Onlayn ictimai-siyasi qəzet
“Exit-poll”un nəticələrinə əsasən, dünən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyev 93,9 faiz, Qarabağda isə demək olar ki, 100 faiz səs qazanıb.
“Report” xəbər verir ki, bu barədə “Euronews” saytındakı materialda deyilir.
Qeyd edilib ki, bu, Azərbaycanın əvvəllər işğal olunmuş bütün torpaqlarını azad edib, ölkənin bütün suveren ərazisini tam nəzarətə götürməsindən sonra keçirilən ilk seçkilərdir: “Seçki komissiyası nümayəndələrinin sözlərinə görə, seçkidə fəallıq yüksək olub və səsvermənin ilk doqquz saatında səsvermə hüququna malik olanların 70 faizindən çoxu səs verib. Qarabağın tam azad edilməsi və müharibədə qazanılan qələbə hazırkı prezidentə ictimai dəstəyin səviyyəsini xeyli artırdı”.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində qeyd edib ki, müharibə başa çatdıqdan və ərazi bütövlüyü təmin edildikdən sonra ölkə öz inkişafının yeni mərhələsinə qədəm qoyur: “İndi bizim işğaldan azad edilmiş ərazilərin sülh yolu ilə transformasiyası üçün tarixi şansımız var və son məqsədimiz Ermənistanla sülh sazişi imzalamaq, onunla münasibətləri normallaşdırmaqdır. Bu, bütün Cənubi Qafqaz regionunun transformasiyasına daha da böyük təsir göstərəcək”.
Onun sözlərinə görə, seçkilərdən sonra Azərbaycan daha da iqtisadi, sosial və siyasi inkişaf dövrünə qədəm qoyur: “Daha da dinc inkişafın təmin edilməsi hökumət və xalq üçün prioritet məsələyə çevrilir və ölkə qarşısında yeni iddialı məqsədlər, arzular dayanır”.
O da qeyd edilib ki, Qarabağ və ona bitişik ərazilər Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrin nəzarətinə keçib: “Azərbaycan 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəslə başa çatan altı həftəlik müharibədə Qarabağın bir hissəsini və əvvəllər işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytarıb. 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal antiterror tədbirləri ilə rəsmi Bakı separatçı qüvvələri məğlub edərək, onları silahı yerə qoymağa məcbur edib. Separatçıların məğlubiyyətindən sonra 100 mindən çox etnik erməni bölgəni tərk edib”.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ