmoniyada yox, filarmoniyanın həyətində yerləşən restoranda qeydə alınıb. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından Paralel.az -ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Filarmoniyanın heç bir şeydən xəbəri yoxdur. Filarmoniya gecə klubuna çevrilməyib. Ola bilsin ki, həmin görüntülər Filarmoniyanlın həyətində olan restoranın qapalı məkanında çəkilib".

Xalidə Gəray
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR