İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəridlə Hüseynin fərqi – Hər ikisi haqsız tutuqlanan, amma...

“Fəridin vəziyyəti yaxşı deyil, intihar edə bilər”. Bu həyəcanlı sözləri Musavat.com-a İranda casusluq etmək niyyəti ittihamı 11 aydır haqsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

“Fəridlə hər gün, günaşırı danışırıq, psixoloji durumu yaxşı deyil. Özüm həkiməm, onun vəziyyətinin nə qədər ağır olduğunu görə bilirəm. Orada da həkimlər bunun fərqində olublar, müalicə yazıblar, amma Fərid həbsxana rəisinin cəhdinə baxmayaraq dərmanları qəbul etməkdən imtina edib. O bunu həm tutulmasına etiraz kimi edir, həm də düşünür ki, alışqanlıq yaradan dərmanlar verə bilərlər”, - D.Əsgərova söyləyib.

Dediyinə görə, Fərid hər dəfə anasından soruşur ki, niyə onu azad etmirlər. “Tükənmiş bir insan təsəvvür edin, hazırda o vəziyyətdədir. Otağında internet, televizor, kitab, heç nə yoxdur. Heç bir məşğuliyyət yoxdur, 12 nəfərlik kameradır. Fərid həyatını həmişə səmərəli keçirib, dil öyrənib, öz üzərində çalışıb. Orada günahsız yerə qalması ilə barışa bilmir. Fərid o qədər ruhdan düşüb ki, oradan qayıda biləcəyinə ümidi yoxdur”, - dərdli ana əlavə edib...

Bir valideynin, ananın belə ürək dağlayan fəryadı, ah-naləsi əlbəttə, təbii və məntiqlidir. Əgər övladı həqiqətən hansısa cinayət əməlinə görə həbsə atılsaydı, yaxud narkoman-zad olsaydı, yenə dözmək olardı və sözsüz ki, Dilarə xanım bunca təlaş, sarsıntı keçirməzdi. Günahsızlıq isə təkcə ana üçün yox, balası üçün də artıq mənəvi kabusa çevrilib – biri guya islam əxlaqının hakim olduğu İranın zindanında zülm altında, digəri isə azadlıqda, Azərbaycanda eyni hissləri yaşamaqdadır.

Ağır duyğulardır. Anası Fəridin xilasından ötrü bir daha rəsmilərimizə müraciət edib. Keçmiş əsir hərbçilərimiz kimi, onun da qurtuluşuna ümidli olduğunu dilə gətirib.

Azərbaycan dövlətinin bu işdə əlindən gələni etdiyinə zərrəcə şübhəmiz yox. Ancaq nə edəsən ki, Türkə münasibətləri üst-üstə düşsə də, “ortaq dəyərləri” bölüşsələr də, İran həm də Ermənistan deyil. Daha məkrlidir.

Doğru, hər ikisi, şər daşıyıcısı və faktiki Azərbaycan dövlətinə qənim kəsilmiş ölkələr. Tehrandakı səfirliyimizə cəmi iki həftə sonra ildönümü olacaq hücum buna şəkk şübhə saxlamadı. Yəni cənub qonşumuz da Ermənistan qədər hər fürsətdə bizə pisliyindən qalmır, qalmayacaq. Ancaq hər necə olmasa, Ermənistandan fərqli olaraq, İranla diplomatik münasibətlərimiz, rəsmi gediş-gəlişlər var. O zaman bir günahsız gəncə bunca əzab verməyin adı nə?..

Bəlli ki, az öncə azad edilən əsir əsgərlərimiz Hüseyn Axundov və Aqşin Bəbirov da Ermənistanda türmədə yatıb. Hüseynə saxta ittihamlar əsasında hətta ömürlük həbs cəzası kəsmişdilər. Azərbaycan burdakı erməni diversantların bir qisminin qarşılığında onları geri aldı. Bəs Fəridin əvəzinə görəsən kim(ləri) İrana təhvil verməliyik? Qatı cinayətkarları, “azərbaycanlı” vətən xainlərimi?

Bilmirik. Bəlkə də hansısa variant müzakirə mövzusudur. Dəqiqini dövlətimiz bilər. Bir şey aydındır ki, Azərbaycan Respublikası öz günahsız vətəndaşını darda qoymur və qoymayacaq. Xüsusən də İran kimi elementar bəşər haqlarının ayaqaltı edildiyi, insanların şərlənməsinin adiləşdiyi yalançı “islam” ölkəsində.

Bu necə islam rejimidir ki, məsum bir insanı aylardır zindanda saxlayır, üstəlik, ona kitabsız, internetsiz bir otaqda mənəvi iztirab yaşadır. Tutaq ki, anası bağışladı, Allah bu zülmü sizə bağışlarmı? Allahdan heçmi qorxunuz yox? Qiyamətdə nə cavab verəcəksiniz, islam əxlaqından hamıdan çox dən vuran münafiqlər?

“Bir çox insanın namazından əyilib-durmaq, orucundan quru aclıq qalar”. Yəni İslam Peyğəmbərinin (s) bu kəlamından da xəbəriniz yox?..

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR