İnsanlara hürriyət, millətlərə istiqlal!

FETÖ-erməni birliyinə Azərbaycan-Türkiyə qardaşlığından ŞOK ZƏRBƏ: sentyabrda... – Görgülü AÇIQLADI

Musavat.com Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında xidmətləri ilə seçilən TASC (Turkish American National Steering Committee) Türk Cümhuriyyətləri direktoru Muhammet Sami Görgülü ilə müsahibəni təqdim edir.

azeri.jpg (193 KB)

- Muhammet bəy, Türkiyədə keçirilən seçkilərin nəticəsini necə dəyərləndirirsiz?

- Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməklə dünyada tolerantlıq, ədalət və həmrəyliyin, siyasi bütövlüyünü qoruyub saxlaya bilən bir millət olduğumuzun dərsini dünya ictimaiyyətinə elan etdi. Türkiyə Cümhuriyyəti Osmanlı imperiyası dövründə ilk konstitusiyalı monarxiya ilə birlikdə demokratiyaya doğru addım atıb, 1876-cı ildən 2023-cü ilə qədər bütün idarəetməni seçkilərlə müəyyənləşdirib, demokratik xalq və onun azadlığını bu sistemlə hazırlayıb. Lakin son dönəmlər FETÖ terror təşkilatı Türkiyə iqtidarına yönəlik iftira kampaniyaları aparıb və hazırda bu kampaniyalar davam edir. Terrora və terrorçulara ev sahibliyi edən Qərb ölkələri Türkiyənin demokratiya proqramının qeyri-qanuni yollarla tərtib edildiyini iddia edirdilər. Lakin xüsusilə 14 mayda millətin 322 deputat yerini “Cümhur İttifaqı”na verməsi Türkiyədə yaşayan insanların “Cümhur İttifaqı”na olan dəstəyini və inamını göstərdi. İlk turda Rəcəb Tayyib Ərdoğanın 49,51% səs toplaması Türkiyədə demokratiyanın işlədiyini bütün dünyaya bir daha göstərdi. İkinci tur seçkilərində isə cənab Ərdoğanın ilk turda topladığı səsi qoruyub daha 1 milyon səs qazanmaqla seçkilərdən 52,18 faizlə qalib çıxması ona olan inamı, 21 il ərzində Türkiyədə sabitliyin davam etdiyini mükəmməl şəkildə izah etdi.

İnsanlar Ərdoğanı niyə seçdi?

1) Dediklərini edən bir liderdir. 2002-ci ildən bəri xalqa vəd etdiyi hər şeyi artıqlaması ilə edib. 2) Türkiyənin inkişafı – körpülər, yollar, yeni binalar, infrastruktur Avropa səviyyəsində qurulub. Proses davam edir. 3) Təhlükəsizlik siyasəti. Müdafiə sənayesi sahəsində milli “TCG Anadolu” desant gəmisi, SİHA-lar, İHA-lar, yerli avtomobil “Togg”, Qara dənizdə təbii qazın kəşfi, “Akkuyu” Atom Elektrik Stansiyası ilə (AES) Türkiyənin nüvə ölkələri liqasına daxil olması. Ən önəmlisi, Türk dünyasının bir dam altında toplanmasına vəsilə olan - 2009-cu ildə imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, hazırkı Türk Dövlətləri Təşkilatı. Xüsusilə İkinci Qarabağ müharibəsində Rəcəb Tayyib Ərdoğanın türk dünyasının son fatehi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən “Dəmir yumruq” əməliyyatında daim onun yanında olması Türkiyədə prezidentimizə dəstəyi artırdı.  

- Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türkiyə-Azərbaycan əlaqələri üçün nələr vəd edir?  

- Ərdoğanın zəfəri Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” şüarı üzərində inşa edilmiş əlaqələrin daha da güclənəcəyini ifadə edir. Bilirsiniz ki, müxalifət Türkiyə-Azərbaycan münasibətlərini qısqanclıqla qarşılayır, xəyanət ölçüsünə çıxan ifadələr işlədirlər. Bu zəfər türk dünyasındakı iki müzəffər liderin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə-Azərbaycan əlaqələrinin daha da güclənəcəyi, iki dövlətin daha böyük layihələrlə dünya insanlığına xidmət edəcəyi deməkdir.

qardas.jpg (77 KB)

- ABŞ Ərdoğanın qələbəsini necə qarşıladı?

- Türkiyə 1952-ci ildə üzv olduğu NATO-da güclü mövqeyə malikdir. NATO-nun şərq sərhədlərini qoruyan Türkiyə bu təşkilatın üzvləri üçün xüsusi önəm kəsb edir.  

Digər tərəfdən, ABŞ FETÖ terror təşkilatının başçısı Fətullah Gülən və lobbisinin, onlara dəstək verən Amerika Erməni Milli Komitəsinin (ANCA), Körfəz müharibəsindən bu yana Amerikada xronoloji şəkildə yerləşən kürd yaraqlılarının yayıldığı bir ərazidir. Onlar Türkiyə dövlətinə və hökumətinə qarşı reputasiya cinayətləri həyata keçirirlər.

Başda ABŞ prezidenti Co Bayden olmaqla, dövlət katibi Entoni Blinkenin, nazirlərin demokratik şəkildə seçilən prezidentimizə təbrik mesajlarını təbii ki, diaspora olaraq izləyirik. Lakin Türkiyəyə və türk dövlətlərinə düşmən olan lobbilər bir araya gələrək xronoloji şəkildə ABŞ-da dezinformasiya ilə məşğul olurlar. Erməni radikalların Azərbaycanın ABŞ-dakı səfirliyinə hücumlarını, səfirliyə məxsus avtomobili atəşə tutmalarını hər kəs xatırlayır.

Xüsusilə İkinci Qarabaş savaşı dönəmində Fətullah Gülən və onun terrorçu dəstəsi erməni diasporu ilə birlikdə türk nifrətini amerikalı siyasətçilərə ötürdü. FETÖ-çu terrorçular ermənilərlə birlikdə Azərbaycan və Türkiyənin müharibə cinayəti törətdiyi yalan və iftirasını amerikalı siyasətçilərə, ABŞ xalqına inandırmağa çalışdılar.

karab.jpg (266 KB)

- Amerikadakı türklər Rəcəb Tayyib Ərdoğanın qələbəsini necə qeyd etdi?

- 400 minə yaxın türkün, ümumilikdə isə 1 milyona yaxın türk xalqlarının yaşadığı ABŞ-da millətini və dövlətini sevən, türk-Amerika əlaqələrini dəstəkləyən toplum Rəcəb Tayyib Ərdoğanın qələbəsini böyük sevinclə qarşıladı. Xüsusilə burada güclü strukturu olan, Azərbaycan və Türkiyənin milli maraqlarını qeyd-şərtsiz dəstəkləyən ahıskalı soydaşlarımızın sevinci çox gözəl görüntülər ortaya çıxardı.

ABŞ-da Türkiyə və Azərbaycan vətəndaşları arasında ən güclü bağı ahıska türkləri qurub. Ahıskalı soydaşlarımız 9 ölkədə yaşayırlar. Azərbaycan və Türkiyədə yaşayan ahıska türklərinin ABŞ-dakı əlaqələrə çox böyük dəstəyi var. Diasporamızın ən böyük dəstəkçisi Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) ABŞ təmsilçisi Şöhrət Dəmirovdur.

Qeyd etdiyim lobbilər və onların üzvləri təbii ki, Ərdoğanın zəfərini həzm edə bilmədi. Onlar dünyaya demokratiya dərsi verən Türkiyə seçkilərini böyük bir iftira kampaniyası ilə zədələməyə çalışırlar. Amma bu, dünya ictimaiyyətinə təsir edə bilməz. Çünki görünən kənd bələdçi istəməz.  

- ABŞ-da yaşayan türklərin ən böyük problemi nədir?

- ABŞ-da yaşayan türklərin ən böyük problemi ali və milli məsələlərimizdə, haqlı davalarımızda bir araya gələ bilməməkdir. Dövlətə xəyanət etməyən, lakin müxalif partiyalara sadiq qruplar bir araya gələ bilmir. Belə olan halda burada yaşayan 1 milyon türk amerikalı siyasətçilərə öz gücünü göstərə bilmir.

- ABŞ-da Türkiyə-Azərbaycan işbirliyi necə gedir?

- Türkiyənin Amerikadakı səfirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin böyük uzaqgörənliyi ilə türk diasporu olaraq ali və milli məsələlərimizdə birlikdə, “Hər birimiz türk torpaqlarının başındayıq” şüarı ilə hərəkət edirik. Hər birimiz “bir millət” şüarından çıxış edərək dövlətlərimizin hər bir məsələsində birlikdə mübarizə aparırıq. Bunlar məlumatlar və sənədlər vasitəsilə amerikalı dostları faktlarla tanış etmək, Konqres ziyarətləri ilə amerikalı siyasətçi dostlarımıza haqlı davalarımızı və ümumi maraqlarımızı siyasi anlamda dəyərləndirməkdir. Güclü birlik nəticəsində ABŞ-da həyat mübarizəsi aparan soydaşlarımızın çətinliklərinə nüfuz edə bilirik. Sonuncu dəfə aprelin 24-də Vaşinqtonda qondarma “erməni soyqırımı”na qarşı göstəri təşkil etmişdik. Mayın 10-da isə Nyu-York şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gecə keçirildi.

xezer.jpg (108 KB)

Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun ev sahibliyi ilə Türk Evində baş tutdu. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önalın, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgürün, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) ABŞ təmsilçisi Şöhrət Dəmirovun iştirak etdiyi çox böyük bir tədbir keçirdik. Mayın 28-də isə Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci illiyi ilə əlaqədar Filadelfiya şəhərinin ən məşhur tarixi məkanı olan şəhər bələdiyyə binası (Philadelphia City Hall) qarşısında bələdiyyə sədri və valinin də iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması mərasimi keçirildi.

filaf.jpg (378 KB)

- Azərbaycana gəlməyi düşünürsüzmü?

- Bəli. ABŞ-dakı diaspora rəhbərlərimiz ilə birlikdə avqust ayında Azərbaycana səfər etməyi planlaşdırırıq. Səfər çərçivəsində başda cənab Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov olmaqla mətbuat konfransı keçirməyi planlaşdırırıq. Bu kofransa amerikalı jurnalistləri də gətirməyi düşünürük. Haqlı məsələlərimizi orada dəyərləndirmək istəyirik.

Səfərimizi avqusta planlaşdırmağımızın xüsusi səbəbi var. Belə ki, sentyabrda ABŞ-da Birləşmiş Millətlər Həftəsi (United Nations Week) keçirilir. Bu tədbirdə dünya liderləri bir araya gəlir. Biz də Birləşmiş Millətlər Həftəsində diaspora kampaniyalarımızın başlanğıcını Azərbaycandan etmək istəyirik. Çünki Zəngəzur dəhlizi, Laçın dəhlizi var. 2020-ci ildə imzalanan atəşkəs razılaşmasının maddələrinə uyğun gəlməyən halları dünya ictimaiyyətinə çatdırmağı və Ermənistandan ayrı şəkildə hərəkət edən ABŞ-dakı erməni diasporunun yalanlarını ifşa etməyi planlaşdırırıq.

- Qarabağ sizin üçün hansı mənanı ifadə edir?

- Qarabağ bizim üçün çox önəmlidir. Mənim atam 1992-ci ildə Türkiyədən Qarabağdakı soydaşlarına yardım üçün könüllü gedib. Biz bu işi atamızdan öyrənmişik. Mən Şuşada olmaq istəyirəm. Mətbuat konfransımızı məhz Şuşada keçirməyi planlaşdırırıq.

sami.jpg (204 KB)

- ABŞ-dan Azərbaycana nə kimi ürək sözləriniz var?

- İlk növbədə mənə bu fürsəti yaratdığı üçün “Yeni Müsavat” Media Qrupunun rəhbəri dəyərli Rauf Arifoğluya təşəkkür edirəm. Həqiqətləri dünyaya çatdırmağa çalışan azərbaycanlı jurnalistlərə, Türkiyə-Azərbaycan birliyini nəsildən-nəslə ötürən dəyərli soydaşlarımıza, “Küləklər şəhəri” Bakının igid övladlarına, Azərbaycanın qəhrəman övladlarına salamlarımı, təşəkkürümü, sayğımı çatdırıram. Bu birliyimiz gələcək nəsillərə çox gözəl bir örnəkdir. Bundan sonra daha böyük işlər görəcəyimizə inanıram.

Aytən Novruz
Musavat.com   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR