İnsanlara hürriyət, millətlərə istiqlal!

Faytonlu gəzintiyə nifrət, muzeylərə sevgi, şokoladlara heyranlıq – Vyanada bir neçə günlük müşahidələrim

İlin-günün bu vaxtında heç kimi hansısa ölkədən, şəhərdən yazılan yazı ilə təəccübləndirmək mümkün deyil. Hər tərəfdə səyahət blogerləri, youtuberlər, tiktokerlər… Filan şəhərdə bir neçə saat, bəhmən ölkədə 2 gün…tipli başlıqlar internetdə bəs deyincədir. Amma baha bilet qiymətləri, viza problemi ucbatından Avropaya tez-tez gedə bilməyən oxucularımıza bu yaxınlarda gerçəkləşdirdiyim 3 günlük Vyana turu barədə deyəcəklərim var. Ona görə yox ki, mən orda heç kimin görmədiklərini görmüşəm. Ona görə ki, işdi, yolunuz düşərsə, bunları bilmədən hərəkət etməyin…

AVROPAYA AYAĞINIZI QOYMAĞIN QİYMƏTİ – 48 AVRO…

Şengen vizası olan soydaşlarımız üçün son zamanlar Avropaya səyahətın ən münasib yolu Wizzair-dən bilet almaqdır. Romaya, Budapeştə ucuz biletlər almaq mümkündür. Və əgər Avropa səyahəti etmək istəyiniz varsa, ən yaxşısı, Avropa ölkələrindən birinə ucuz bilet alıb, daha sonra sürət qatarları ilə istədiyiniz ölkələri qarış-qarış dolaşmaqdır. Məsələn, mən ilk dayanacaq olaraq 48 avroya Budapeşt bileti aldım. Macarıstanın paytaxtında bir neçə gün səyahət etdikdən sonra sürət qatarı ilə Vyanaya keçdim. Elə Bakıya dönüşü də Budapeşt-Bakı uçuşu üzərindən bilet almaqla etdim. Yəni, toplam gediş-dönüşüm 96 avro tutdu. Qalanı – sürət qatarları, taksi, metro, avtobus… bu barədə isə aşağıda yazacam.

SURET.jpeg (206 KB)

Bəli, Budapeşt səfəri barədə başqa yazıda. Amma Budapeştdən Vyanaya sürət qatarı ilə 2 saat 38 dəqiqəyə çatmaq mümkündür. İki nəfərin bileti 40 avroya yaxın idi və rahat qatarla deyilən vaxtda Vyanaya çatdıq. Budapeşt Keleti Palyaudvardan Vyana Mərkəzi Stansiyasına çatana qədər yolda kofe, sendviç və fərqli təamlar sifariş edə bilirsiz. Etiraf edirəm: son illər Bakıda o qədər bahalıqla üzləşmişəm ki, artıq Avropadakı qiymətlər məni heç nə ilə təəccübləndirmir. Düşünün ki, öz ölkəmizdə 4-5 manatdan ucuz kofe ala bilmədiyimi nəzərə alanda Avropada 1-2 avroya keyfiyyətli kofe içmək nemət kimidir

BİLETSİZ İCTİMAİ NƏQLİYYATA MİNƏ BİLƏRSİZ, AMMA NƏZARƏTÇİNİ GÖRƏNDƏ...

Hər yer, amma hər yerdə bank kartları keçərli olduğu üçün artıq pul dəyişmək, üzərində nəğd pul daşımaq təlaşın da yoxdur. Bəli, gəldik çatdıq Vyanaya. Bolt şirkəti üzərindən taksi sifariş edib, öncədən bron etdiyimiz otelə gəlirik. Vyanada əvvəldən də bildiyimiz kimi, hər yerdə türkiyəli qardaşlarımız var. Taksidə, restoranlarda, mağazalarda… Buranın bəzi küçələri var ki, insan özünü orda rəsmən İstanbuldakı kimi hiss edir.

KUCE SON.jpeg (235 KB)

Keyfiyyətli səhər yeməyi yemək üçün hətta yerli əhali də türkiyəlilərin “sərpmə kahvaltıcılarına” axın edirlər. O masanın üstündə barmaq qoymağa yer tapılmayan səhər yeməyi süfrələri var ha, bax ora. Qiymət isə çox da ucuz sayılmaz. Bir nəfərə 20 avro.

Bir məqamı deyim ki, hansı Avropa ölkəsinə gəlmənizdən asılı olmayaraq, əlinizdə şəhərin xəritəsi və beyninizdə də turunuzun proqramı varsa, əziyyət çəkmirsiz. Vyanada isə şəhərin görməli yerlərini demək olar ki, ayaqla gəzmək mümkündür. Amma çoxlu sayda muzey görmək istəyirsizsə, o zaman taksi, avtobus, metro, tramvay xidməti şərtdir.

MUZEY YENİ.jpeg (251 KB)

Vyanada metroya girərkən bilet almısızsa, onu təsdiqlədəcəyiniz yer axtarmayın. Çünki burda nəzarət çox aşağı səviyyədədir. Amma işdi azərbaycanlılığınıza salıb, “onsuz da yoxlayan yoxdur” deyə metroya biletsiz daxil olmusuzsa, bunun da riskləri var. Çünki zaman-zaman həyata keçirilən yoxlamalar zamanı bilersiz metroya minməyin ciddi cəzası var. Minimum 40 avrodan başlanır. Sürət qatarlarına yoxlama bir qayda olaraq var, ona şübhə yox. Amma avtobus və metroda bəxtəbəxt məsələsidir.

80 AVROYA FAYTONA MİNMƏK OLAR? – YAZIQ DEYİL ATLAR?

Vyana bölgələrdən ibarətdir. Amma gəziləcək yerlərin demək olar ki, hamısı İnnere Statda, yəni, 1-ci bölgədə. İlk dayanacağım heç şübhəsiz ki, Vyana deyiləndə ağla gələn ilk yer, 1365-ci ildə inşa edilən St. Stephan Kilisəsi oldu. Bura şəhərin simvolu sayılır.

KİLSE.jpeg (426 KB)

Olduqca da izdihamlı bir məkan. Bura gələndə gözünüzə dəyən ilk şey kilsənin qabağında smokin geyinmiş, əllərində broşürlərlə sizə klassik musiqi konsert bilerləti satmağa çalışanlardır. Bundan başqa, kilsənin dərhal yanından şəhər turu gerçəkləşdirən faytonlar da tapmaq mümkündür.

FAYTON.jpeg (424 KB)

Maraqlandım: yarım saatlıq turun qiyməti 80 avro idi. Səyahətə birgə çıxdığım qızım faytonla ancaq ərəblərin, pullu və heyvan haqlarını heçə sayan bəzi kəsimin səyahət etdiyini bildirib, bu arzumu gözümdə qoydu. Əslində sonradan özüm də düşündüm ki, 80 avroya (142 manata) yarım saatlıq tur gerçəkdən də burjuaziya işidir. Amma biz bunu heyvan haqlarına sayğı adı ilə ümumiləşdirib, bu qərarımıza da heyvan sevgisi donu geyindirib yola davam etdik.

HƏR YERDƏ SƏNƏT, MUZEY, OPERA, HEYKƏL – ŞOPPİNQ SEVDALILARI GÖZÜNÜ YUMSUN!

Vyanada sənətə çox önəm verilir. Şəhərin hər yerindən musiqi səsləri yüksəlir. Hər yerdə muzey, sənət qalereyası, Dövlət Opera Binasının önündəki böyük ekranda bir opera göstərilir və qarşısındakı platformada onu izləmək üçün yer tapmaq çətin olur. Avropanın hər yerində olduğu kimi, Vyanada da velosipeddən çox istifadə edilir. Şəhərin bir çox yerində CityBike nöqtələri var. Buralardan bank kartı ilə velosiped kirayələyib, sonra təhvil verə bilərsiz. Üstəgəl, veloisipedi kirayələdiyiniz ilk saat havayıdır. Şəhərdə isə velosiped yolları möhtəşəmdir.

Yuxarıda da qeyd etdim ki, Vyana muzeylər şəhəridir. İncəsənətlə maraqlanırsızsa, rəssamlıq maraq dairənizdədirsə, bir neçə gününüzü məhz bu sərgilərə, saraylara ayırın. Biz səfər zamanı Belvedere Sarayına gedə bildik. Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saray. Barokko üslubunda tikilib. Belveder sarayı, 1668-1745-ci illərdə Savoy şəhzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilib. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşirlər. Saray hazırda muzey kimi istifadə olunur.

Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.

STALİNDİ, HİTLERDİ, MƏNƏM – CAFE CENTRALDA UZUN-UZADI NÖVBƏLƏR...

Vyanaya gəlib, nə yeyib-içəcəyinizə qərar verməmisizsə, əmin olun ki, bura gəlib, Vyana şnitseli yeməmək, Vyana şirniyyatlarının məşhur olduğu Cental Cafeyə girməmək cinayətə bərabər sayılır. Biz Vyananın ən məşhur şinitsel restoranına gedib, qapıda 1 saat gözləyəndən sonra içəridə özümüzə yer tapdıq.

SOKOLAD.jpeg (341 KB)

Vyanada məşhur olan 2 şeydən bəhs etmək istəyirəm. Birincisi, Vyanada gəzərkən qarşısınıza bol-bol çıxacaq Mozart Şokaladlarıdı. Dadına baxmalı olduğunuz bir başqa dad isə Mammer Qofretləridir.

Café Centralın qarşısındakı uzun insan növbəsinin fotosuna isə ayrıca baxa bilərsiz. Burda boş masa tapmaq üçün ən azı 1.5 saatınızı növbədə keçirməlisiz.

SENTRAL.jpeg (348 KB)

Amma etiraf edim ki, uzun növbələr ora daxil olmağa dəyir. Fərqli və təkrarsız dadlar.

1876-cı ildə açılmış Cafe Central. Kafenin müştəriləri kimlər olmayıb? Lenin, Stalin, Trotski, Ziqmund Freyd, Stefan Şveyq, Tito, hətta Adolf Hitler. Bəlkə də süni yaradılmış bir hekayədir, əfsanədir – hər halda işə yarayır. Zamanında Stalinin oturduğu masada cappuccino ilə tiramisu yemək… Havalı səslənir… Bir sözlə, Lenindi, Stalindi, mənəm… Qiymətlər də əl yandırmır. Vallah, Bakının mərkəzindəki Central Kafedəki qiymətlər burdakından daha bahadır. İnanın səmimiyyətimə, şişirtmirəm.

Yeni Vyana kəşf etmədim təbii ki. Sadəcə insan ayağını ölkədən kənara qoyan kimi çox şey gözündə daha gözəl görünür. Məsələn, ictimai nəqliyyatın necə dəqiq işləməsi, hər şeyin insanlar üçün necə əlçatan olması… Bir sözlə, Avropada hər şeyin insanlar üçün olması fikri ciddi bir kədər yaradır. Niyə kədər? Çünki sən burda qonaqsan… Səni öz ölkəndə boğuşmalı olduğun çoxsaylı problemlər gözləyir…

Sevinc TELMANQIZI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR