Onlayn ictimai-siyasi qəzet
Deputat Əziz Ələkbərli Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən zaman bildirib ki, bu, ərazilərimizin 30 illik işğaldan azad olunmasından sonrakı 5-ci dövlət büdcəsidir.
Musavat.com xəbər verir ki, deputat qeyd edib:
“Bu büdcələri bir-biri ilə müqayisə etdikcə, ilbəil qazandığımız uğurlara görə qürur keçiririk. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi, cənab Prezident İlham Əliyevin dövlət idarəçilik bacarığının sübutudur”.
Əziz Ələkbərli bildirib ki, büdcə sənədinin qəbuluna səs verəcək:
“Amma nəzərə alsaq ki, elmin, texnologiyanın sürətlə inkişaf etdiyi və insanların tələbatlarının günbəgün artdığı bir dövrdə yaşayırıq və buna onu da əlavə etsək ki, artıq biz qalib dövlətin qalib vətəndaşlarıyıq və buna uyğun da daha yaxşı təhsil müəssisələrində oxumaq, daha çox maaşı olan iş yerlərində işləmək və daha yaxşı yaşamaq istəyirik, onda biz millət vəkillərinin çıxışlarımızda bəzi təklif və tələblər irəli sürməyimiz də gərək hökumət nümayəndələri tərəfindən normal qarşılansın. Mən hər şeydən əvvəl hörmətli baş nazirimizin, hökumət nümayəndələrinin burada olmasından istifadə edərək, son iki il ərzində Azərbaycan dövlətinin və millətinin ümummilli hədəflərindən olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrasına verdikləri hərtərəfli dəstəyə görə möhtərəm Prezidentimiz başda olmaqla, bütün dövlət və hökumət rəsmilərinə, strukturlarına, Milli Məclisin rəhbərliyinə Qərbi Azərbaycan İcması adından öz dərin təşəkkürümü bildirirəm. Bu dəstək sayəsində bu gün artıq heç kəs şübhə etmir ki, tarixi ədalət mütləq öz yerini tapacaq və qərbi azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar”.
Deputat 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını xüsusilə dəstəklədiyini də deyib:
“Çünki nəinki 200 illik tarixi təcrübə, son 30 ilin və 44 günlük müharibədən sonrakı son 4 ilin dərsləri, hətta Ermənistan rəhbərliyinin son aylardakı və son günlərdəki bütün hərəkətləri sübut edir ki, onlar toplum və dövlət olaraq region ölkələrinə qarşı ərazi iddialarından heç vaxt əl çəkməyiblər və əl çəkən də deyillər, sülh sazişi ilə bağlı danışıqlar isə onlara silahlanmaqdan və növbəti müharibəyə hazırlaşmaqdan ötrü vaxt qazanmaq üçün lazımdır. Ona görə də qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı da məhz Azərbaycan dövlətinin və Azərbaycan ordusunun daha da güclənməsinə bağlıdır. Yəni ermənilərin başı üstündə həmişə dəmir yumruq olmalıdır. Bunu onların antropologiyası, baş quruluşlarının braxikefal, yəni yastıbaş olması da təsdiq edir”.
Əziz Ələkbərli ardınca deputatı olduğu Saatlı rayonu sakinlərinin bir xahişini də baş nazirin diqqətinə çatdırıb:
“Saatlı rayonun aran bölgəsində yerləşir və bir sıra təbii-coğrafi çətinliklərlə üz-üzədir. Məsələn, əhali suvarma suyu sarıdan əziyyət çəkir – amma bu, ötüşər, kəndlərin bir hissəsi hələ də içməli suyu arxdan, kanaldan götürür – bunu da müvəqqəti ötüşdürmək olar, Saatlı rayonunda istehsal müəssisələri yox dərəcəsindədir və iş yerləri məhduddur – hələlik bu da ötüşər. Amma Saatlı rayonu kəndlərinin hər dörddə birinin qazı yoxdur – bunu heç cür ötüşdürmək olmur. Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram, lakin heç bir hərəkət yoxdur. SOCAR-ın prezidentinin məsələ ilə bağlı bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonunun qazsız 11 kəndindən ancaq 1 kəndinə qaz çəkilə bilər, digər 10 kəndə isə 2030-cu ilə qədər qaz çəkilməyəcək.
Səbəb də odur ki, Saatlının qazsız kəndləri də daxil olmaqla, 1 yanvar 2025-ci il tarixinə ölkə ərazisində qazla təmin olunmayan 899 kəndə qaz çəkilişi iqtisadi cəhətdən səmərəsizdir. Əvvəla, başqa rayonları deyə bilmərəm, amma Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, tam düzənlik ərazidir, qaz magistral xətləri bəzi qazsız kəndlərin lap qırağından keçir. Belə olan surətdə bu kəndlərə qaz çəkilişi hansı əsasa görə “iqtisadi cəhətdən səmərəsiz” sayılır? İkincisi, cənab Prezidentin xüsusi qayğı və diqqəti ilə dövlət büdcəsinin önəmli bir hissəsinin sosial sahəyə yönəldildiyi bir ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması nə vaxtdan iqtisadi səmərə ilə ölçülür? Xahiş edirəm, bu məsələ diqqət mərkəzində saxlansın və mən də gələn il büdcə müzakirəsində bu məsələni 4-cü dəfə qaldırmaq məcburiyyətində qalmayım”.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ