İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya və İsveç qovğasında NATO-Ərdoğan müzakirələri: xilaskar Ankara tam haqlıdır

Qonşuluqdakı daha iki ölkənin alyansa üzv olmaq niyyəti Rusiyanı özündən çıxarıb; yeni müharibə təhlükəsi; politoloq: “NATO üzvü olan bütün ölkələr Türkiyənin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan terror təşkilatlarına münasibətdə Ankara ilə eyni mövqe sərgiləyəcəklərinə təminat verməlidirlər”

Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsi mövzusu qlobal məkanda yeni müzakirələrə səbəb olmaqla yanaşı, Ukraynada yaşanan dəhşətlərlə paralel olaraq yeni münaqişə ocaqlarının yarana biləcəyi ilə bağlı narahatlıqları artırmaqdadır.

Finlandiya və İsveç rəhbərləri Rusiyanın Ukraynadakı müharibəsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıb. Alyansın rəhbəri Yens Stoltenberq qeyd edib ki, NATO Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək. Rusiya indiki durumunda belə, vəziyyətlə barışmaq niyyətində deyil və Avroatlantik məkanın öz sərhədlərinə doğru irəliləməsinin qarşısını almaqda israrlıdır. Təkcə Finlandiya dövlətinin istəyi reallaşarsa, bu, NATO-nun Rusiya ilə sərhədlərinin daha 1300 km uzanması demək olacaq. Belə bir perspektiv isə Rusiya üçün arzuolunmazdır, sərt reaksiyalar da bundan xəbər verir. Rusiya bəyan edib ki, NATO-nun daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək.

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”, - deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək: “Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziya olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”.

Diplomat deyib ki, hərbi gərginliyin ümumi səviyyəsi artacaq. “Təəssüf ki, sağlam düşüncə indiki vəziyyətdə nə etmək lazım olduğuna dair bəzi fantom ideyalara qurban verilir. Bu, növbəti ciddi səhvdir. Yaxşı, nə etməli? Bu gün müvafiq ölkələrdə siyasi qərarlar qəbul edənlərin səviyyəsi belədir”, - Rusiya XİN başçısının müavini vurğulayıb. Ryabkov baş verənlərin fonunda vəziyyətin kökündən dəyişdiyini vurğulayıb: “Bu qərar nəticəsində Finlandiya kimi, İsveçin də təhlükəsizliyinin möhkəmlənməyəcəyi faktı bizim üçün tamamilə aydındır. NATO-nun ümumi konfiqurasiyasında dəyişiklik edildikdən sonra təhlükəsizliyimizi hansı formada təmin edəcəyimiz ayrı məsələdir. Bu, praktiki baxımdan Finlandiya və İsveçin Şimali Atlantika Alyansına gözlənilən qoşulmasının nəticəsinin nə olacağından asılı olacaq”.  Daha sonra isə o deyib ki, heç kim Rusiyanın Finlandiya və İsveçin NATO-ya daxil olması ilə barışacağı ilə bağlı illüziyalara qapılmasın, onların qərarı böyük nəticələrə gətirib çıxaracaq səhvdir.

Məlum olduğu kimi, qardaş Türkiyənin məsələ ilə bağlı sərgilədiyi ilkin mövqe NATO-da təlaşa və qıcıqlı reaksiyaya səbəb olub.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin mümkün NATO üzvlüyünə müsbət baxmadığını bildirib. Türkiyə prezidenti qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir. Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. “Biz prosesi izləyirik. Bu məsələ ilə bağlı müsbət fikrimiz yoxdur. Çünki bundan əvvəl Yunanıstanla bağlı səhv olub. Yunanıstanın Türkiyə ilə bağlı alyansdakı davranışından xəbəriniz var. Biz istəmirik ki, ikinci səhvə yol verək” - cənab  Ərdoğan deyib. Əlavə edib ki, Skandinaviya ölkələrində terrorçuları parlamentə buraxmaq kimi “qonaqpərvərlik” vərdişi var. “Ona görə də biz hələlik buna müsbət baxa bilmərik”, - türk lider əlavə edib.

Ekspertlərə görə, Türkiyə etiraz etsə, Finlandiya və İsveç NATO-ya üzv ola bilməyəcək.  Çünki NATO-ya yeni üzvlərin daxil olması üçün bu hərbi ittifaqın bütün üzvlərinin razılığı lazımdır.

Türkiyə XİN rəhbəri də NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə İsveç və Finlandiyanın terror təşkilatlarına verdiyi dəstəkdən narahat olduğunu bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra mətbuat konfransında danışıb. Onun sözlərinə görə, xüsusilə Türkiyə tərəfi İsveçdən silah yardımı məsələsini qaldırıb. M.Çavuşoğlu həmçinin alyansa qoşulmaq niyyətində olan ölkələrin Türkiyə ilə bağlı ixrac məhdudiyyətlərini “qəbuledilməz” adlandırıb.

Mövlud Çavuşoğlu: "Ermənistan heç nəyə nail olmayacaq" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

M.Çavuşoğlu NATO-da müttəfiqlik prinsipinin vacib olduğunu bir daha vurğulayıb: “İsveç və Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimizi prezident Ərdoğan ortaya qoyub. Biz NATO-nun genişləndirilməsinə qarşı olduğumuz üçün deyil, terror təşkilatlarına dəstək verən ölkələrin alyansa üzv ola bilməmələrinə inandığımız üçün bu mövqedəyik. Bu iki ölkə terror təşkilatlarının üzvləri ilə görüşlər aparır, biz bu məlumatları müttəfiqlərimizə təqdim etdik. Biz onlarla da görüşdüyümüz zaman narahat olduğumuz mövzuları bir daha açıq şəkildə söylədik. Bundan əlavə, bu iki ölkə Türkiyəyə qarşı hərbi ixracatda məhdudiyyətlər tətbiq edir, amma NATO çərçivəsində olacaq müttəfiqlərin bunu etməsi yanlış olar”.

Bundan əlavə, Mövlud Çavuşoğlu İsveç xarici işlər nazirinin bu məsələ ilə bağlı açıqlamalarının yolverilməz, finlandiyalı həmkarının yanaşmasının isə real və müsbət olduğunu qeyd edib: “Türkiyənin narahatlığının aradan qaldırılması istiqamətində alyans çərçivəsində işləmək təklifi irəli sürülüb”. Həmçinin türk diplomat “Bu ölkələr terror təşkilatlarına dəstəyi dayandırmalıdır”, - deyə əlavə edib.

Finnish President Says Joining NATO Would Be Russia's Fault

Finlandiya prezidenti Sauli Niinisto ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirəyə hazır olduğunu bildirib. (APA) Finlandiya prezidenti deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu məsələyə dair açıqladığı problemləri müzakirə etmək niyyətindədir.

 NATO baş katibinin müavini Mirça Geoana Türkiyənin Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı narahatlığını ifadə etdiyini və kompromis üçün şəraitin yaradılacağına inandığını bildirib. “Mayın 14-ündə Türkiyə ilə Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı danışıqlar apardıq. Bu, açıq və konstruktiv görüş oldu. NATO-nun mühüm müttəfiqi olan Türkiyə rəsmiləri narahatlıqlarını dilə gətirdilər. İnanıram ki, İsveç və Finlandiya yaxın günlərdə NATO üzvü olmaq qərarına gəlsələr, lazımi şəraiti yaradacağıq. Bu iki ölkəni alqışlamaq və konsensus əldə etmək lazımdır”-NATO rəsmisi deyib. M.Çavuşoğlu 14 may axşamı isveçli həmkarı Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə hər iki ölkənin NATO-ya üzvlük müraciətləri ilə bağlı üçtərəfli görüş keçirib.

Yens Stoltenberq: NATO Balkan ölkələrində münaqişələrin qarşısının  alınmasında rol oynayır - AZƏRTAC

NATO-nun Baş katibi Yens Stoltenberq isə deyib ki, Türkiyə Finlandiya və İsveçin müraciətinə mane olmayacaq. “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü əngəlləmək niyyətində olmadığını açıq şəkildə bildirdi”, - o bildirib.

Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya alyansa qoşulmazdan əvvəl bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün Baltikyanı ölkələrdə hərbi mövcudluq artırılacaq.

Hazırkı durumu necə xarakterizə etmək olar, Türkiyənin istəyi, tələbi yerinə yetirildimi? Bəzi şərhçilər iddia edirlər ki, Ərdoğan İsveçin NATO-ya üzvlüyü müqabilində nələrsə tələb edib və bu tələbi təmin olunub. Rəsmi Ankaranın bu məsələdə istəyi, marağı, tələbi nə ola bilər?

“Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olmalarına qarşı sərgilədiyi mövqe, təkcə bu ölkələrə deyil, eyni zamanda Avroatlantik Alyansın hazırda üzvü olan dövlətlərə də ünvanlanmış mesajdır”.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspertin sözlərinə görə, çünki PKK da daxil olmaqla, Türkiyənin ərazi bütövlüyünə, təhlükəsizliyinə qənim kəslmiş terror təşkilatlarını dəstəkləyənlər arasında NATO üzvü olan ölkələr də var: “İsveçə gəldikdə isə bu ölkə Türkiyəyə və türk dövlətlərinə qarşı alçaqcasına bir yanaşma sərgiləyir və bəzən belə bir təəssürat yaranır ki, NATO üzvü olan ölkələr, özlərinin Türkiyə əleyhinə ata bilmədiyi addımları İsveş vasitəsilə həyata keçirirlər. Çünki İsveç nəinki qlobal, heç regional güc də deyil. Yəni Türkiyənin yerləşdiyi ərazidə İsveçin geosiyasi maraqları yoxdur və belə olduğu təqdirdə, terror təşkilatları da daxil olmaqla, Türkiyəyə qarşı çıxan bütün qrup və təşkilatlara İsveç tərəfindən dəstək verilməsini əsaslandırmaq mümkün deyil. Məhz bu səbəbdən, İsveçin ”maşa" funksiyasını yerinə yetirdiyi qənaətindəyəm". Finlandiyaya gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, bu ölkənin siyasətçiləri arasında PKK/YPG və digər bu kimi teror təşkilatlarını dəstəkləyənlər olsa da, bu siyasət dövlət səviyyəsində həyata keçirilmir: “Bu baxımdan Ankaranın İsveçə və Finlandiyaya münasibətdə fərqli yanaşma sərgiləməsinin daha doğru olacağını düşünürəm. Digər tərəfdən, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul ediləcəkləri təqdirdə onların terror təşkilatlarına və separatçı qruplara dəstək verməyəcəkləri barədə təminatı, təkcə bu ölkələrdən deyil, Şimali Atlantika Alyansına üzv olan bütün dövlətlərdən almalıdır. Yəni NATO üzvü olan bütün ölkələr Türkiyənin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan terror təşkilatlarına münasibətdə Ankara ilə eyni mövqe sərgiləyəcəklərinə təminat verməlidirlər. Məsələn, belə təminatlardan biri NATO üzvü olan ölkələrin, həmçinin İsveç və Finlandiyanın Türkiyənin təqdim etdiyi siyahıya uyğun olaraq, PKK və digər bu kimi separatçı-terrorçu qrupları terror təşkilatları kimi tanımaları ola bilər. Şübhəsiz ki, ən yaxşısını Türkiyə hökuməti bilir”.

Türkiyənin İsveç və Finlandiya ilə bağlı ilkin mövqeyi, elan olunduğu kimi, bu ölkələrin terrorçulara qucaq açması ilə bağlıdır. Amma heç şübhəsiz bu mövqeyi ilə Ankara adıçəkilən iki ölkəni qarşıdakı fəlakətlərdən xilas etmək istəyir. Çünki Rusiyanın Ukraynada sərgilədikləri ondan xəbər verir ki, qəti şəkildə güzəştə gedən deyil və bu da son nəticədə insan itkiləri, dağıntılar, fəlakətlər vəd edir. Ərəb dünyasından 4 milyonadək qaçqını -üstəlik, Ukraynadan da axın başlayıb - ağuşuna alan, Ukraynanın xilaskarına çevrilən Türkiyə bu fəlakətləri çox yaxşı bilir və davamını istəmir...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR