İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı Ankaradan yardım çağırışı etdi: Müalicə ağır gedir, Türkiyədə qalmaq üçün vəkil axtarır

“Əziz millətim, vəziyyət çox ciddidir” – Xural TV rəhbərinin Ankaradan verdiyi təsirli mesaj

Musavat.com xəbər verir ki, “Xural” TV-nin təsisçisi və rəhbəri Əvəz Zeynallı Ankarada müalicə aldığı klinikadan cəmiyyətə açıq müraciət ünvanlayıb. O, sosial şəbəkə üzərindən yayımladığı müraciətində həm sağlamlıq durumu ilə bağlı ciddi xəbərdarlıq edir, həm də hüquqi yardım çağırışı edir.

Əvəz Zeynallı bildirir ki, müalicə prosesi artıq tam sürətlə başlayıb və analizlər yekunlaşdıqdan sonra həkimlər “saldırıya keçib”, yəni əsas müalicə mərhələsinə keçiblər. Lakin bu mərhələnin çox ağır və bahalı olması tanınmış jurnalist üçün həm fiziki, həm də maddi baxımdan dözülməz səviyyəyə çatıb:

“Əziz Millətim, vəziyyət çox ciddidir. Düşünmədiyim, təxmin etmədiyim qədər. Müalicə prosedurları bizim ağlımıza gəlməyəcək dərəcədə bahalıdır. Heç bilmirəm sonu nə olacaq? Bu yükün altından çıxa biləcəyikmi?”

Viza problemi: 90 gün bitmək üzrədir

Əvəz Zeynallı daha bir mühüm məqama diqqət çəkir: Türkiyədə qalmaq hüququ ilə bağlı ciddi çətinlik yaranıb. Belə ki, o, müalicə məqsədilə “oturma izni” almaq istəyir, lakin yeni qaydalar bu prosesi demək olar ki, mümkünsüz edib:

“Türkiyədə “oturma izni”ni çox sərtləşdiriblər. Demək olar ki, mümkünsüz ediblər. Biz “xəstəlik və müalicə” səbəbilə oturum almağı düşünürük. Prosedurlar və tələb olunan sənədlər o qədər çox və mürəkkəbdir ki, bunu bu halımla həll etməyim mümkünsüzdür.”

Ankarada və ya İstanbulda vəkil axtarışı

Zeynallı çağırışının sonunda Türkiyədə – xüsusilə Ankarada və ya İstanbulda ona yardım edə biləcək vəkillərə müraciət edir. Əks halda, 90 günlük viza müddəti başa çatdıqdan sonra ölkədən çıxmağa məcbur qalacağını və bu səbəblə müalicəsinin də yarımçıq qalacağını bildirir:

“Vəkil lazım. Burada - Ankarada, İstanbulda bizə yardım edəcək bir vəkil varmı? Əks halda, 90 gün tamamlanacaq və mən Türkiyədə qala bilməyəcəyəm. Bu da işimizi çoox çətinləşdirəcək.”

Cəmiyyətə və dostlara çağırış

Əvəz Zeynallının bu müraciəti ictimaiyyətin və hüquqşünasların diqqətinə çatdırılıb. Müalicə və yaşayış hüququ məsələsində yardıma ehtiyac duyan tanınmış jurnalist, prosesin gedişindən və nəticəsindən narahatdır. O, müraciətini bu sözlərlə tamamlayır:

“Buralarda vəkillərimizdən kim var? Bax belə… Allaha əmanət olun!”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR