Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən böyük enerji şirkətlərindən biri olan ExxonMobil 2050-ci ilə qədər qlobal neft tələbinin indiki səviyyədə qalacağını gözləyir.
Musavat.com xəbər verir ki, bu, şirkətin yeni açıqladığı illik proqnozunda əksini tapıb.
Şirkət analitikləri hesab edirlər ki, neftə olan tələb sutkada 100 milyon bareldən yuxarı qalacaq. Şirkət qeyd edir ki, minik avtomobilləri üçün benzin istehsalında neft istehlakı 2050-ci ilə qədər azalacaq, lakin bu sektor xammala olan ümumi tələbin kifayət qədər kiçik bir hissəsini təşkil edir: “Neftin əsas hissəsi istehsal sektorunda, o cümlədən istehsalat və kimya sənayesində, eləcə də nəqliyyat sektorunda - gəmiçilik, ağır yükdaşıma və aviasiyada istifadə olunur və istifadə olunacaq”.
ExxonMobil qlobal enerji istehlakının 2050-ci ilə qədər hazırkı səviyyələrdən 15 faiz artacağını proqnozlaşdırır. Şirkət bu tələbatın ödənilməsində neft və təbii qazla yanaşı, bərpa olunan enerjinin də mühüm rol oynayacağını gözləyir.
İnkişaf etməkdə olan ölkələrdə enerji istehlakının 2050-ci ilə qədər 25 faiz artacağı, inkişaf etmiş ölkələrdə isə 10 faizdən çox azalacağı gözlənilir.
Qlobal istixana qazları emissiyaları yalnız 2030-cu ildən etibarən azalmağa başlayacaq. 2050-ci ilə qədər emissiyalar 25 faiz azalacaq.
ExxonMobil qeyd edir ki, emissiyaların azaldılması bərpa olunan enerji sektorunun inkişafı, CO2 tutma texnologiyaları, həmçinin hidrogen və bioyanacaqdan daha aktiv istifadə ilə mümkün olacaq.
Beynəlxalq Enerji Agentliyinin (IEA) ötənilki proqnozuna görə, 2050-ci ilə qədər gündəlik qlobal neft tələbatı 54,8 milyon barelədək azalacaq.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ