Onlayn ictimai-siyasi qəzet
"Hazırda öz evimizdəyik, gedəsi yerimiz yoxdur. Buna görə də çıxmamışıq".
Bunu Musavat.com-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.
O bildirib ki, evinin birinci və ikinci mərtəbəsinin aynabəndləri uçurulub: "Ətrafdakı bütün evlər sökülüb. Əvvəlcədən bizə heç bir xəbərdarlıq edilməyib və danışıqlara gedilməyib.
"Melissa Park" tikinti şirkəti məhkəməyə müraciət etmişdi. Ötən ilin dekabrın 24- də məhkəmədən bizə gələn bildiriş məktubunda qeyd edilirdi ki, 10 gün ərzində evi boşaldaq, əks halda mülkiyyət hüququmuz ləğv ediləcək. Bizə 173 min manat kompensasiya təklif edilirdi. Məktubun üstündə ev sahibi oğlum, içində isə Məlahət Hacıyeva adlı tanımadığımız şəxs göstərilmişdi.
Oğlum həmin gün məktubu təkzib edərək geri göndərdi.
Şirkətin 3 nəfərlik nümayəndəsi də bizim yanımıza gəlmişdi. Onlardan biri Tural Vəliyev idi.O, özünü alqı- satqı rəhbəri kimi təqdim etdi. Digər ikisi isə mühəndis idi. Onlar evin ərazisini ölçdülər. Mənzilin ölçüsünün böyük olduğunu görəndə "Biz bu cür böyük gözləmirdik"- deyib getdilər. Bizim şirkət nümayəndələri ilə danışıqlarımız bundan ibarət oldu".
E. Hacıyeva deyir ki, həmin vaxtdan bu yana hər gün vətəndaşın evinə hücum olurmuş: "Bizim birinci mərtəbə ilə əlaqəmiz tamami ilə kəsilmişdi. Zirzəmidən istifadə edə bilmirdik. Evin ətrafını uçurmuşdular. Biz hüquq-mühafizə orqanlarına müraciət etdik. Bundan sonra şirkətin işçiləri aqressivləşib daha pis şəkildə hücuma keçdilər. Bu gün isə 10: 30- da evimizin aynabəndlərini uçuranda mən, bacım və oğlum yaralandıq. Bütün bu hadisələr "Melissa Park" şirkətinin işçilərinin gözü qarşısında baş verirdi, onlar bizə baxıb gülürdülər".
E. Hacıyeva deyir ki, hücumlar planlı şəkildə edilib: "Dünən axşam saat 7 - nin yarısında saqqalı və maskalı şəxs traktoru evin sol tərəfində saxladı. Mən başa düşdüm ki, onların planı var. Gecə 4- ə kimi yatmadıq, nəvəmi evdən çıxardıq. Saat 4-də işığı kəsdilər, eyni zamanda kanalizasiya sistemini dağıtdılar. Martın 24-də isə su xəttimizi kəsmişdilər".
@@TVmusavat/111664@@
Hadisə ilə bağlı əvvəlki yazımızda: https://musavat.com/news/vetendasin-evini-ucuran-sirketin-icazesi-yox-imis-resmi_1156151.html
Şahanə Rəhimli
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ