İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəttahlıq zamanı deyil, seyid! – Səfəvilərin bayrağı öncə ora sancılmalıdır

İmtahan üçün, bir sorğu mərkəzi yaradaq, hər rayonumuzda 100 respondentə müracət edək və belə bir sual qoyaq: “Sizcə, iki dövlətdən biri ilə ittifaq halında yaşamalı olsanız, İranı seçərsiniz, ya Rusiyanı?” Cavablar, bilirsiniz, necə olacaq?

Son 105 ilin, xüsusilə də axırıncı 36 ilin bütün olub-keçənlərini, təzyiqlərini, pisliklərini unutmamış respondentlərimizin çoxu yenə də Rusiya ilə ittifaqa üstünlük verəcək.

Şükür ki, belə bir seçim qarşısında deyilik, müstəqil dövlətimiz, bəd ayaqda konfederasiya şəklində birləşə biləcəyimiz strateji müttəfiqimiz, kürək söykəyə biləcəyimiz Türk Dövlətləri Təşkilatı kimi blokumuz var. Rusiyaya da bələdik, İrana da. İkisi də gəlmişdilər, görmüşük.

Bəs insanlar niyə din-məzhəb birgəliyimiz, tarixi yaxılığımız olan dövləti qoyub, din fanatiklərinin diliylə desək, “gavur”ları üstün tutar?

Bunun səbəbləri çoxdur. Başlıcası odur ki, 200 il əvvəl bu əraziləri silah gücüylə İrandan qoparıb öz müstəmləkəsi edən Rusiya, nə qədər xoşumuza gəlməsə də, elə bir milli siyasət yeridib ki, sonunda biz onun yurisdiksiyasında olan torpaqlarda müstəqil dövlət qurmuşuq. Bu yolda itkilərimiz də olub, İrəvan və Zəngəzur sırf Rusiya siyasətçilərinin iradəsi ilə əlimizdən çıxıb, ancaq hər halda qazancımız itirdiyimizdən çoxdur.

İran dövlətinin əlində qalan torpaqlarımızda yaşayan xalqımızın övladları isə adi bir muxtariyyata malik deyillər, ana dilində məktəbləri, kitabları, filmləri, qəzetləri yoxdur, ana dilini yalnız evdə, dükan-bazarda işlədirlər, hər addımda fars şovinizminin basqısını hiss edirlər, ostanlara bölünmüş məmləkətlərinin bütöv halda dərk edilməsinə izn verilmir, bəzən mərkəzi media qurumlarında milli kimlikləri təhqir edilir və sair və ilaxır.

İndinin özündə Rusiya müstəqil Azərbaycan dövlətinin mövcudluğuna daha dözümlü yanaşır, nəinki İran. Vaxtaşırı olaraq özünü, sözünü bilməz axundlardan, keçmiş diplomatlardan biri çıxır, BMT-nin üzvü olan dövlətə qarşı ərazi iddiası irəli sürür, buranın “İranın tarixi əyaləti” olduğunu deyir, ölkəmizin mövcud olmaq haqqını şübhə altına alır. Nə var, nə var, 200 il öncə bu region tarixin bir epizodunda İrana bağlı olub.

Bu o zamanlar idi ki, zatən, dünyada cəmi 10-15 dövlət vardı və qitələri öz aralarında bölmüş, hərəsi bir imperiya yaratmışdı. Ondan sonra dünyada 180 ölkə əmələ gəlib və heç kəs də 200 il geriyə baxıb, “filan ərazi mənimdir” demir. Deyənlər olsa da, bu, ciddiyə alınmır.

Ona görə də İranın ali dini lideri Əli Xamneyinin şəxsi nümayəndəsi Həsən Amulinin dediyi sözlərin (“Şah İsmayılın nəvələri Bakıya bayraq sancacaq”) elə bir çəkisi, mənası yoxdur. Adam riyakarın biridir. 2017-ci ildə Qarabağda döyüşmək istədiyini deyən şəxs birdən-birə artıq “Bakıya bayraq sancır”. Nə oldu? Onun arzusu Qarabağı, din-məzhəb qardaşlarının əzəli yurdunu erməni işğalçılarından azad etmək idisə, o, 2020-ci ildə bu arzusuna çatıb. İndi qarnının azarı nədir? Bəlkə Amuli “Qarabağda döyüşmək istəyirəm” deyəndə o tərəfdən bəri döyüşməyi nəzərdə tuturmuş, kim bilir? Adamın indiki davranışı onu göstərir.

“Şah İsmayılın nəvələrinin bayrağı”na gəlincə, Şah İsmayılın, şah Təhmasibin və Şah Abbasın zamanında Səvəvilər sülaləsinin fərqli bayraqları olub. Onların və İranın müasir bayraqları aşağıdakı kimidir.

4bay.jpg (68 KB)

“Şah İsmayılın nəvələri” bir yerə bayraq sancmalıdırlarsa, yəqin ki, öz bayraqlarını sancarlar və bunun üçün ilk ən münasib yer Tehran və Təbrizdir. Qoy onlar elə etsinlər, öncə bayraqlarını Tehrana sancsınlar, özlərinin, Əfşarların, Qacarların dönəmində mövcud olmuş milli hakimiyyəti bərqərar etsinlər, ondan sonra baxarıq o nəvələr Bakıyla dinc, yanaşı yaşamağı üstün sayırlar, yoxsa ona qarşı aqressiv mövqe tuturlar.

Sonra belələri kürsüyə çıxıb islam ümmətçiliyindən, müsəlman qardaşlığından, əzilən müsəlmanların pasibanı olmaqdan-filandan danışırlar. Hamısı riya, hamısı yalan!

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ona düşmən kəsilən iki ölkə var: Fransa və İran. Biri xristian ölkəsidir, bu biri isə guya müsəlman ölkəsidir. İkisi də ermənilərdən yanadır. Hətta ermənilərlə dil tapmaq, razılaşmaq, dəhliz, yol açmaq, kommunikasiyaları bərpa etmək daha asan görünür, nəinki İranla. “Partkom”-axundlar dönüb-dolaşır, üstümüzə gəlirlər.

Nəhayət, bu qonşu ölkədə ağıl-kamal qalib gəlməlidir, praqmatik siyasətə üstünlük verilməlidir, neo-imperiya ambisiyaları boğulmalıdır. Dünya 200 il əvvəlki kimi deyil ki, qoşunu gözünə çox görünən hökmdar yürüşə çıxsın, 2 min kilometr o tərəfdəki ölkələri fəth eləsin.

İndi öz sərhədindən kənara çıxanlara nə “fateh” deyirlər, nə də “fəttah”, “işğalçı”, “aqressor” deyirlər və yerində oturdurlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR