Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Qubanın mərkəzindəki heykəltəraşlıq nümunələrindən, küçələrində rast gəldiyimiz səssiz gözəlliklərdən danışmışdıq. Bu dəfə isə bir az daha dərinlərə enəcək, tarixə baş vuracağıq. Amma ondan əvvəl Qubanın ən fərqli təbiət-sosial simvollarından birinin – Qudyalçayın hekayəsinə toxunmamaq olmaz.
Qubanın mərkəzində, Nizami parkının ətrafında iri pilləkənlər bizi aşağı, təbiətin qoynuna – Tağlı körpüyə aparır. Qudyalçayın üzərində salınan bu körpü nəinki iki sahili, həm də iki milləti, iki dini, iki fərqli yaşam tərzini birləşdirir – Quba ilə Qırmızı Qəsəbəni. Körpüdə dayandığınız anda sağ tərəfdə Quba, sol tərəfdə isə dünyanın yeganə yalnız dağ yəhudilərindən ibarət yaşayış məskəni – Qırmızı Qəsəbə görünür. Qudyalçay bu iki məkanı yalnız ayırmır, eyni zamanda birləşdirir – təbiətin və tolerantlığın sükut içindəki dili ilə.
Sağda məscidin minarəsi, solda sinaqoqun damı…
Sanki tarix və din öz dualarını bu çayla birgə göyə yüksəldir. Quba öz sadəliyi, kasıblığı və zəhmətkeş insanları ilə diqqət çəkir. Qırmızı Qəsəbə isə əksinə – dəbdəbəli evləri, bəzəkli memarlığı ilə “zadəgan məhəlləsi” təəssüratı yaradır. Sanki hər kərpicdə başqa bir hekayə var.
Körpünün qəsəbəyə açılan hissəsində yalnız piyadaların keçə biləcəyi baryerlər qoyulub. Bu maneələri keçərək Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adını daşıyan küçə ilə üzüyuxarı qalxırıq. Hündür, zinətli evlər bizi qarşılayır. Qəsəbə sanki bir var-dövlət səssizliyi içindədir. Heç bir insana rast gəlmirik. Qəsəbə var, amma yaşayış yox. Yerli sakinlərin dediyinə görə, bu evlərin çoxunun sahibləri burada yaşamır. Azərbaycan əsilli milyarder Qod Nisanovun da ata yurdu bir az irəlidədir.
Qəsəbənin tarixi isə Quba xanlığının dönəminə gedib çıxır. XVIII əsrdə Fətəli xanın dövründə burada yəhudilərə xüsusi status verilmiş, torpaq sahələri ayrılmış və dini azadlıqları tanınmışdı. Onlar da bu torpaqlara sadiq qalmış, Qubanın dini, etnik mozaikasında öz yerini tutmuşdular. Qırmızı Qəsəbə bu gün də multikulturalizmin canlı simvollarından biridir.
Lakin zənginliklə tənha küçələr arasında qəribə bir dissonans var. Yaşıllıqlar gözə dəymir, təkcə bahalı daşlar, səssiz evlər və nostalji dolu bir hava. Dəbdəbənin içində qəribə bir soyuqluq var. Bir az ürəyimiz sıxılır bu sakitlikdən və çəkilirik – bu dəfə tarixə, Qubanın yaddaşına doğru yol alırıq.
Tarixlə üz-üzə: Quba Tarix-Diyarşünaslıq Muzeyi
Şəhərin mərkəzində yerləşən Quba Tarix-Diyarşünaslıq Muzeyi bizi zamanın müxtəlif qatlarına aparır. Muzeyə daxil olduğumuz anda ilk nəzərimizi çəkən bayraqlardır – yalnız rəng və parça deyil, bir dövrün ruhunu daşıyan simvollar. Midiya, Böyük Səlcuq, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər... Sanki bu bayraqların altında tarix öz addımlarını atır, səssiz şəkildə “xoş gəlmisiniz” deyir.
Muzeyin binası özü də tarixdir. XX əsrin əvvəllərində tikilmiş bu bina 2014-cü ildə tamamilə bərpa olunub, müasir muzey standartlarına uyğunlaşdırılıb. Ümumi sahəsi 1620 kvadratmetrə çatan muzeydə 3000-dən çox eksponat qorunur. Burada tapılan eksponatlar arasında eramızdan əvvəl I minilliyə aid saxsı küp, dağ otlarından hazırlanan məlhəmlər üçün istifadə olunmuş daş qazan, 11-ci əsrə aid saxsı cam, 14-cü əsrdən qalmış kəşkül, Alban dövrünə aid maddi-mədəniyyət nümunələri var. Hər biri Qubanın qədim yaşayış məskəni olduğunu sübut edən canlı izlərdir. Quba Tarix –Diyarşünaslıq Muzeyində qorunan nadir ekspanatlardan biri kəşküldür. Əsl sənətkarlıq nümunəsi olan bu Kəşkül 14-cü əsrə aiddir. Xüsusi guşədə isə Quba xanlığı dövrünə aid silahlar, mis qablar, xalq sənətkarlığı nümunələri, xalçaçılıq alətləri, milli geyimlər və bəzək əşyaları yer alır. Qubalı qadınların əlləri ilə toxunmuş xalçalar bu sərgidə elə canlı görünür ki, sanki hər ilmədə bir nəfəs var.
Amma ən təsirlisi... 1918-ci il Quba soyqırımına həsr olunmuş bölmədir. Ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin izlərini burada fotolarda, sənədlərdə, şahid ifadələrində görmək olur. Hər eksponat, hər şəkil həmin faciənin səsini qışqırmadan danışır.
Sovet dövrü guşəsi, müstəqillik illəri, 2015-ci ildə Qubaya gətirilmiş Avropa Oyunları məşəli, hətta qədim inanclarda odla fala baxmaq üçün istifadə olunan daş qazan da burada yerini alıb. Tarixə sayğı buranın hər daşında duyulur.
Muzeydə bizi müşayiət edən bələdçi deyir:
“Bu muzey sadəcə keçmişin tozlu xatirələri deyil. Hər eksponat öz dövrünün güzgüsüdür. Quba tarix boyu mədəniyyətin, sənətkarlığın, tolerantlığın məkanı olub”.
Quba — yalnız tarix və təbiət baxımından zəngin deyil, həm də mədəni irsi, əl sənətləri, kulinariyası ilə Azərbaycanın nadir bölgələrindən biridir. Bu diyar həm qədim xalçaçılıq məktəbi, həm Alban dövrünə gedib çıxan mədəni irsi, həm də unudulmaz dadları ilə tanınır: qat-qat şəkərbura, Quba paxlavası, qızılgül mürəbbəsi, ballı şirniyyatlar bu torpağın ağız dadıdır. Amma təəssüf ki, bu mədəni sərvətlər şəhərin mərkəzində turistlər üçün yetərincə təqdim olunmur.
Biz bu zənginliyi muzeylərdə, sənət guşələrində, evlərin içində, insanların yaddaşında gördük – amma küçələrdə, meydanlarda, hotellərdə bunun əksini tapmadıq. Qubada olduğumuz müddətdə nə tarixi yerlərə istiqamət göstərən lövhələr, nə də əraziyə xas suvenirlərin satıldığı ixtisaslaşmış mağazalar gözə dəydi. Eləcə də, yerli mətbəxin simvolları olan Quba paxlavası, şəkərbura kimi şirniyyatlar hotel menyularında belə yer almırdı.
Halbuki biz Türkiyədə və başqa ölkələrdə olarkən hər hansı bir bölgənin ən sadə küçəsində belə turistlər üçün məkanın kimliyini tanıdan lövhələr, xarakterik qida və əşya satışı, multidilli broşürlər, hətta fotozonalar ilə qarşılaşırıq. Bu həm mədəniyyətin təbliği, həm də iqtisadi gəlir baxımından vacibdir.
Quba Azərbaycanın ən gözəl guşələrindən biridir. Amma bu gözəllik turistin qarşısına çıxarılmadıqca onun dəyəri yalnız daxili xatirələrlə məhdudlaşacaq. Bu səbəbdən də yerli icra orqanlarının, Turizm Agentliyinin və Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti ilə bölgədə “tarix və mədəniyyət marşrutları” formalaşdırılmalı, yerli məhsullar tanıdılmalı və satış mədəniyyəti inkişaf etdirilməlidir. Çünki tarix – yalnız qorunmalı deyil, həm də göstərilməlidir.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ