İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fəxri adlar institutu Azərbaycanda incəsənətə zərər vurur” - Cavanşir Quliyevdən SENSASİON AÇIQLAMALAR

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Musavat.com-a açıqlamasında bildirib ki, mərhum Əməkdar artist Aygün Bəylərlə vida mərasimində işlətdiyi bəzi ifadələr təhrif olunub.

“Aygün Bəylərlə vida mərasimində mediaya açıqlamamda söyləmişdim ki, Aygün xanımın həyatı çətinliklərlə dolu olub, çünki daxilən azad insan idi.

Bu azadlığı ona müxtəlif problemlər yaradırdı – məişətdən tutmuş, sənətə qədər. Aygün Bəylərin həyatı ideal olmayıb, təbii ki, çətinlikləri olub. Kənddə yaşayan bir qız şəhərdə özünə yurd-yuva düzəldənə qədər zaman keçib.

Lakin bu xəstəlik heç nəyə baxmır. Dünyada ən doğru yaşayan adam da xəstələnir. Bu xəstəliyin səbəbini heç kim bilmir”, - C.Quliyev qeyd edib.

“Aygün Bəylər sağlığında lazımi dəyəri gördümü?” sualına isə Cavanşir Quliyev belə cavab verib:

“Xalq tərəfindən dəyər gördü. Ölümündən sonra bu qədər sevgi seli olan başqa bir sənətkar yadıma düşmür. Bəlkə də Səməd Vurğun olub, Üzeyir bəy olub. Ancaq bizim günlərimizdə bu qədər sevgi seli görməmişdim. İnsanlar dizlərinə vururdular. Bu, sevgidən irəli gəlir. Xalq elə ilk gündən Aygün Bəylərin dəyərini verib.

O ki qaldı hökumətin dəyərinə, fəxri adları dəyər hesab edək? Fəxri adlar boş şeydir. Mən hər müsahibəmdə deyirəm – gərək hökumət onu ümumiyyətlə ləğv etsin. Nə Avropada, nə Amerikada var. İnkişaf etmiş ölkələrin heç birində fəxri ad yoxdur. Nə İranda, nə Ərəbistanda var. Yalnız bolşeviklər, kommunistlər olan bəzi ölkələrdə olub, vəssalam. Mənasız bir şeydir. Stalinin vaxtında icad olunan, sənətkarları boyunduruqda saxlamaq üçün kəşf olunan üsullardan biri olub. Fəxri adlar, ordenlər, təltiflər və s.

Fəxri adlar ləğv olunmalıdır. Çünki sənətçilər də əsəbiləşir, iki dostun birinə fəxri ad verirlər, o birinə vermirlər, nəticədə dostlar bir-birinə düşmən olur. Ən əsası, fəxri adlar incəsənətin inkişafına ziyan vurur. Tutaq ki, xalq artisti adı aldı, onu alandan sonra bütün sənətkarların, yazıçıların ən yaxşı əsəri artıq arxada qalır. Bütün yadınıza düşən sənət adamlarının yüksək fəxri ad alana qədər yaradıcılıqlarına və alandan sonrakı yaradıcılıqlarına diqqət edin. Görəcəksiniz ki, ən yaxşı əsərini, ən yaxşı rolunu, ən yaxşı kitabını ona qədər yazıb. Amma məsələn, sənətçi 45-50 yaşında xalq artisti olur, hələ ömrü uzundur, məsələn, qarşıda 20-30 ili var, həmin illərin içində heç bir şey etmir. Yəni etdiklərinin keyfiyyəti belə ondan əvvəlkilərdən aşağı olur. Çünki o fəxri adı aldı və düşündü ki, vəssalam, bundan o tərəfi, bundan böyüyü yoxdur. Yəni insan yaradıcılıq baxımından rahat olur. Çünki bu cəmiyyətdə sənətkarların çoxu gəncliyindən fəxri ada köklənərək yaşayır. İşini, yaradıcılığını, hər şeyini ona yönəldir ki, mən o adları, o ordenləri alım. Hökumət konsertlərinə çıxırlar, hökumətin bütün tədbirlərinə gedirlər, aktiv olmaq istəyirlər ki, onları görsünlər, dəyərləndirsinlər və o adları, medalları onlara versinlər. Onları da alıb bitirəndən sonra deyir ki, vəssalam, mənim daha nə işim var. Nə konsertə gedir, nə də əvvəlki kimi aktiv olur, yaradıcılığı da geriləyir. Bu o deməkdir ki, fəxri adlar institutu Azərbaycanda incəsənətə zərər vurur”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR